İranda səfərdə olan Azərbaycanın müdafiə naziri Səfər Əbiyev Tehranda keçirilən mətbuat konframnsında çıxış edib. Modern.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən S.Əbiyevin çıxışını təqdim edir:
- Hörmətli mətbuat nümayəndələri, həmkarım cənab Əhməd Vəhidinin dəvətinə uyğun olaraq dost İran İslam Respublikasında rəsmi səfərdəyəm. Biz mütəmadi olaraq görüşür və müvafiq məsələləri birlikdə müzakirə edirik.
Öncə qeyd etməliyəm ki, Azərbaycan və İran xalqlarının tarixi, mədəni və dini bağlılıqları ölkələrimiz arasındakı əlaqələrin əsasını təşkil edir. Münasibətlərimizdə qarışılıqlı etimadın olmasını xüsusilə qeyd etmək istərdim. Bu zəruri məsələdə ümummilli lider Heydər Əliyevin xüsusi xidmətləri olmuşdur. Şübhəsiz ki, hər iki ölkənin prezidentləri cənab İlham Əliyev və cənab Mahmud Əhmədinejat arasında yaranmış dostluq münasibətləri ölkələrimizin hərtərəfli əməkdaşlığına, bizi bağlayan tarixi ənənələrin və mənəvi tellərin daha da möhkəmlənməsinə öz layiqli töhfəsini vermişdir.
Münasibətləri dərinləşdirmək üçün bizim potensialımız böyükdür və biz xalqlarımız arasındakı anlaşmanı, qarşılıqlı münasibətləri genişləndirmək üçün bu potensialdan səmərəli istifadə edilməsinə daha çox diqqət yetirməliyik. Əslində bizim milli maraqlarımız da bunu tələb edir. İran Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan dövlətlərdən biridir və bizi bir-birimizə bağlayan dəyərlər vardır.
Hörmətli mətbuat nümayəndələri! Mən qısaca olaraq Azərbaycan torpaqlarının erməni qəsbkarları tərəfindən işğalı barədə danışmaq istərdim. Bu münaqişə artıq neçə illərdir ki, regionu gərgin vəziyyətdə saxlayır, təcavüzkar siyasət yürüdən Ermənistan bölgəyə sülhün gəlməsini istəmir. Yeri gəlmişkən qeyd edim ki, İran xalqı özü də yaxın tarixində işğalın və müharibənin nə demək olduğunu yaxşı bilir. Ona görə də inanırıq ki, Azərbaycana qarşı həyata keçirilən haqsızlığın, ədalətsizliyin aradan qaldırılmasında və Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasında İran dövləti və xalqı öz mövqeyini daha kəskin şəkildə nümayiş etdirəcəkdir.
Bir milyondan artıq qaçqınımızın, təcavüzkar tərəfindən dağıdılan kəndlərin, qəsəbə və şəhərlərin, maddi, mədəniyyət və mənəvi abidələrin taleyi bu gün ikili standartların girovuna çevrilib. Bu cür halda artıq biz məcburuq ki, Silahlı Qüvvələrimizi möhkəmləndirərək torpaqlarımızı işğaldan azad edək. Bunun yolları bizim üçün aydındır.
Bu günkü görüşümüzdə həmkarımla bir çox məsələləri müzakirə etdik, qarşılıqlı maraq doğuran mövzular barədə ətraflı fikir mübadiləsi apardıq. Azərbaycan və İran dövlətləri arasında əməkdaşlığın daha da möhkəmlənməsi hər iki ölkənin maraqlarına cavab verir. Biz İran xalqının dinc yaşayışının, siyasi və iqtisadi inkişafının tərəfdarıyıq. Çalışmalıyıq ki, bizi bağlayan mənəvi tellərə zərər dəyməsin.
Fürsətdən istifadə edib bəzi məsələlərə də münasibətimi bildirmək istəyirəm. Mediyada da bu məqamlara toxunulur. Bilirsiniz ki, Azərbaycanın 20 faiz torpağı işğal altındadır. Biz öz ordumuzu ona görə gücləndiririk ki, sülhün tükəndiyi zaman işğalçı ilə onun öz dilində danışa bilək.
Bəzi beynəlxalq təşkilatlar və ölkələrlə əməkdaşlığımıza gəlincə deməliyəm ki, bu, beynəlxalq qanunlara söykənməklə heç bir digər ölkənin əleyhinə yönəlmir. Bu mənada da heç bir ölkə Azərbaycanı İrana qarşı çevirə bilməz və bizim ərazimizdən İrana qarşı istifadə edə bilməz. Bu, Azərbaycanın birmənalı mövqeyidir.
Bu mövqe cari ilin 7 mart tarixində Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin Naxçıvanda keçirilən üçtərəfli görüşündə qəbul edilmiş Bəyanatda bir daha əksini tapmış və tərəflər öz ərazilərinin düşmənçiliyə gətirib çıxara bilən hər hansı bir təhdid və ya fəaliyyət üçün istifadə edilməsinə heç bir halda icazə verməyəcəkləri barədə qətiyyətli olduqlarını ifadə etmişlər.
Bu gün terrorizmə qarşı mübarizə də hər bir ölkənin, o cümlədən bizim əməkdaşlıq məsələlərinin özəyini təşkil etməlidir. Bu mübarizəni dini, irqi, çərçivələr altına salmaq qətiyyən doğru deyil. Terrorçunun nə milləti, nə də dini olur. İslami dəyərlər də terrorçuluğun tam əleyhinədir. Narkotrafikə qarşı mübarizədə də biz birgə fəaliyyət göstərməliyik.
Hörmətli mətbuat nümayəndələri, mən bu səfərimi çox yüksək qiymətləndirir, beynəlxalq səviyyədə ölkələrimiz arasında yaranmış olan əməkdaşlıq təcrübəsinin daha da möhkəmlənməsini arzu edirəm. Əminik ki, gələcəkdə bu əlaqələr daha da inkişaf edəcəkdir. Çünki bu bizim qarşılıqlı maraqlarımıza cavab verir.
Fürsətdən istifadə edib qarşıdan gələn Novruz bayramı münasibəti ilə Sizi ürəkdən təbrik edirəm. Hər birinizə xoşbəxtlik və səadət arzulayıram.