Azərbaycanın ilk mobil rabitə operatoru olan “Bakcell” şirkətinin Yeni Azərbaycan Partiyası üzvlərinə ayrıca tarif paketi təklif etməsi narazılıq yaradıb.
Vətəndaş və İnkuişaf Partiyası bu gün “Bakcell”i öz abunəçiləri arasında ayrı-seçkiliyə yol verməkdə qınayaraq bəyanatla çıxış edib.
“Şirkət digər abunəçiləri ilə müqayisədə hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olan müştəriləri üçün fərqli və kifayət qədər əlverişli tarif müəyyənləşdirməklə, Azərbaycanın mövcud siyasi qüvvələrindən birinə rəğbətini açıq formada ifadə edib. “Bakcell”in əsasən, xarici kapitalla formaşdırıldığını və hal-hazırda qurumun rəhbərliyinin müxtəlif ölkələrin vətəndaşlarından ibarət olduğunu nəzərə alsaq, şirkətin bu addımı əcnəbilərin ölkədaxili siyasi proseslərdə təşviqedici fəaliyyəti kimi qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, Azərbaycanın müvafiq qanunvericiliyi xarici ölkə vətəndaşlarının daxili siyasi proseslərdə hər hansı formada iştirakını qadağan edir. Buna baxmayaraq, “Bakcell” şirkəti ölkə vətəndaşlarının siyasi seçiminə təsir sayılacaq qərar qəbul edərək, hakim partiyanın üzvlüyünü stimulaşdırmaq yolunu tutub”-deyə bəyanatda bildirilib.
Partiya “Bakcell” şirkətinin bu qərarı ölkədə normal rəqabət mühitinin olmamasından irəli gələn və hakim siyasi qüvvənin himayəsinin daha artıq dərəcədə təmin olunmasına yönəlik bir addım olaraq qiymətləndirib.
Vətəndaş və İnkişaf Partiyası (VİP) “Bakcell” şirkətinin qəbul etdiyi bu qərarı pisləyib və abunəçilər arasında siyasi mənsubiyyətə görə yol verilən ayrı-seçkiliyi Azərbaycanda istehlakçı hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirib.
“Bakcell”in bu qərarını yolverilməz siyasi təşviqetmə adlandıran VİP hakim Yeni Azərbaycan Partiyasını (YAP) şirkətin güzəştli tarif paketindən imtina etməyə çağırır. VİP, eyni zamanda, “Bakcell”in çoxsaylı abunəçilərinə üz tutaraq, onları fərqli kateqoriyalara bölən “Bakcell”lə əməkdaşlığı dayandırmağa səsləyib.
Xatırladaq ki, «Yeni Azərbaycan» qəzetində yerləşdirilən elana görə, “Bakcell” şirkətinin Yeni Azərbaycan Partiyası üzvlərinə təklif etdiyi tarif paketində YAP üzvləri üçün aylıq abunə haqqı 55 qəpik, ölkə daxili zənglərin 1 dəqiqəsi 5 qəpik, partiya üzvləri arasında danışığın qiyməti isə 2 qəpikdir. Digər abonentlər üçün isə standart paketdə bir dəqiqə danışığın qiyməti 8 qəpikdir.
Modern.az