Modern.az

General-leytenant Çingiz Məmmədov: "Güman edirdim ki, Lənkəran Əliyev səhvini başa düşüb, amma..."

General-leytenant Çingiz Məmmədov: "Güman edirdim ki, Lənkəran Əliyev səhvini başa düşüb, amma..."

Ölkə

5 Mart 2012, 12:30

Müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov nazirliyin Təlim və Tədris Mərkəzinin sabiq rəisi, hazırda Silahlı Qüvvələrin Hərbi Akademiyasında xidmət edən general-mayor Lənkəran Əliyevin son günlər verdiyi açıqlamalara münasibət bildirib.

Modern.az-ın məlumatına görə, Ç.Məmmədov Lənkəran Əliyevin KİV-də  yayılan açıqlamalarını mənasız və qərəzli səs-küy adlandırıb:

“Doğrusu münasibət bildirmək fikrində deyildim. Çünki uzun illər bir yerdə çalışmış və onun rəis olduğu sahəyə bilavasitə nazir müavini kimi rəhbərlik etmişdim. Vaxtaşırı ona öz məsləhətlərimi verir və nizamnamədənkənar hərəkətlərdən əl çəkməyi tövsiyə edirdim. Dediklərimizdən nəticə çıxarmış olsaydı indi özü də belə bir vəziyyətlə qarşılaşmazdı. Güman edirdim ki, səhvini başa düşüb bir daha həqiqətə uyğun olmayan məlumatlarla ictimaiyyəti çaşdırmaz. Ancaq əksini gördüm. O, yenə də əsassız açıqlamalarını davam etdirməkdədir. İndi də guya özü arxa plana çəkilib yaxınlarının adından istifadə edərək doğru olmayan informasiyaları yaymaqla məşğuldur. Öz təşəbbüsümlə mən ona telefon zəngi etdim və məsləhət bildim ki, qanunsuz zəbt etdiyi mənzili təhfil versə, daha yaxşı olar. Lakin mənim bu təklifimi sonradan başqa yerə yozaraq informasiya agentliklərindən birinə yanlış məlumatlar ötürüb. Bildirib ki, guya mən rəhbərlik adından ona ultimatum çatdırmışam və söyləmişəm ki, əks halda evdən zorla çıxarılacaq. Əslində belə danışıq tonu mənim təbiətimə uyğün deyil. Bayaq qeyd etdiyim kimi, sadəcə öz məsləhətimi çatdırdım. O, isə bundan tamamilə başqa nəticə çıxararaq öz xeyrinə faydalanmağa çalışıb. Çox təəssüfləndirici haldır.

İndi məcburam qeyd edəm ki, general Lənkəran Əliyevin TTM-in rəisi vəzifəsində xidmət edərkən şəxsi heyətlə kobud davranması və Silahlı Qüvvələrin nizamnamələrinin tələblərini pozmaqla yol verdiyi digər qanuna zidd hərəkətlər, tabeliyindəki hərbi qulluqçuların narazılığına və şəxsi heyətdə qeyri-sağlam ab-havanın yaranmasına səbəb olmuşdu. Dəfələrlə onun bu işləri diqqətinə çatdırılsa da, mənası olmamışdı. Beləliklə, TTM-in hərbi qulluqçularından Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəhbərliyinə ünvanlanmış şikayətlər üzrə xidməti yoxlamalar aparılarkən xeyli sayda qanun pozuntuları aşkar edilmişdir. Bütün bunlara görə də o tutduğu vəzifədən azad edilərək aşağı vəzifəyə keçirilmişdir. Mən artıq onun fəaliyyəti barədə mətbuata açıqlanan məlum faktları bir daha təkrarlamaq istəmirəm. Lakin bircə faktı çatdırmaqla kifayətlənirəm. 2004-cü ildə ona Azərbaycan Respublikasının prezidenti tərəfindən 180 kv.m-ə yaxın şəxsi mənzil verilib. Bu mənzilin indi harada və kimdə olduğunu onun özündən yaxşı bilən yoxdur. Belə olan halda qanunsuz mənzilartırma ilə məşğul olmaq nə dərəcədə ədalətli görünür?”.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır