Bu gün Gürcüstanın Azərbaycandakı səfirliyində Milli Məclisin üzvü, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, millət vəkili Qənirə Paşayevanın Gürcüstan prezidenti Mixail Saakaşvili tərəfindən “Şərəf” ordeni ilə təltif edilməsi ilə bağlı təqdimat mərasimi keçirilib.
Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Temiraz Şaraşemidze bildirib ki, hər iki ölkənin parlamentləri, parlamentlərarası dostluq qrupları arasında ciddi əməkdaşlıq münasibətləri mövcuddur: “Bir müddət öncə Gürcüstan parlamentinin vitse-spikeri Fridon Toduanın başçılıq etdiyi parlament nümayəndə heyəti Azərbaycanda səfərdə oldu və bu səfər zamanı bir çox maraqlı görüşlər, müzakirələr gerçəkləşdirdi. Bu gün isə buraya yığışmağımız Azərbaycan-Gürcüstan parlamentlərarası münasibətlərinə öz töhfəsini verən Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, millət vəkili Qənirə Paşayevanın Gürcüstan Prezidenti tərəfindən “Şərəf” ordeni ilə təltif edilməsi ilə bağlıdır”.
Sonra səfir sərəncamın mətnini oxuyub.
Gürcüstan prezidenti Mixail Saakaşviliyə təşəkkürünü bildirən xanım Paşayeva qeyd edib ki, o bu ordeni təkcə öz adına deyil, həm də Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun bütün üzvləri adına, iki qonşu dövlətin daha da yaxınlaşmasına çalışan bütün həmkarlarının əməyinə verilən qiymət kimi qəbul edir.
Sonra Milli Məclisin üzvləri Jalə Əliyeva, Kamilə Əliyeva, Sədaqət Vəliyeva, Flora Qasımova, Gülər Əhmədova, İlham Məmmədov, Əsabil Qasımov, Mahir Aslanov, Etibar Hüseynov, professor Qəzənfər Paşayev çıxış edərək, millət vəkilini təbrik ediblər.
Modern.az