“Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının döyüş potensialı yeni silahlarla və hərbi texnika ilə təchiz olunandan sonra “ikiqat” gücləndiriləcək”.
Bunu hərbi bazanın komandiri, polkovnik Nikolay Martınyuk Rusiyanın müdafiə naziri Sergey Şoyquya məruzəsində bildirib. Bazanın maddi ehtiyatlar, texnika və silahlarla tam həcmdə təmin olunduğunu qeyd edən Rusiya Cənub Hərbi Dairəsinin qərargah rəisi Sergey Kuzovlev mövcud poliqon infrastrukturu şəraitində təlim də daxil olmaqla bütün növ döyüş hazırlıqları üçün əlverişli olduğunu diqqətə çatdırıb.
Sual olunur, hərbi bazanın gücləndirilməsində məqsəd nədir ? Bunun Azərbaycana nə kimi təsiri ola bilər ?
Məsələ ilə bağlı Modern.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirir ki, Gümrüdəki hərbi bazanın gücünün iki qat artırılması heç də xoş niyyətdən xəbər vermir.
“Ermənistan kimi heç bir hüquq və normaya əməl etməyən bir dövlətin ərazisində belə bir addımın atılmağı əlbəttə ki, xoşagələn hal deyil. Lakin bu məsələnin geniş miqyasda problem yaradacağının düşünmürəm. Çünki Azərbaycan öz təhlükəsizliyini təmin etmək üçün kifayət qədər gücə malikdir, silah, insan resursu baxımından Ermənistandan çəkinəsi durumda deyilik. Rusiyaya məxsus 102-ci bazanın 2049-cu ildədək Ermənistanda qalmağı haqqında tərəflər razılıq əldə ediblər. Lakin hər şey ola bilər. Bəlkə bir müddət sonra Ermənistanda elə bir şəxs tapıldı ki, məsələni gündəmə çıxarsın və bu müqaviləyə yenidən baxılsın. Hərçənd ki, Ermənistanda belə cəsarətli siyasətçi görmürəm, lakin hər şey ola bilər. Buna görə Gümrüdəki hərbi baza gücünü iki qat artırılması heç də xoş niyyətdən xəbər vermir. Sual olunur ki, Rusiya nədən narahatdır? Burada bir neçə faktor var. Gürcüstan faktoru, yəni Gürcüstanla gələcəkdə müəyyən haqq-hesab çəkmək və öz orbitinə qaytarmaq. Azərbaycana təzyiq vasitəsi kimi, baxın görün, indi dünyanın paradoksudur ki, SSRİ varisi hesab edilən Rusiyanın müdafiə naziri Şəhidlər xiyabanına gedərək MDB Müdafiə Nazirlər Şurasının iclasının iştirakçıları arasında bizim şəhidlərin məzarı üzərinə əklil qoyur. Bütün bu olanlar Rusiyanın Gürcüstan, Azərbaycan və Türkiyəyə psixoloji təsir etmək istəyindən irəli gəlir”.
Qeyd edək ki, 1995-ci ildə Rusiya tərəfindən yaradılan sözügedən baza Gümrüdə və Yerevanda yerləşən iki qarnizona malikdir.