Modern.az-ın xəbər verdiyi kimi, Azərbaycanda səfərdə olan Gürcüstan Prezidenti Mixail Saakaşvili martın 7-də Milli Məclisə gəlib.
Parlamentin binası önündə ali qonağı Milli Məclisin sədri Oqtay Əsədov və digər rəsmi şəxslər qarşılayıblar.
Gürcüstan dövlətinin başçısı Milli Məclisin iclas zalına baxıb, deputatlar üçün yaradılmış şəraiti yüksək qiymətləndirib.
Qonaq Milli Məclisdəki Heydər Əliyev Xatirə zalı ilə tanış olub, fotomateriallara baxıb.
Sonra Gürcüstan Prezidenti Mixeil Saakşvili Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb.
Oqtay Əsədov qonağı salamlayaraq deyib ki, Azərbaycanla Gürcüstan arasında əlaqələr sürətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatıb.
”Əlaqələrimizin belə yüksək səviyyəyə çatmasında dövlətlərimizin başçılarının xüsusi rolu vardır. Bugünədək 100-dən çox dövlətlər və hökumətlərarası sənəd imzalanmışdır. Bu sənədlər əməkdaşlığımızın hərtərəfli inkişafı üçün möhkəm hüquqi baza yaratmışdır. İnanırıq ki, Gürcüstan Prezidentinin bu rəsmi səfəri münasibətlərimizin genişlənməsində yeni imkanlar açacaqdır.
Bu gün Azərbaycanla Gürcüstan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi- Ərzrum qaz və Bakı-Tbilisi-Axalkalki-Qars dəmir yolu kimi irimiqyaslı layihələrdə birgə iştirak edirlər. Biz yeni AQRİ layihəsi üzərində işləyirik. Azərbaycanın təbii ehtiyatlarının Avropaya daşınmasında mühüm rol oynayacaq bu layihə ölkələrimiz üçün böyük dividentlər gətirəcəkdir”.
O.Əsədov dövlətlərimiz arasında əlaqələrin inkişafında parlamentlərin rolunu xüsusi qeyd edib, hər iki parlamentdəki dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirib. Spiker deputatlarımızın beynəlxalq təşkilatlardakı birgə fəaliyyətini xüsusi qeyd edib.
Milli Məclisin sədri regional münaqişələrdən danışıb, ölkələrimizin seperatizmdən əziyyət çəkdiyini vurğulayıb. Bildirib ki, yalnız birgə səylər nəticəsində bu problemlərin həllinə nail ola bilərik.
Mixail Saakaşvili göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Gürcüstan Prezidenti Azərbaycanın sürətlə inkişaf etdiyini, regionda lider dövlət olduğunu, dünyada mövqelərinin daha da möhkəmləndiyini xüsusi qeyd edibr. O, bu inkişafda parlamentin rolunu vurğulayıb. Ölkələrimiz arasındakı münasibətlərin genişlənməsində parlamentlərarası dostluq qruplarının fəaliyyətinin əhəmiyyətindən danışan M.Saakaşvili Azərbaycan–Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Qənirə Paşayevanın rolunu yüksək qiymətləndirib. “Q.Paşayevanın Avropa ölkələrindəki çıxışlarını diqqətlə izləmişik və bunun yüksək qiymətləndiririk. Onun çıxışları bizə Avropada öz sözümüzü deməkdə əlavə, yeni imkanlar yaratmışdır”.
M.Saakaşvili deyibr ki, ötən il Gürcüstana 600 minə yaxın Azərbaycan vətəndaşı səfər edibr. Azərbaycana gələn Gürcüstan vətəndaşlarının sayı isə bir milyona yaxındır. Bu rəqəmlər özü- özlüyündə xalqlarımız arasındakı münasibətlərin yüksək səviyyəsinin göstəricisidir.
Görüşdə regional münaqişlər, onların həlli yolları və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Modern.az