Modern.az

İslah olunmalı naqisliklərimiz – II yazı

İslah olunmalı naqisliklərimiz – II yazı

11 Mart 2012, 20:12

Qanımıza hopmuş naqisliklər bir deyil, beş deyil, on deyil. Çoxdur. Lap çoxdur. Bunların ən əsaslarını sıralamaq fikrindəyəm. Buyurun, davamı ilə tanış olun:

8. Kütləvi alver - Kimsə bütün dünyada alverin geniş vüsət aldığını deyə bilər. Razıyam. Ancaq, söhbət külli millətin alverlə məşğuliyyətindən gedir. Bir neçə dəfə yazmışam, yenə yazıram, Azərbaycan özü boyda bir bazara bənzəyir. Hara baxırsan, dükan-bazardır. Əvvəllər kəndlərimizdə, rayon mərkəzində, lap elə Bakının özündə əsasən işi-gücü, savadı olmayan az sayda vətəndaşlar alver edirdilər. İndi hamı alverçi olub. Müəllim də, həkim də, mühəndis də, fəhlə də, təqaüdçü də alver edir. Sübh tezdəndən gecə keçənədək Bakının “Binə”, “Sədərək”, “20 yanvar”, “AMAY”, “8-ci kilometr”, “Şərq bazarı” və digər yarmarkalarında 100 minlərlə soydaşımız ticarətlə məşğuldur. Bir metrlik piştaxta əldə edən özünü tacir sayır. Dünyada nə qədər zay, keyfiyyətsiz məhsul varsa, bizim bazarlarda satılır. Müəllim müəllimlik, həkim həkimlik, mühəndis mühəndislik etmək əvəzinə alverə girişib. Səbəbi nədir? Səbəbi müəllim, həkim, mühəndis maaşı ilə dolanmağın mümkün olmamasıdır. Maraqlanın, dünyanın hər hansı ölkəsində həkimin diplomunu bir kənara atıb xırda ticarətlə məşğul olduğuna rast gəlsəniz, iradınızı bildirərsiniz. Ziyalının dolanışıq ucbatından məsləkindən imtinası dövlətə başucalığı gətirmir. Dövlətin müəllimə və həkimə olan münasibəti normal olmayanda, vay millətin halına. Ölkədə səhiyyənin biabırçı durumda olmasının, təhsilin gündən-günə geriləməsinin  məsuliyyəti bilirsinizmi kimin boynunadır? Təbii ki, dövlətin. Həkimi də, müəllimi də alverçi edən yalnız dövlətdir. Məgər inanmırsınız ki, dövlət həkiminə və müəlliminə insan kimi yaşamaq üçün yetərli olan məvacib versə, həkim həkimliyini edəcək, müəllim müəllimliyini? Onlarla alverçi həkimlə, müəllimlə söhbətimiz olub. Hamısı birmənalı deyirlər ki, normal maaş alsaq, bazara gəlmərik.

Görün, ölkənin durumu nə yerdədir ki, azyaşlı məktəb uşaqları belə alverlə məşğuldur. Müəllimi bazarda olan məktəbin şagirdi  bazarda olmasın, neyləsin.

Ehtiyac başımızı bərk məşğul etdiyindən sabahı düşünmək qabiliyyətimizdə problemlər yaranıb. Elliklə bazarda gün keçirdiyimizdən, alıb-aldatmağı özümüzə peşə seçdiyimizdən 10-15 il sonra haqqında düşünə bilmirik. Düşünə bilmirik ki, bu gedişin sonu necə olacaq. Millətin düşünən beyinlərinin bazarda çalışması, o millətin gələcəyinin yaxşı olmayacağına işarədir. Nədən ki, bazar bir şey verirsə, çox şey də alır. Bazar pul qazandıra bilər, millətin mentalitetinə ağır zərbələr vurmaq hesabına.

Bizlər nə vaxtsa bazarlardan çəkiləcəyik. Hər kəs öz işi ilə məşğul olanda bu baş verəcək. Hər kəsin öz işi ilə məşğul olmasının nə zaman baş verməsi isə, bizim özümüzdən asılıdır. Nə vaxta qədər ki, utanc gətirən bir işi fəxarət, fəxarət sayılan bir işi utanc sayacağıq, bazardan çəkilməmiz mümkün olmayacaq. Bu bir aksiomdur.

