Xeyli vaxtdır Baknın Dənizkənarı bulvar ərazisinin genişləndirilməsi həyata keçirilir, layihənin birinci hissəsi sona çatmaq üzrədir. Bu işlərə prezident İlham Əliyev sərəncamı ilıə 4 milyon manat ayırılıb. Maraqlıdır, layihə nə vaxt tam sona çatacaq. Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov Modern.az saytına deyib ki, Dənizkənarı bulvarın köhnə hissəsinin 102 yaşı var, 4 km-ə yaxın bir ərazidir.
Onun sözlərinə görə, bulvarın ərazisi Əl Oyunları Sarayından Bayraq meydanına qədər və Dəniz Vağzalından Nobel prospektinə qədər genişləndiriləcək. Hazırda Bayraq Meydanına qədər olan ərazi genişlənib. Burada insanların rahat gəzintisi üçün sahil boyu düz zolaqlar artıq tikilib, döşəmə də hazırdır. Daha sonra avtomobil yoluna tərəf yeni zolaq olacaq, o zolaqda hazırda yaşıllaşdırma işləri aparılır, ağaclar əkilir, əkiləcək ağcaların yerləri, sayı müəyyən olunur, kollar və çəmənliklər salınacaq. Yaşıllaşdırma zolağında sonra avtomobil xəttinə yaxın bir dənə də zolaq salınacaq. Bu zolaqda Dənizkənarı bulvar ərazisində kiçik ölçülü avtobuslar, qatarların hərəkət etməsi nəzərdə tutulub.
”Bunlar hamısı əhalinin rahat gəzintisini təmin etmək üçündür. Bütün bunlar mart ayının sonuna, aprel ayının ortalarına qədər bitməlidir. Ola bilsin ki, bir az gecikmələr olsun, amma ən gec aprel ayında tam hazır olacaq.
Birinci mərhələ Bulvarın Bayraq Meydanına qədər genişləndirilməsiydi. İkinci mərhələ isə Zığ istiqamətində genişləndirmədir. Amma hələki bu layihənin nə vaxt həyata keçiriləcəyi ilə bağlı bizdə məlumat yoxdur”.
Sevinc İLTİFATQIZI