Prezident İlham Əliyev keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədovun təltif edilməsi haqqında sərəncam imzalayıb.
Modern.az-ın məlumatına görə, sərəncamda deyilir ki, Azərbaycan Respublikasında təhsilin inkişafında xidmətlərinə görə Heydər Xanış oğlu Əsədov “Şöhrət” ordeni ilə təltif edilsin.
Qeyd edək ki, oktyabrın 24-də Heydər Əsədovun 60 yaşı tamam olub.
H.Əsədov hazırda Azərbaycan Dövlət Dəniz Akademiyasının rektorudur.
Heydər Əsədov 1959-cu il oktyabr ayının 24-də Qərbi Azərbaycanda anadan olub. 1978-ci ildə Bakı Sovet Ticarəti Texnikumunun mühasibat uçotu fakültəsini, 1983-cü ildə isə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirib.
1978-1984-cü illərdə İnstitutda oxuduğu illərdə fəhlə, mühasib, böyük mühasib, böyük təftişçi vəzifələrində çalışıb. 1983-1992-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim vəzifələrində işləyib, 1987-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək, iqtisad elmləri namizədi alimlik dərəcəsini alıb.
1992-1995-ci illərdə Türkiyənin Mərmərə Universitetinin doktorantı olub.
1995-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə maliyyə nazirinin müavini təyin edilib, 1996-2007-ci illərdə Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının Baş direktoru, maliyyə nazirinin müavini, 2007-2013-cü illərdə isə Hesablama Palatasının sədri vəzifələrində çalışıb.
22 oktyabr 2013-cü ildən 2018-ci ilin aprelinədək kənd təsərrüfatı naziri vəzifəsində çalışıb.
2011-ci ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub. 3 monoqrafiyanın və 30-dan çox elmi əsərin müəllifidir.
2019-cu ildə Prezidet İlham Əliyev Heydər Əsədovu "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edib.
Ailəlidir. Üç övladı var.