9. Bütpərəstlik - Azərbaycan əhalisinin böyük əksəriyyəti müsəlmandır. Müsəlman dininin də, əsas qayəsi təkallahlığın qəbuludur. Məhəmməd peyğəmbər çoxallahlığa qarşı mücadilə apardı. Kəbəni bütlərdən təmizlədi. Nəyinsə, kiminsə Allaha şərik tutulması müsəlman dünyasında yolverilməzdir. Azərbaycanda müsəlmanlığın bu əsas qanununa birmənalı riayət təzahür etmir. Bəzi insanlar Allaha şərik axtarışından əl çəkmir. Xəstə insanların özlərini peyğəmbər elan etməsini bir kənara qoyaq. Sağlam, savadlı adamların Allahın bəndələrindən birini peyğəmbər adlandırması böyük qəbahətdir. Heydər Əliyev barəsində deyilənləri yadınıza salın. Nə qədər məlun insan onu Allaha şərik çıxırdı.

Azərbaycanda pirləri ziyarət etmək, ora nəzir aparmaq lap qədimdən mövcuddur. Ölkədə nə qədər pirin varlığından xəbəriniz varmı? Bilirsinizmi nə qədər insanımız o pirlərdən imdad diləyir? Allahdan imdad diləmək əvəzinə bizlər pirlərdən imdad diləyirik. Anlaşılandırmı?

Bəlkə də səhv edirəm, ancaq mənə eləgəlir ki, Azərbaycanda seyidlərin sayı digər müsəlman ölkələri ilə müqayisədə daha çoxdur. Hər bir yaşayış məntəqəmizdə əməli-saleh seyidlərin varlığı müsbət. Nədən ki, seyidlər nə qədər qardaş qanının tökülməsinin qarşısını alıblar. Bu insanlar bütün məqamlarda insanlara kömək əllərini uzadıblar, tayfa düşmənçiliyinə son qoyublar. Dünyasını dəyişmiş  seyidlərimizə- o əməli-saleh insanlara Allahdan rəhmət diləyirəm, yaşayanlara can sağlığı arzulayır və onu da demək istəyirəm ki, bu insanları bütləşdirmək olmaz.  Onların məzarlarından imdad istəmək Allaha xoş getməz. Hərdən adama elə gəlir ki, soydaşlarımız seyidləri, pirləri sevdiyi qədər və onlardan qorxduğu qədər Allahı sevib, ondan çəkinsəydilər, məmləkətimizin işləri rəvan gedərdi.

Yüz illərlə İslam dinindən uzaq düşməyimiz, islamın mahiyyətini gerçək anlamamağımız bizi bu duruma gətirib. Gəlin hamılıqla yalnız Tanrıya dua edək ki, millətimizə bu naqisliklərdən xilas olmaq üçün güc və təpər versin.

10. Dilənçilik-  təkcə şəxsin özünün ləyaqətsizliyini göstərmir, o eyni zamanda bütövlükdə millətin adının aşağılanmasına yardım edir. Yoldan ötən əcnəbinin qarşısını kəsən dilənçi milləti birqat alçaldırsa, ölkə sərhəddini keçən əcnəbidən pul dilənən məmur  onqat alçaldır.

Azərbaycanı dilənçilər işğal edib. İstirahət parkları, mərkəzi küçələr, vağzallar dilənçilərin gəlir yerlərinə çevrilib. Polisin gözləri qarşısında dilənirlər. Məmləkətin müəllimi məktəbdə, alimi universitetdə, həkimi xəstəxanada, yol polisi yolda, zabiti kazarmada, nadzoru həbsxanada, məmuru kabinetdə dilənir. Beləcə, o bundan, bu ondan pul alır. Ağzıgöyçəklər də deyirlər ki, vətən belə gəldi, millət belə getdi. Dilənçinin şərəf və ləyaqəti olur ki, hələ bir vətən və dövlət təəssübü də çəksin?

Bir sıra millətlər var ki,  dilənməyi qüruruna sığışdırmırlar. Kimsə bir almanın, ingilisin, yəhudinin, lap belə düşmənimiz olan erməninin diləndiyinin şahidi olubmu? Tarixi vərəqləyin, türkün dilənməsinə dair bir cümlə tapa bilməzsiniz. Azərbaycanda isə dilənçilik peşəyə çevrilib.

11. Vulqarizm- nədənsə, mənə elə gəlir ki, dünya millətləri arasında vulqarizmdən-kobud söz və ifadələrdən olsa-olsa, ruslar bizdən daha çox istifadə edirlər. Onu birmənalı etiraf etməliyik ki, vulqarizmin Azərbaycanda geniş yayılmasında rusların böyük rolu olub. Özümüzün də günahı yetərincədir. Səhərdən-axşama biri-birimizin ünvanına ədəbsiz sözlər söyləməkdən nə usanırıq, nə də, utanırıq. Almanlar mübahisə edərkən, dalaşarkən biri digərinə ən uzağı “şayze” deyir. Şayze kobud, qanmaz anlamındadır. Bizlər yeddimərtəbəli söyüş söməsək, ürəyimiz soyumur. Elə ədəbsiz sözlər var ki, məişətimizi daxil olub. Az qala hamımız hər gün kiminsə barəsində bir neçə dəfə eşşək, qoyun, xiyar epiteti işlətməsək rahatlıq tapmırıq. Kiçik yaşlı uşaqlar da, eynən böyüklıər kimi nə qədər söyüş söyürlər. Biz böyüklərdən nümunə götürürlər də. Həyətdə oynayan, məktəbdə tənəffüsə çıxan uşaqların bir-birləri ilə rəftarı, danışığı çox düşündürücüdür. Hər şey ailədən başlayır deyirlər. Əslində hər şey dövlətdən başlayır. Dərəbəyliyin meydan suladığı bir məmləkət tapa bilməzsiniz ki, orada insanlar arasında münasibət normal olsun. Bu günün Azərbaycanı konfliktlərlə, problemlərlə zəngindir. O üzdən də insanlar arasında münasibətlərin aydınlaşması sivil yolla getmir. Ehtiyac içində yaşayanlar hər zaman aqressiv olurlar. Aqressivlərinsə ürəklərini boşaltmaq üçün yeganə silahı söyüşdür.

Kobud sözləri adətən savadsızlar çox işlədərdilər. İndi bu sərhəd yoxdur. Hamımız söyürük. Hamının söyüşün dili ilə danışdığı bir məmləkətdə yaşamaq, bilirsiniz də, nə qədər ağırdır.

12. Hərislik- bəlkə də ən birinci naqisliyimizdir ki, var. Kimsə yaxasını kənara çəkməsin, hər birimizin içində az, və ya çox dərəcədə hərislik virusu yatır. Elə bil bu dünyanın faniliyindən bixəbərik. Gözümüz doymur ki, doymur. Etiraf edək ki, nəfsimizə hakim ola bilmədiyimizdən var-dövlət toplamaq naminə hər türlü mücadilə aparırıq.

Kasıb da, varlı da, savadlı da, bisavad da “qara gün” adı altında var-dövlət yığmaq eşqi ilə yaşayır. Səhərdən-axşama yalnız qazanmaq barədə düşünürük. Şəxsən tanıdığım var ki, üç bağı, dörd mənzili, bir neçə maşını var. Evi muzeyə oxşayır. Fəqət gözləri doymaq bilmir. Mal-mülkünü on qat artırmaq üçün gecəni gündüzə qatır.

Kasıb tanıyıram ki, acından yata bilmir, ancaq evinin küncündə beş-altı bükülü xalça saxlayır. Hamılıqla “servant” adlanan şkafın rəflərinə şüşə qablar toplamağın dəlisiyik. 50 illik ömründə bir dəfə də Azərbaycandan kənara çıxmayan kişi, ömrü paltar-palaz yumaqla, xörək bişirməklə, banka bağlamaqla keçən qadın dişlərini, əl-qolunu, boyun-boğazını qızılla bəzəyir.

Gerçəkdən biz var-dövlət üçün ölürük. Nə insan kimi istirahət edirik, nə səyahətə çıxırıq. Bircə işimiz-gücümüz daş-qaş, xalça-palaz, büllur qab-qacaq toplamaqdır. Son nəfəsimizə qədər var-dövlətimizi artırmaq üçün əlləşirik.  Qonaq getmirik (getmiriksə, gələn də olmur), qohum-qardaşın, dost-tanışın xeyirinə-şərinə biganəyik, ehtiyacı olanlara arxa çeviririk, çünki, başımız sərvət toplamağa aludə olduğundan, dünyanı gerçək dərk etməyə macalımız yetmir. Budurmu insanlıq?

Hərislik insani hissləri öldürür. Daha dürüstü, insanı heyvanlaşdırır. İctimai varlıq kimi əhəmiyyətini, məzmununu itirənə insan demək çox çətindir.

Hərdən adama elə gəlir ki, bizim hərislər 5-6 yüz il ömürə kimdənsə zəmanət alıblar. Min ilinin “qara gününə” belə ağlayanlar var. Əl boyda Azərbaycandır da, ətrafınıza bir az diqqətlə nəzər salsanız, millətin əksəriyyətinin bir qarın çörəyə mohtac olduğu bir zamanda kimlərin fironlar kimi yaşadığının şahidi olacaqsınız. Əmin olun, Azərbaycan hərislərin ucbatından dirçələ bilmir. Yüz vəzifəli həris min illiyinin tədarükünü görəndən sonra yazıq Azərbaycan qamətini necə şax tuta bilər ki?

Ey müsəlmanlar, kim bu dünyadan nə aparıb? Başqa dinlərə məxsus insanlar yenə ölərkən, axirətə ger-geyimlə, bər-bəzəklə, daş-qaşla gedirlər. Biz müsəlmanlarınsa, 3 metrlik bir kəfənlə getdiyindən, məgər xəbəriniz yoxdur. Yoxdursa, ta bunun nəyi müsəlmanlıq oldu. Varsa, nədən şüurlu həyatınızı insan kimi yaşamaq əvəzinə hərisliklə başa vurursunuz?

13. Şöhrətpərəstlik-  dəbdə olan naqisliyimizdir. Əsl şöhrətin mahiyyətini qavraya bilmədiyimizdən ortada anormal bir mənzərə sərgilənməkdədir. Şöhrətbazlar sanki var-dövlətlərinin dəyərini sübut etmək naminə yarışa giriblər. Bu yarışma toy və yas mərasimlərində özünü daha iyrənc formada göstərir. Dörd nəfərlik ailəsinə üçmərtəbəli iyirmi otaqlı ev tikdirməklə, yekə minik avtomobilləri almaqla şöhrətlənənlərin yas məclisləri spirtli içkisiz ziyafətləri xatırladır. Xırda şöhrətpərəstlər də onlara baxıb hərəkət edirlər. Sadə vətəndaşlarımız belə ucuz şöhrət üçün borc-xərc yolu ilə toylarında 5-10 çeşiddə yemək hazırlatdırırlar.

Toylarımızı anlamaq olar. Yas məclislərindəki  təm-təraq nə deməkdir? Bütün bunlar nə insanlığa şərəf gətirir, nə də ki, dinimizə-şəriətimizə uyğundur. Görün vəziyyət nə yerə çatıb ki, imkanlı şöhrətpərəstlər yüz min manatlıq qəbir daşı, qəbir üstü abidə hazırlatdırırlar. Bizdə nədənsə, insana həyatda varkən qiymət vermək adəti yoxdur. Atasının müalicəsi üçün yüz manat pulu rəva bilməyən bir namərd ehsan üçün beş min manat xərcləyir.

Kökünün haradan gəldiyini bilmirəm, fəqət onu bilirəm ki, şöhrətpərəstlik millət kimi formalaşmağımızın yolunda böyük bir əngəldir.

14. Paxıllıq- bu naqisliyə görə dünya millətləri arasında liderik. Biri-birimizin ayağının altını qazmaqda tayımız-bərabərimiz yoxdur. Biz özümüz-özümüzə qənimik, yadlara sirdaşıq, qardaşıq. İçimizdəki bu şeytan zaman-zaman yumruq kimi birləşməyimizin qarşısını kəsir, millət kimi özünü dərkin yolunda böyük maneəyə çevrilir. Genlərimizə oturuşduğundan istəsək belə paxıllıqdan xilas ola bilmirik.

Nə qədər istedadlı şəxsiyyətlərimiz, elm, sənət adamlarımız bu naqisliyimizin qurbanı olub. Yaxın keçmişimizə-sovetlər dönəminə `qısa nəzər salın. Azərbaycanın ittifaq miqyasında tanınmış adamlarının əksəriyyəti qeyri-millətlərin nümayəndələri idi. İdmanda, elmdə azca nailiyyəti olan qeyri-millətlərin nümayəndələrinə Bakıda xüsusi qayğı göstərilirdi. 30-40 il bir elmi labaratoriyada, institutda çalışanlar biri-digərinin irəli getməsi üçün təkan vermək əvəzinə, daş olub ayaqlarından asıldılar ki, fərqlənə bilməsin. Beş adamımızın sözü bir ola bilmir. Dünən də belə idi, bu gün də belədir. Yüz il əvvəl də belə idi, indi də belədir.

Qeyri-millətlərdən olan qocaman bir müsiqiçinin söylədikləri çox ilginc və düşündürücüdür. Deyir ki:” Orkestrimizdə eyni alətdə üç nəfər ifaçı var idi. Mən və iki Azərbaycan türkü. İkisi də məndən yaxşı ifaçıydılar. Fəqət bir-biri ilə yola getmədiyindən aralarında hər zaman dava düşürdü. Orkestrin rəhbəri də xarici ölkələrə qastrol səfərlərinə onları deyil, məni göndərirdi. Mən iyirmidən artıq dünyanı gəzdim, onlar Bakıdan kənara çıxmadılar. Onlar biri-birindən anonim məktublar yazırdılar, mən əməkdar artist oldum. Onlar biri-birindən kompramat toplayırdılar, mən dövlət mükafatı aldım. İndi də onlar parkda domino oynaya-oynaya mübahisə edirlər, mən isə fəxri təqaüddəyəm və dövlətin təm-təraqlı məclislərində, ziyafətlərində iştirak edirəm”. Hər şey aydın deyilmi? İki soydaşımız şüurlu həyatlarını biri-birinə qarşı davaya həsr etdilər. Qeyri-millətdən olan birisi önə keçdi, dünyanı gəzdi, gələcəyini təmin etdi. İndi də dövlətdən tələbatını ödəyən pensiyasını alıb firavan yaşayır. Bizimkilərsə, 90-100 manat pensiyalarının kefini domino oynamaqla çıxarırlar.

15. Biveclik- gündən-günə inkişaf edən naqisliklərimizdəndir. Bəzən elə hərəkətlərə aludə oluruq ki, adam təəccübündən  bilmir nə etsin. Elementar qaydalara riayət etməməklə nə istədiyimizi anlamaq çox çətindir. Yol-hərəkət nişanlarını saya salmırıq, qırmızı işığa məhəl qoymuruq, keçidədən keçməyi şənimizə sığışdırmırıq. Elə bil bunlara əməl etsək, alçalacağıq. Həyatımızı baş verəcək təhlükədən xilas edəcək qaydalara belə itaətsizlik edirik. Biveclik deyil, nədir bu?

Diqqət edin, əcnəbi maşının sükanı arxasına oturar-oturmaz təhlükəsizlik kəmərini bağlayır, təyyarədə stüardessanın xəbərdarlığından əvvəl bu işi görür. Bizlər təkrar-təkrar irad tutulduqdan sonra kəmərə əl atırıq. O qədər dərkedilməz olmuşuq ki, kəmərdən imtinanı yekəxanalıq sayırıq. Bu türlü bivecliklərimiz adımız aşağılanmamız bir yana, nə qədər ağır fəsadlarla sonuclanır.

Avropa Şurası Azərbaycan xalqına demokratiya dərsi keçir. Demokratiyanın nə olduğunu anladır. Küçəni yaşıl işıqda keçməyin gərəkliliyini, təyyarədə, maşında təhlükəsizlik kəmərinin bağlanmasının əhəmiyyətini, yeraltı keçiddən istifadə etməyin lazımlılığını, maşın siqnallarının zərərini də, bəlkə onlar bizə öyrətməlidirlər. Bəlkə əcnəbilər 20 yerlik avtobusa 40 sərnişin dolduran sürücüyə irad tutmalıdırlar ki, belə olmaz. Yaxud, 07-sinin qabaq təkərlərini yarım metr yuxarı qaldırmış, dinlədiyi meyxananın səsi ətrafı başına götürən bivecə deməlidir ki, bunu etmək olmaz?

Bəlkə fikirləşirsiniz ki, zəhmət çəkib hər şeyi avropalılar qaydaya salmalıdır? Onda bəs biz nə etməliyik? Qələtlərimizi vecimizə almamalıyıqmı?

Düşünməmiz lazımdır. Xırda saydığımız işlərin barəsində daha çox fikirləməyə lüzum var. Çünki, bu xırdalar yavaş-yavaş böyüyərək, millətlər sırasındakı yerimizi sürətlə aşağı salır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?