Martın 10-11-də ölkənin bir sıra bölgələrində XI və IX siniflər üzrə sınaq (yoxlama) imtahanları keçirilib. Təhsil Nazirliyindən Modern.az saytına bildirilib ki, budəfəki imtahanlar Ağdam, Bərdə, Füzuli, Goranboy, Tərtər və Yevlax rayonlarında rayonlarında təşkil olunub.
IX siniflərdə sınaq imtahanları Azərbaycan dili və riyaziyyat, XI siniflərdə Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənlərindən keçirilib.
Növbəti imtahanlar Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Qobustan, Şəki, Zaqatala, Balakən, Lerik və Yardımlı rayonlarında 31 mart - 01 aprel tarixində keçiriləcək.
Şagird nailiyyətlərinin qiymətləndirilməsi prinsiplərinə uyğun olaraq, attestata yazılacaq yekun qiymət şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, X və XI siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanacaq. Şəhadətnaməyə yazılacaq yekun qiymət şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, VIII və IX siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanacaq.
Modern.az