Sabah «ilaxır çərşənbə»dir. Azərbaycanda axır çərşənbəni xüsusi təntənə ilə qeyd edirlər. Süfrədə bayram xonçası, səməni, onların ətrafı isə boyanmış yumurta, qoz, fındıq, badam və şirniyyatlarla bəzədilir. Həmin gecə «qulaq falı»na çıxırlar, tonqal üstündən atlanırlar.
Deyilənə görə, ilin axır çərşənbə gecəsini öz evində qeyd etməlisən. Əks halda Novruzu yeddi il dalbadal başqa yerdə qarşılayacaqsan.
Bizdə adətdir, sonuncu çərşənbəyə yaxşı hazırlaşırlar, bayram bazırlığı edirlər. Maraqldır, jurnalistlər sonuncu çərşənbəyə necə hazırlaşıblar?
Modern.az bu sualla qələm əhlinə müraciət edib. Onların cavabları ilə siz də tanış olun.
“Üç Nöqtə”
“Azadinform” İnformasiya Agentliyinin əməkdaşı Mübariz Aslanov: “Allah verənden almışıq, ənənəvi formada qeyd edəcəyik. Ümumiyyətlə, ilaxir çərşənbəsi ənənəvi keçirdiyimiz bayramlardan biridi. Əlbəttə, bazar cibimizə uyğun deyil, amma məhdud çərçivədə olsa da, adam istəyir bayramı qeyd eləsin. Çünki məncə istənilən məhdudiyyətlər insanların ənənəvi bayramı olan Novruz sevincini yasamağına əngəl olmamalıdı”.
Türkiyədə yaşayan tanınmış telejurnalist İbrahim Nəbioğlu: “Mən və mənim ailəm üçün Novruz bayramı ən əsas və ən gözəl bayramdır. Xöşbəxtlikdən mənim bütün uşaqlığım nənələrimin danışdıqları nağıllara, əhvalatlara, xatirələrə qulaq asmaqla keçib. Və onların danışdıqlarında Novruz bayramı ilə çərşənbə axşamlarını necə qeyd etmələri xüsusi yer tuturdu. İndi mən və ailəm son çərşənbə axşamını Bakıdan göndərilən sovqatlarla bəzədilmiş süfrə arxasında keçirəcək və bu gözəl axşamda eşitdiklərimi, bildiklərimi öz övladlarıma danışacağam.
Hamı kimi biz də axşam bir araya gələcəyik. Gündüz isə türk və azərbaycanlı iş yoldaşlarımla bayramlaşacağıq.
Fürsətdən istifadə edib saytınızın bütün əməkdaşlarını bu gözəl bayram münasibətilə təbrik edirəm”.
“Qol.az” saytının baş redaktoru Aydın Bağırov: “Mən bütün bayramlarda olduğu kimi, ilaxır çərşənbəni də ailəmlə birgə qeyd edəcəyəm. Bayrama elə də xüsusi hazırlaşmamışam. Papaq atmaq fikrim də yoxdur. Düzdur, Novruz bayramını sevirəm. Amma mən Yeni il bayramını ondan daha çox sevirəm və məhz həmin bayrama həmişə xüsusi köklənirəm. İnsallah, bu gun işdən sonra bayram bazarlığı edəcəm”.
“Ədalət” qəzetin əməkdaşı Ceyhun Musaoğlu: “Hamı necə qeyd edəcəksə, yəqin ki, biz də elə qeyd edəcəyik. Yaşda bizdən kiçik olanlar tonqal yandıracaqlar, bizdə o tonqalın başına toplaşacağıq. Bütün bunlar çöldə baş vermir ki, içəridə insanın daxilində olur. Hər kəsin həyatında hansı gün nə hadisə baş verirsə, həmin gün onun üçün bayramdır. Ənənəvi tədbirlər keçiriləcək, amma ənənəvi tədbirlərdən başqa insanları sevindirmək lazımdır. Ya xoş sözlə, ya hanısasa hədiyyələrlə. Bunu nə qədər bacaracağıq? Bunu bacarmaq çətindir. İndiki vəziyyətlə, indiki şəraitlə bunu bacarmaq mümkün deyil. İstərdim ki, ənənəvi olmasın, dəyişsin bir qədər. Bayram elə zahirdə yox, insanların daxilində, qəlbində olsun.
Bayram bazarlığı düzü mənə bir qədər yaddır. Mənə görə elə hər gün çörək almaq üçün bazara gedərsənsə, hər gün qidalanmalısansa, yemək üçün yaşamamaq şərtilə, yaşamaq üçün yeməyə nələrsə alırsansa, elə bu bayramda da onları alırsan. Bayram bazarlığı mənə biraz yad ifadədir, həmişə evdə bişən yediklərimizi elə bayramda da yeyəcəyik. Bayram axşamı elə də fərqli bir süfrəmiz olmayacaq”.
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı: “Adi qaydada, işdə kollektvlə birgə qeyd edəcəm, ilaxır çərşənbəni işdə olacam axşama qədər. Kollektivlə bir yerdə həmişəki kimi son çərşənbəni yola verəcəyik, amma hədiyyə nəzərdə tutulmayıb. Evə bayram bazarlığını dünən elədim. Dünəndən nə lazımsa almışam”.
“Gündəlik Teleqraf” qəzetinin redaktoru Azər Hüseynbala: “Vallah çox güman ki, sabah çərşənbəni elə redaksiyada qeyd edəcəm. Mən adətən məsul bir şəxs kimi qəzet nəşriyyata gedənə qədər redaksiyada qalıram.
Elə bayram bazarlığını da özüm eləməmişəm, evdəkilər eləyib. Mənim bildiyimə görə, bugün şəkərbura bişirməyə hazırlaşırdılar”.
“Vətəninfo.az” saytının direktoru Nahid Canbaxışlı: “Naxçıvanda son çərşənbəyə baca-baca deyilir. O gün bütün uşaqlar təzə paltar geyinir və axşam od yandırdıqdan sonra uşaqlar qonşuların evinə papaq atar. İndi isə böyümüşük və papaq atan vaxtımız gedib. Amma 3 övladım var, onlar papaq atırlar. Düzdür, Bakıda bu bir qədər soyuq alınır, kəndin yerini vermir. Həm də kənd yerində bişirilən şirin çörəklər burada yoxdur, amma yenə də övladlarım və ailəmin bayramına hər zaman diqqət yetirmişəm. Çünki baharın gəlişini torpaq çərşənbəsi ilə qeyd etmək gözəldi. 1975-ci ildə mən dünyaya gələn gün axır çərşəmbə imiş, buna görə də son çərşənbə mənim üçün daha əzizdir. Naxçıvandakı evimizin həyətindən qoz göndəriblər. Digər bazarlıqları da etmişəm.Uşaqlara axşam papaq atanda boyanmış yumurta verəcəm”.
APA-nın əməkdaşı Ülkər Qasımova: “Sabah bütün gün işdə olacam. Amma mütləq qulaq falına çıxacam, işdə də olsa, papaq atacam. Artıq səmənim hazırdı və üzərində də qırmızı lenti var. Sabah işə gəlməzdən əvvəl xonçanı hazırlayacam ki, evə gedəndə artıq hazır olsun”.
Kulis.az saytının redaktoru Qan Turalı: “Qədim adət-ənənəyə görə bayram gecəsi gərək hər kəs evində ola. Buna görə də mən də evdə olacam. Axır çərşənbəni ailəmlə, dostlarımla birgə qeyd edəcəm. Novruzu uşaqlıqdan çox sevirəm və bu bayrama həmişə xüsusi hazırlaşıram. Bayram üçün bazarlıq hələ etməmişəm, yəqin ki, sabah edəcəm”.
“Kaspi” qəzetinin əməkdaşı Rufik İsmayılov: “Əgər sabah iş günü olduğunu nəzərə alsaq, digər çərşənbələr kimi, axır çərşənbəni də hər bir azərbaycanlı kimi ailəmin içində keçirəcəm.
Bununla yanşı evdəkilərin istəyindən asılı olaraq yeməkdən sonra harasa birgə gəzintiyə də getmək mümkündür. Hər şey əhval-ruhiyyədən asılıdır. Evin tək oğlu olduğum üçün atamgillə birgə yaşayıram və evin bazarlıq və s. məsələlərində hələki atam necə deyərlər, hakimdir”.
Sevinc İLTIFATQIZI
Mail AĞAXANOV