Modern.az

Xanım jurnalistlərimiz 8 martda kimdən hansı hədiyyəni gözləyirlər? - SORĞU

Xanım jurnalistlərimiz 8 martda kimdən hansı hədiyyəni gözləyirlər? - SORĞU

7 Mart 2012, 18:33

Çağdaş dünyada zəriflik və gözəllik rəmzi olan qadınlar sabah öz bayramlarını qeyd edəcəklər. Azərbaycanda da bu bayrama xüsusi diqqətlə yanaşılır, xanımlarımız onları sevən, istəyən doğmaları, dostları tərəfindən təbrik edilir. Düzdür/ ölkəmizdə 8 martı bayram kimi qəbul etməyənlər də var. Amma istənilən halda 8 mart günü zərif cinsin bütün nümayəndələri “bizim bayramımızdır” kəlməsini işlədirlər.

Modern.az saytının əməkdaşı bir neçə xanım jurnalistlə əlaqə saxlayaraq sabah kimdən hədiyyə, təbrik gözlədiklərinə dair düşüncələrini soruşub.

APA-nın baş direktoru Vüsalə Mahirqızı:
“Yəqin ki, nəsə ciddi bir hadisə baş versə, işdə olacam. Amma hər il mən 8 mart günü evdə oluram. Çünki həm də sabah həyat yoldaşımın ad günüdür. Ailəmlə birgə olacam. Hədiyyəni məncə ən yaxın adamlar bir-birinə verməlidir. Hədiyyənin nə olmasının mənim üçün o qədər də önəmi yoxdur, əsas odur ki, mənə hörmət edir, düşünür, doqqətdə saxlayırlar. Dostlar da sosial şəbəkələr vasitəsilə yazır, təbrik edirlər”.

“Gündəlik Teleqraf” qəzetinin təsisçisi Aynur Camalqızı: “Düzü elə də xüsusi gözləntilərim olmayıb ki,  8 mart ərəfəsində kimlərsə hədiyyə alsın, hədiyyə göndərsin. Heç nə ummuram, heç nə gözləmirəm. Amma ailə üzvlərim, qohumlarım, dostlarım sağ olsunlar. Heç zaman mənə qarşı diqqətsiz olmurlar. Bütün qadınlara nə hədiyyə olunursa, mənə də o hədiyyələrdən alırlar. Bəzən bu hədiyyələr o qədər çox olur ki, yəni ətriyyat, kosmetika, demək olar ki, mən ilboyu ancaq onlardan istifadə edirəm, mağazalara getməyə ehtiyac qalmır. Amma mənim arzularım daha böyükdür. Yəni öz doğulub boya-başa çatdığım Tərtərə necə rahat gedib-gələ bilirəmsə, eləcə də Şuşaya, Xankəndiyə gedib-gələ biləm. Orada söhbətləşmək istədiyim, mənim üçün çox müqəddəs ruhlar var ki, onları ancaq Şuşada, Xankəndidə görmək, hiss etmək olar. Ən böyük arzum ancaq budur. Elə bir situasuya yetişəydi ki, mən gedə biləydim oralara. Mən bunu Allahın bir lütfü kimi, eyni zamanda öz kişi soydaşlarımın Azərbaycan qadınlarına hədiyyəsi kimi qəbul eləyə biləydim”.

“Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay: “Öncə oğlanlarım təbrik edirlər, daha sonra məni yadına salanlardan, diqqətdə saxlayanlardan təbriklər alıram.  Mənim istədiyim ən yaxşı hədiyyə rahatlıqdır, onu da  heç kim heç yerdən alıb verə bilməz. Sabahdan da qeyri-adi heç nə gözləmirəm. Həmişəki kimi evdə olacam, sabaha xüsüsi proqramım yoxdur. Həyadan sürpriz gözləmirəm, gözlədiyim hədiyyə də yoxdur. Eləcə də, Aqil müəllimdən hədiyyə gözləmirəm, çünki Aqil müəllim hədiyyə verməyi xoşlamır”.

"Yaşıl Qafqaz" jurnalının baş redaktoru, köşə yazarı Arzu Abdulla:
 “Məni bu günlərdə təbrik edən çox olsa da, əslində 8 martı bayram saymıram, bu yəhidlərin bayramıdır. İnanın ki, heç kəsdən hədiyyə gözləmirəm. Amma mənim üçün ən gözəl bayram jurnalistika günüdür, ən çox sevdiyim hədiyyə isə gül və kitabdır, amma dibçək gülü”.

Publika.az saytının redaktoru Günel Mövlud: “Sabaha hələki xüsusi proqramım yoxdur, amma mənim həmcinslərimi təbrik etməkdən xoşum gəlir. Buna görə də bir neçə xanım var ki, onlara hədiyyə verəcəm.
8 martı xüsusi qeyd etməyəcəm, amma yəqin ki, bizim yazar dostlarla yığışıb bir yerdə içəcəyik, şeir deyəcəyik. Yəqin ki, bizi də orijinal formada dostlarımız təbrik edəcək. Sabah əsas şüarımız da o olacaq ki, “Qadın insanın dostudur!”. Hədiyyə gözlədiyim xüsusi insanlar da yoxdur, amma çoxlu  təbriklər, hədiyyələr almışam. Sabah çox istərdim ki, mənə kitab hədiyyə eləsinlər. Kobo Abenin "Qumluqdakı qadın" əsərini oxusam da, istəyirəm kitabxanamda da olsun”.

ANS TV-nin aparıcısı İradə İsaq: “Hər bir qadın 8 martda sevdiyi şəxsdən hədiyyə gözləyir, amma sevdiyim şəxs olmadığı üçün hədiyyə gözləmirəm. Yenə də atam, qardaşım təbrik edəcək, hədiyyə alacaqlar. Mənim üçün bu 8 martda ən böyük hədiyyə ev olardı. Çünki evim yoxdur və ev istərdim. Mən özüm özümə ən böyük hədiyyəni vermişəm - maşın almışam.
Sağ olsunlar Facebook dostlarım, çox təbrik ediblər, məktublar yazıblar, şəkillər göndəriblər”. 

Sevinc İltifatqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi