Hər gün səhər saatlarında Bakı-Sumqayıt yolunda böyük tıxac yaranır. Bu, əsasən “Ekologiya postu” adlanan ərazidən “20 yanvar” metrostansiyasına kimi davam edir. Tıxacın uzunuluğu bir neçə kilometrə çatır. Gün ərzində Sumqayıt şəhərindən Bakıya gələn insanlar bu tıxaclar səbəbindən xeyli vaxt itirirlər. Modern.az-ın əməkdaşı bunun səbəbini araşdırmağa çalışıb.
Bunun üçün Respublika Baş Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxladıq.
DİN Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Modern.az saytına bilidirib ki, buna əsas səbəb hər gün Bakı istiqamətində xeyli maşının axın etməsidir.
“Bakı istiqamətində gələn maşınlar həddən artıq çoxdur. Nəqliyyatın sayının çox olması da xeyli çətinlik yaradır. Bu baxımdan Bakı-Sumqayıt yolunda müəyyən əngəllər əmələ gəlir. Lakin buna baxmayaraq, bizim əməkdaşlar hər gün bu tıxacın aradan qaldırılması üçün çalışırlar”.
Bundan başqa K.Əliyev bəzi məqamlarda sürücülərin də bu tıxacların yaranmasında səbəbkar olduqlarını bildirib:
“ Bakı-Sumqayıt yolu istiqamətində əksəriyyət sürücülər baş yoldan istifadə etməyə üstünlük verirlər. Çalışmaq lazımdır ki, belə məqamlarda kənar keçmə yollardanda istifadə olunsun”.
Anar Kəlbiyev