“ATƏT Parlament Assambleyasının (PA) qış sessiyasında Azərbaycan nümayəndə heyəti Xocalı faciəsi və Fransa Senatının məlum qərarı ilə bağlı adıçəkilən qurumun baş katibinə sual ünvanlayıb”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisdə təşkil olunan mətbuat konfransında ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, vitse-spiker Bahar Muradova deyib. O qeyd edib ki, nümayəndə heyəti Fransanın son addımının bu ölkənin Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasının üzərinə kölgə saldığını nəzərə çatdırıblar. Vitse-spiker nümayəndə heyətinin hələ yola düşməzdən 10-15 gün əvvəl Xocalı faciəsinin necə baş verməsi, günahkarların kimlər olması ilə bağlı materialları ATƏT PA-da təmsil olunan nümayəndə heyətlərinin hər birinə göndərdiklərini qeyd edib.
“Fransanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri bu ölkəyə ünvanlanan iradımıza cavab verməyə məcbur oldu. O qeyd etdi ki, bu qərar hələlik qüvvəyə minmiş qanun deyil.
ATƏT PA Baş katibinin cavabı isə ümumi oldu. O bizi keçmişə yox, gələcəyə baxmağa çağırdı”.
B.Muradova burada iki yanaşmanın özünü göstərdiyini bildirib.
“Qarabağ məsələsi, Xocalı soyqırımı ilə bağlı yanaşma ondan ibarət idi ki, biz ancaq irəli baxmalıyıq, keçmişə dönməməliyik. Qarşılıqlı razılaşmaya gəlməliyik.
Ancaq “erməni soyqırımı”na münasibətdə isə onların mövqeyi tamam başqa cür oldu. Onlar Türkiyəni 100 il bundan əvvəl baş vermiş hadisəni adekvat qiymətləndirməyə çağırdılar. Ona görə bizdən bu məsələlərdə daha ardıcıl olmaq tələb olunur ki, biz də bunu reallaşdırmağa çalışdıq”.
Vitse-spiker Siyasi komitənin iclasında da bu məsələlərin gündəmdə saxlandığını bildirib.
ATƏT PA-nın Dubrovnikdə keçirilən sessiyasında Qarabağ məsələsi müzakirə olunduğunu deyən bahar Muradova qeyd edib ki, orada Minsk qrupunun həmsədrləri də təmsil olunmuşdular. “Amma təəssüf ki, qış sessiyasının gündəliyinə təqdim olunan aralıq məruzəsində bu məsələ cəmi bir cümlə ilə ümumi şəkildə öz əksini tapıb. Bununla bağlı biz öz etirazlarımızı bəndlər üzrə məruzəçiyə çatdırdıq və bildirdik ki, Monakoda qəbul olunacaq qətnamədə Azərbaycan tərəfinin mövqeyi öz əksini tapıb, nəzərə alınmalıdır”.