Modern.az

Bakıda Dünya Azərbaycanlı Gənclər Birliyi təsis edilir, quruma sədr seçiləcək

Bakıda Dünya Azərbaycanlı Gənclər Birliyi təsis edilir, quruma sədr seçiləcək

Təhsil

12 Mart 2012, 17:23

Martın 12-də Bakıdakı “Gülüstan” Sarayında Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı öz işinə başlayıb.

Qurultay Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə açılıb. Ali tədbir Dünya Azərbaycanlı Gənclər Təşkilatlarının fəaliyyətinə dair filmin nümayişi ilə başlayıb.

Qurultayda xaricdə yaşayan azərbaycanlı gənclər tərəfindən təsis edilmiş təşkilatların nümayəndələrindən, respublikada fəaliyyət göstərən gənclər təşkilatlarının təmsilçilərindən, dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil alan fəal azərbaycanlı gənclərdən, həmçinin Azərbaycan diaspor təşkilatlarının rəhbərlərindən ibarət 500-dək nümayəndə və qonaq iştirak edir.

Qurultay çərçivəsində 3 panel üzrə müzakirələr keçiriləcək. Birinci paneldə “Xaricdə yaşayan azərbaycanlı gənclərin təşkilatlanması və cəmiyyətə inteqrasiyası mədəniyyətlərarası dialoqun vacib elementlərindən biri kimi” mövzusu ətrafında məruzələr ediləcək və müzakirələr aparılacaq. İkinci panelin mövzusu “Azərbaycan lobbi quruculuğu: müasir dünyanın reallıqları və tarixi təcrübə gənclərin baxış bucağında”, üçüncü panelin mövzusu isə “Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatn   dırılmasında yeni təbliğat üsullarından istifadə və müasir informasiya texnologiyalarının tətbiqi” olacaq.

Panellər üzrə müzakirələr tamamlandıqdan sonra qurultay sənədlərinin müzakirəsinə başlanacaq. Dünya Azərbaycanlı Gənclər Birliyinin Nizamnaməsi, Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayının Qətnaməsi, təşkilatın 2012-2015-ci illər üçün Fəaliyyət Proqramı və digər sənədlər qəbul olunacaq. Daha sonra Dünya Azərbaycanlı Gənclər Birliyinin rəhbər orqanları seçiləcək.

Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayında ARGTMŞ sədri Fuad Muradov çıxış edib. F. Muradov deyib ki, xarici ölkələrdə 50-dən artıq Azərbycan gənclər təşkilatı fəaliyyət göstərir. Qurultayın Rəyasət Heyətinə Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, PA-nın digər şöbə müdiri Elnur Aslanov, gənclər və idman naziri Azad Rəhimov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov seçiliblər.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan prezidenti İlham Əliyevin təsis qurultayına ünvanladığı təbrik məktubunu oxuyub. Məktubda deyilir ki, Azərbaycanın gələcəyi gənclərin təhsilindən, yeniliyi tətbiq etmək bacarığından, vətənpərvərliyi və milli-mənəvi dəyərlərə sədaqətindən asılıdır: “Odur ki, gənclərin hərtərəfli inkişafı, sosial problemlərinin həlli və cəmiyyətdə layiqli yer tutması üçün əlverişli şəraitin yaradılması dövlət siyasətinin başlıca istiqamətlərindəndir. İnanıram ki, bu mötəbər tədbirin keçirildiyi gün Azərbaycan gənclər hərəkatının tarixinə əlamətdar hadisə kimi daxil olacaq”.

Xatırladaq ki, “Azərbaycan Gəncliyi Dövlət Proqramı”na uyğun olaraq 2010-cu ilin noyabr ayında Almaniyanın Frankfurt şəhərində keçirilmiş Dünya Azərbaycanlı Gənclərinin I Konqresinin qətnaməsinə əsasən Dünya Azərbaycanlı Gəncləri Birliyinin təsis edilməsi ilə əlaqədar təşəbbüs qrupu yaradılıb. 5 iyul 2011-ci il tarixində Bakı şəhərində keçirilmiş Dünya Azərbaycanlılarının III Qurultayının qətnaməsində Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis edilməsi təşəbbüsü təqdir edilib və bu prosesin sürətləndirilməsi üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyi vurğulanıb.


Mail Ağaxanov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal