Bakıdakı "Gülüstan" sarayında Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı keçirilib. Modern.az-ın məlumatına görə, qurultayda hökumət və dövlət nümayəndələrindən, xaricdə yaşayan azərbaycanlı gənclər tərəfindən təsis edilmiş və respublikada fəaliyyət göstərən gənclər təşkilatlarının təmsilçilərindən, dünyanın nüfuzlu ali məktəblərində təhsil alan fəal azərbaycanlı tələbələrdən, həmçinin Azərbaycan diaspor təşkilatlarının rəhbərlərindən ibarət 500-dən artıq nümayəndə və qonaq iştirak edib.
Qurultayda hökumət nümayəndələri, gənclər təşkilatlarının rəhbərləri mətruzələr ediblər, müzakirələr aparıblar.
Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayının qətnaməsi qəbul olunub.
Qətnamədə dünya birliyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli naminə səylərini səfərbər etməyə çağırılır. Həmçinin sənəddə gənclərə dövlət qayğısının artırılması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və intellektual potensialının inkişafı istiqamətində keçirilmiş tədbirlər yüksək qiymətləndirilib.
Qurultayda Dünya Azərbaycanlı Gənclər Birliyinin Nizamnaməsi də təsdiq edilib.
Bundan əlavə, qurultayda Dünya Azərbaycanlı Gənclər Birliyinin beynəlxalq gənclər təşkilatlarına müraciəti də qəbul olunub. Müraciətdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat əksini tapıb. Qəbul olunmuş müraciətdə gənclər təşkilatları Cənubi Qafqaz regionunun əmin-amanlığı, bu bölgədə yaşayan insanların təhlükəsizliyi, uşaqların gələcəyi naminə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün iş aparmağa çağırılır.
Qurultayda təşkilatın Nizamnaməsi və Fəaliyyət Proqramı da təsdiqlənib, Dünya Azərbaycanlı Gənclər Birliyinin Azərbaycan Prezidenti İlham Əliyevə müraciəti qəbul olunub.
Daha sonra Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri və Mərkəzi Şurası seçilib. Şuranın üzvləri arasında Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyeva, Avropa-Azərbaycan Cəmiyyətinin sədri Taleh Heydərov, Amerika-Azərbaycan Alyansının direktoru Anar Məmmədov da var. Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov isə Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri seçilib.
Bundan əlavə, birliyin 9 nəfərlik Nəzarət Təftiş Komissiyası da seçilib.
Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı martın 13-də ziyafət və bədii hissə ilə başa çatıb.
Modern.az