Modern.az

İndiki oğlanlar belə qızları bəyənmirlər – SORĞU

İndiki oğlanlar belə qızları bəyənmirlər – SORĞU

28 Fevral 2012, 13:21

Modern.az saytının əməkdaşı oğlanlardan qızların indiki geyim üslubuna münasibət öyrənib...

Təfəkkür Universitetinin tələbəsi Elkin Xəlilov:

- Ümumiyyətlə qızların geyimi normaldır. Qızlarda bir sərbəstlik var. İstədikləri rəngdə və üslubda geyinməkdən çəkinmirlər. Amma bu normallığın içində bir anormallıq da var. Belə ki, bəzi qızlar sadə geyimdən çox dəbdəbəli geyimə üstünlük verirlər. Gündəlik həyatda dikdaban ayaqqabılara, rahat olmayan paltarlara üstünlük verirlər. Amma Avropaya baxdıqda bu cür geyimə rast gəlmək olmur. İnsanlar gündəlik həyatda sadə və rahat geyimə üstünlük verirlər. Bir sözlə, hər şeydə olduğu kimi geyim üslubumuz da dəyişməlidir.

Bakı Dövlət Universitetinin tələbəsi Vasif Qarayev :

- Məni indiki qızların geyimi ciddi narahat etmir. Amma qızları geyimlərinə görə müəyyən kateqoriyalara bölmək olar. Rahatlığını fikirləşib sadə idman üslubundan geyinən qızlar və qlamur qızlar. Qlamur qızların geyimində dikdaban ayaqqabı, brend paltarlar geyinmək əsas şərtdir. Hətta əsl qlamur qız üçün alt paltarının da brend olması şərtdir. Bir də var özünü heç bir geyim üslubunda tapa bilməyən qızlar. İdman üslubunda geyinirlər, amma çox zövqsüz olur. Arada qlamurluğa iddiaları qalxır və bu da çox zövqsüz alınır. Sonuncular cəmiyyətimizdə üstünlük təşkil edir. Geyindiklərinin zövqsüz olmasından əlavə saxta markalar olması da əsas faktordu. Yəni ucuz qiymətə hansısa ucuz brenddən geyinə biləcəkləri halda, əyinlərinə çox iyrənc görsənən saxta “Dolce Gabanna” və “Gucci” markalı paltarlar geyinirlər. Bunlarla bərabər istifadə etdikləri ətirlər də saxtadır.

Azərbaycan Kooperasiya Universitetinin tələbəsi Təbriz Önər:

- Qızlar əvvəlki vaxtlara nisbətən indi daha zövqlü geyinirlər, amma yenə də nə isə çatışmır. Şəhərdə gəzəndə fərqli sifətdə amma eyni geyimdə qızlar görürsən. Elə bil bir-birlərinə baxıb geyinirlər. Bir az da dəblə və zövqlə geyinsələr, daha yaxşı olar. İndi vəziyyət nisbətən yaxşıdı. Əvvəllər çox qapanırdılar. Mən də şəxsən bu qapanmaya qarşıyam.

Sankt-Peterburq Tibb Kollecinin tələbəsi Rövşən Bəyov:

- İndiki qızların geyimi məni qane etmir. Azərbaycanlı, müsəlman olmağımıza baxmayaraq, 70% qızlar açıq-saçıq geyinirlər. Bilinmir axı bunu nədən edirlər. Avropalaşmaq, müasirləşmək istəyirik, lakin qeyrəti də fikirləşmək lazımdır. Tariximizi fikirləşəndə təkcə tarix kitabını axtarmaq yox, papaq deyilən məfhumu da fikirləşmək lazımdır. Hansı əsrdə yaşasaq da, o papaq yerə düşməli deyil. Heç də geri fikirli birisi deyiləm və mentalitet söhbətinə də qayıtmaq istəmirəm. Mən çox narazıyam. Çünki qıraqdan bizim millətə baxanlar deyir ki, Azərbaycan qızları belə deyildi. Bir çox ölkələr bu məqamda  bizdən dərs götürürdü. İndi isə hamı bizi misal göstərir ki, bunun qızına bax, sonra da islamdan danışırlar. Ən azından sinənizin düyməsin bağlayın.

Gənc bloqqer İslam Şıxəli: 

- Azərbaycanda gənc qızların geyimi heç xoşuma gəlmir. Gənclik deyəndə rəngarəng pırıl-pırıl insanlar xəyalımıza gəlir. Lakin gənclərimizə  baxanda o rəngarəngliyi görmürük. Ən dəbli geyinənlər belə "qara"ya bürünür, gənc xanımlar xüsusilə rəngli geyinməlidilər. Çünki, kişilərdən fərqli olaraq onlar daha  gözəl görünmək istəyirlər. Daha demirəm ki, özlərini alabəzək edib yaman günə qoysunlar, amma dəbə uyğun rəngli geyinmək mümkündür. Hətta bu ucuz da başa gələ bilir.

Bakı Dövlət Universitetinin tələbəsi Abbas Əli:

- Kim nə geyinir, geyinsin, əgər yaraşırsa, bəyənirəm. Sadəcə məni əsəbləşdirən odur ki, qızlar həddindən artıq hündürdaban ayaqqabı geyinirlər. Bundan başqa, geyim həm yaraşmalı, həm də rahat olmalıdır. Gözəl, fərqli görünmək üçün narahat paltar geyinib, özünü rahat hiss etmiyəcəksənsə, tez-tez oranı-buranı düzəldəcəksənsə, o paltarı niyə geyindin?

“Gələcək” İctimai Birliyinin sədri Cavid Nəbiyev:

- Qızların geyimi məni o qədər də narahat etmir, öz işləridir, nə geyinirlər geyinsinlər. Amma əsas problem zövqsüzlükdür. Əksəriyyət qızlar çox zövqsüz geyinirlər. Guya dəblə geyinirlər, amma düşünmürlərki, dəbdə olan onlara yaraşmır. Demək olar ki, qızların çoxu özlərinə yaraşanı geyinmir.

Saç ustası Mehmet Oğün:

- Qızların geyimindən razı deyiləm. Guya hər kəs  avropalaşır. Avropa xalqı kimi geyinməyə çalışırlar. Amma özümüz olduqlarını unudurlar. Məni narahat edən tək problem budur.

Bakı Dövlət Universitetinin məzunu, gənc yazar Araz Bayramov:

- Düzü məni narahat edəcək elə problem görmürəm. Çoxluğun geyimində bir əksiklik görmürəm. Buna görə də bəyənirəm.




Sorğunu Anar Kəlbiyev keçirdi

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU