“Biz, Azərbaycanda, onun müxtəlif bölgələrində yaşayan otuz minə yaxın ermənilərin vətəndaş hüquqları kimi, həm də vəzifələrinin olduğunu onlara, nəhayət, xatırlatmalıyıq.
Eyni zamanda, bu, böyük sayda ermənilərin kiçik qrup halında bir təşkilatını yaratmalıyıq”.
Bunu Modern.az-a açıqlamasında millət vəkili, Ana Vətən Partiyasının (AVP) sədr müavini Zahid Oruc söyləyib
Millət vəkili güman edir ki, onun bu təklifi düzgün başa düşüləcək:
“Baxmayaraq ki, işğal, təcavüz reallığı ortadadır, bu qədər itkilər var, o cümlədən, ermənilərin düşmənçiliyi fonunda Azərbaycanda humanist və ya humanitar təşəbbüslərin süngü ilə qarşılana biləcəyi də bir reallıqdır”.
Lakin bununla belə, Z. Oruc hesab edir ki, zaman elə bir dövrə gəlib çatıb ki, bu təklif mütləq ortaya qoyulmalı, səsləndirilməli və dilə gətirilməlidir:
“Hesab edirəm ki, bu təklifin reallaşdırılması, həmin ermənilərin bir təşkilat ətrafında toparlanması Azərbaycanın dövlət siyasəti xəttində baş verməlidir, Qarabağ siyasətinin tərkib hissəsi kimi özünü göstərməlidir və bu ermənilər hər zaman dünya çapında Ermənistan əleyhinə öz mövqelərini sərgiləməlidirlər. Sərgiləməlidirlər ki, onlar Azərbaycanda təhlükəsiz yaşayırlar və eyni zamanda, dünyaya münasibətlərini açıq şəkildə bildirməlidirlər ki, Qarabağdakı erməniləri də məhz girova çevirən işğalçı Ermənistandır, onların ideoloqlarıdır, yaxud , oradakı millətçi dairələrdir və ya Qarabağın özündəki separatçı qüvvələrdir, ünsürlərdir, elitadır, hərbi xuntadır.
Bu mənada Azərbaycanda yaşayan ermənilərin sadəcə, müxtəlif adlarla və ya soyadlarını dəyişməklə, yaxud da başqa bir formada assimilliativ prosesə getməsindənsə, bir təşkilati forma halında onların Qarabağ və Azərbaycan siyasətində iştirakı çox önəmlidir. Bir daha xüsusi olaraq vurğulayıram ki, onların vətəndaş hüquqları kimi, eyni zamanda, vəzifələri də var”.
Millət vəkili sonda deyib ki, bu təklifini parlamentin 16-da keçiriləcək növbəti iclasında, hökumətin illik hesabatı zamanı çıxışında bir daha səsləndirəcək.
Modern.az