Dövr dəyişdikcə insanlar daha az çəkili olmağa meyl göstərirlər. Bəziləri bu çarəni idman etməkdə, bəziləri isə dietoloq yanına getməkdə görürlər. Ancaq bu kimi hallar çəki atmaq üçün xeyli vaxt tələb etdiyini göstərir.
Müasir tibbin ən yüksək göstəricilərindən biri də bariatrik cərrahiyədir. Bu əməliyyatla insanlar qısa zamanda artıq çəkidən azad ola bilirlər. Lakin hər əməliyyat da uğurlu həyata keçirilmir. Elə insanlar var ki, deyinirlər ki, mədə kiçiltmə əməliyyatı elətdirəndən sonra mədəmdə ağrılar baş verir. Yaxud bu əməliyyatı elətdirsəm də, bir müddət keçəndən sonra yenidən kökəlməyə başladım.
Ümumiyyətlə bariatrik cərrahiyəni hər kəs elətdirə bilərmi? Bu əməliyyatın qiyməti nə qədərdir?
Cərrah Anar Namazov Modern.az-a bariatrik cərrahiyyə haqqında danışıb.
“Ümumiyyətlə tibdə bu əməliyyatlar bariatrik cərrahiyyə adlanır. Ancaq el arasında buna mədə kiçiltmə əməliyyatı deyirlər. Mədə kiçiltmənin adı mədənin boylama reflejsiyasiyası adlanır. Bu bariatrik əməliyyatlar arasında ən geniş yayılmış əməliyyatlardan hesab olunur. Artıq çəkidən əziyyət çəkən insanlar idman və yaxud dieta ilə arıqlamağa o qədər də nail ola bilmirlər. Bir neçə dəfə dietoloqun nəzarəti altında arıqlamağa nail ola bilməyən xəstələr, o zaman cərrahi metodla arıqlamağa baş vururlar. Bu zaman cərrahlar həmin xəstəni müvafiq analizlərdən keçirirlər, əgər əks göstərişi olursa əməliyyat aparılmır. Xəstə tam sağlamdırsa, bu zaman əməliyyat müəyyənləşdirilir. Əməliyyatlar laparoskopik yolla icra olunur. Əməliyyat müddəti təxminən 50-60 dəqiqəyə aparılır. Əməliyyatdan 3-4 saatdan sonra xəstə yeridilir və 3 gün həkim nəzarətində saxlanılır. Bir müddət xəstəyə dietoloqlar tərəfindən dieta planı üzrə yeməklər təyin olunur. Daha sonra xəstə normal həyatına qayıdır və arıqlamağa başlayır. Artıq arzuladığı çəkiyə sahib olur. Arıqladıqdan sonra təbii ki, yanaşı gedən xəstəliklər və problemlər də, yəni köklüyün əmələ gətirdiyi mənfi məqamlar aradan qaldırılır. Bununla da, xəstə həm sağlamlığını, eyni zamanda gələcəkdə baş verəcək hər hansı bir xəstəliyini əvvəlcədən profilaktika etmiş olur. Nəticədə xəstələr həmin xəstəliklərin müalicəsini bu yolla həyata keçirməyə nail olur”.
Anar Namazov bu əməliyyatda konkret yaş həddinin nə qədər olduğunu da vurğulayıb:
“Ümumiyyətlə həyatda hər şey şərti olaraq nisbidir. Təbii ki, bu əməliyyatda da müəyyən yaş həddi əsas götürülür. Şərti olaraq bu hədd 18-65 yaş arası götürülür. Elə xəstələrimiz olur ki, yaşı 65-dən yuxarıdır, sağlamlığında heç bir problemi olmur və biz onu əməliyyat edirik. Bir məqamı qeyd edim ki, yeniyetmə dövründə, təxminən 14 yaşından yuxarı uşaqları da əməliyyat etmək mümkün olur. Bununla bağlı müvafiq olaraq müayinələr aparılır və uşaqların bədən kütlə indeksi çəkildikdən sonra əməliyyata götürülür”.
Cərrah əməliyyat etdirənlərin içərisində xeyli məşhurların olduğunu da söyləyib:
“Təbii ki, bu elə bir əməliyyatdır ki, insanları çəkiləri ilə bağlı artıq kompleksdən azad etmiş olur. Əməliyyat etdirmək kateqoriyasına fərqi yoxdur, adi vətəndaşdan tutmuş məşhura qədər daxil ola bilər. Yəni istisna eləmək olmaz sənə olar, məşhura yox. Düşünürəm ki, hər bir insan üçün gözəl görünmək vacibdir. Mənim əməliyyat etdiyim xəstələr arasında, xeyli məşhur şəxslər də var. Bir həkim kimi məşhur şəxlərin mədə kiçiltmə əməliyyatı elətdirmələri barəsində ictimaiyyətə bildirməmək kimi bir haqlarının olduğunu düşünürəm. Bu normal və təbii haldır. Mən də bu konteksdən çıxış edərək, ad çəkməyi məqsədə uyğun hesab etmirəm”.
Anar Namazov bildirib ki, inkişaf etmiş ölkələrdə əməliyyatın xərci həmin ölkə vətəndaşlarının maddi vəziyyətinə və həyat şərtinə uyğun olur.
“Müqayisə üçün Rusiyada bu əməliyyatın qiyməti 8-12 min manat, Türkiyədə 10-18 min manatdır, Avropa və Amerikada isə çox yüksəkdir. Azərbaycanda əməliyyatın məbləği aşağıdır. Odur ki, bu sahədə digər ölkələrin qabaqcıl klinikaları ilə rəqabət aparan peşəkar cərrahi komandamız tərəfindən öz ölkəmizdə daha uyğun şərtlərdə xəstələr əməliyyat oluna bilərlər. Əməliyyatın konkret məbləğinə gəldikdə isə bu əməliyyat zamanı müdaxilədən asılı olaraq dəyişir”, - deyə bariatrik cərrah qeyd edib.