Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı bu saatlarda Bakıda yürüş-mitinq keçirilir. Modern.az saytının məlumatına görə, aksiyanı Azərbaycan hökuməti təşkil edib.
Yürüş Bakının ən böyük meydanı – Azadlıq meydanından start götürüb. Aksiyada hökumət nümayəndələri, deputatlar, jurnalistlər, QHT təmsilçiləri və ictimaiyyət iştirak edir.
Yürüşə Azərbaycan prezidenti İlham Əliyev də qatılıb.
Yürüş metronun “Xətai” stansıyası yaxınlığında yerləşən Xocalı abidəsini ziyarətlə başa çatacaq.
Yürüş iştirakçılarının əllərində "Xocalı soyqırımını unutma!", "Xocalıya Ədalət!" və digər şüarlar var. Yürüş matəm musiqisilə müşayiət olunur.
Yürüşlə əlaqədar saat 7:30-dan Azneft dairəsindən Xətai prospektinədək avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
***
Xocalı soyqırımı qurbanlarının abidəsi önünə insan axını davam edir. Yüz minlərlə insan soyqırımı abidəsini ziyarət edir. Abidənin önünə tər çiçəklər qoyulur, şəhidlərin ruhuna dualar oxunur.
***
Yürüş başa çatsa da, hazırda çoxsaylı insanların abidəni ziyarət etməsi davam edir.
Modern.az