Bu gün Təhsil Nazirliyinin İqtisadiyyat şöbəsinin sabiq müdir müavini, şair Əli Kərimin oğlu Orxan Kərimovun məhkəməsinin hazırlıq iclası keçirilməli idi. Modern.az-ın məlumatına görə, Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə hazırlıq iclası baş tutmadığından, məhkəmə martın 12-ə təyin olunub.
Qeyd edək ki, Orxan Kərimov 2011-ci il iyunun 6-da həbs olunub. O, Bakı İstintaq Təcridxanasında saxlanır. Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə ) və 311-ci (rüşvət alma - passiv rüşvətxorluq) maddələri ilə ittiham olunan Orxan Kərimova qarşı 2012-ci ilin yanvarında külli miqdarda rüşvət alma və təkrar rüşvət alma bəndləri ilə yeni ittiham da irəli sürülüb.
Bir müddət öncə 10 deputat O.Kərimovun zaminə buraxılması üçün ölkə başçısına müraciət etmişdi. Bunlar Sabir Rüstəmxanlı, Fəzail İbrahimli, Musa Quliyev, Çingiz Qənizadə, Fazil Mustafa, İqbal Ağazadə, İlyas İsmayılov, Nizami Cəfərov, Aqil Abbas, Zahid Orucdur. Amma deputatların müraciəti cavabsız qalıb.
Modern.az