AMEA Respublika Seysmoloji Mərkəzinin (RSXM) Elmi-Texniki Şurasının (ETŞ) iclası keçirilib.
Modern.az xəbər verir ki, iclasda RSXM-in seysmologiya şöbəsinin müdiri, geologiya-minerologiya elmlər doktoru Tahir Məmmədli çıxış edərək, RSXM-in ETŞ-nin üzvüləri geologiya-minerologiya elmləri üzrə fəlsəfə doktorları T.Tağıyev və T.Əsədovla birlikdə AMEA-nın üzvlüyünə seçkilər haqqında verilən elanda göstərilən “Geologiya” ixtisası üzrə müxbir üzvülüyə RSXM-dən baş direktor, geologiya-minerologiya elmlər doktoru Qurban Yetirmişlinin namizədliyini irəli sürdüklərini bildirib. Q. Yetirmişlinin alim və təşkilat rəhbəri kimi fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat verən Tahir Məmmədli Q.Yetirmişlinin təşkilat yarandığı gündən burada çalışdığını, uzun illər baş direktorun müavini, 2008-ci ildən isə baş direktor işlədiyini bildirib. Q.Yetirmişlinin baş direktor kimi fəaliyyəti nəticəsində son illər RSXM-də istər işin təşkili, istərsə də təşkilata yeni kadrların cəlb olunması, beynəlxalq əlaqələrin qurulması sahəsində yüksək nəticələr əldə olunduğunu bildirən T.Məmmədli bunun nəticəsi olaraq RSXM-in MDB ölkələri arasında birinciliyi əldə etdiyini vurğulayıb.
Daha sonra geologiya-minerologiya elmlər doktoru, professor Ş.Balakişibəyli, AMEA müxbir üzvü, geologiya-minerologiya elmlər doktoru H.Quliyev, AMEA-nın müxbir üzvü, geologiya-minerologiya elmlər doktoru P.Məmmədov, geologiya-minerologiya elmlər doktoru, professor Adil Əliyev, geologiya-minerologiya elmlər doktoru, professor M.İsayeva çıxış edərək Q.Yetirmişlinin AMEA-nın üzvülüyünə seçkilər haqqında verilən elanda göstərilən “Geologiya” ixtisası üzrə müxbir üzvülüyə namizədliyini dəstəklədiyini bildiriblər.
Q.Yetirmişlinin namizədliyi 15 nəfər ETŞ üzvü tərəfindən yekdilliklə dəstəklənib.
Modern.az