Modern.az

Sabirabad sakinləri Fövqəladə Hallar Nazirliyini məhkəməyə verdilər

Sabirabad sakinləri Fövqəladə Hallar Nazirliyini məhkəməyə verdilər

Təhsil

9 Mart 2012, 15:36

2010-cu ilin yazında baş vermiş Kür-Araz daşqınlarının təsirinə məruz qalmış, problemləri bu günə qədər həll olunmayan 100-dən artıq sakin Fövqəladə Hallar Nazirliyi, Meliorasiya və Su Təsərrüfatı ASC-ni, eləcə də yerli İcra hakimiyyətlərini mülkiyyət hüquqlarının qorunması və dəyən ziyanın ödənilməsi tələbi ilə məhkəməyə veriblər. Narazılar arasında Sabirabad və İmişli sakinləri xüsusən üstünlük təşkil edirlər. Məhkəməyə müraciət etmiş 40- a yaxın Sabirabad sakininin əksəriyyəti rayonunun Əsgərbəyli, Qasımbəyli, Ulacalı və s. kəndlərində yaşayanlardır. İddiaçıların sənədləri artıq Yasamal və 1 saylı İnzibati İqtisad Məhkəməsində məhkəmə baxışına götürülüb. İlkin hazırlıq məhkəməsi mart ayının 12-ə təyin olunub.

”Bundan öncə isə mart ayının 6-da 18 nəfər İmişli rayon sakininin anoloji məhkəmə prosesi başlayıb. Kür-Araz daşqınlarının təsirinə məruz qalan, problemləri həll olunmayan sakinlərin son zamanlar məhkəməyə müraciətləri artıb. Bu da onu göstərir ki, artıq sakinlər onlara verilən vədlərə inanmırlar və öz hüquqlarını hüquqi müstəvidə qorumağa üstünlük verərək şikayətlərini Avropa İnsan Haqları məhkəməsinə qədər aparmaq istəyirlər”-deyə“Kür” Vətəndaş Cəmiyyəti Qərargahı mətbuat xidmətindən Modern.az-a bildirilib.

”Hal-hazırda artıq bir sıra şikayətlər Ali Məhkəmə instansiyasına qədər gedib çıxıb. Vətəndaşların şikayətləri həll olunmasa, belə gedərsə çox yaxın günlərdə Fövqəladə Hallar Nazirliyi, Meliorasiya və Su Təsərrüfatı ASC, eləcə də bir sıra rayon İcra Hakimiyyətləri ilə bağlı olan iddia sənədləri Avropa İnsan Haqları məhkəməsinə təqdim ediləcək”.

Zərərçəkənlərin hüquqları “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı tərəfindən qorunur. 2010-cu ilin yazında baş vermiş Kür-Araz daşqınlarının nəticələrinin aradan qaldırılması ilə bağlı dövlət büdcəsindən 340 milyon manatdan artıq vəsait ayrılıb. Bu günə qədər hökümət ayrılan vəsaitlərin xərclənməsi ilə bağlı ictimaiyyətə hər hansı hesabat təqdim etməyib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal