“2019-cu ilin 11 ayı ərzində İİV-ə yoluxma halları faktı 592 nəfərdir. Onlardan 563(95 faiz) Azərbaycan vətəndaşı, 29 nəfəri (5 faiz) əcnəbidir”.
Modern.az xəbər verir ki, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov 1 dekabr - ümumdünya QİÇS-lə mübarizə günü ilə əlaqədar tədbirdə deyib.
Onun sözlərinə görə, qeydiyyata alınmış 563 Azərbaycan vətəndaşının 371 kişi, 192-i qadındır:
“Bu ilin 1 dekabrına qədər Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzində 6774 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır. Onlardan 69,4 faizi (4701 nəfər) kişi, 30,6 faizi (2073 nəfər) qadındır. Bu il QİÇS mərhələsinə keçənlərin və QİÇS mərhələsində aşkarlananların ümumi sayı 149 nəfərdir".
N.Zülfüqarov qeyd edib ki, indiyədək QİÇS mərhələsində olanların sayı 1765 nəfər olub:
“İİV infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı 1045 nəfərdir. 2019-cu ilin 11 ayının sonuna RQMM tərəfindən qeydiyyata götürülən vətəndaşların 41 faizində İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 47,8 faizində heteroseksual, 3 faizində homoseksual kontakt nəticəsində, 1, 6 faizində anadan uşağa keçməklə, 0,02 faizində donor qanının köçürülməsi nəticəsində baş verib. 6,6 faizində yoluxma yolu müəyyən edilməkdədir", - deyə N. Zülfüqarov vurğulayıb”.