Modern.az

“Ailələrdə baş verən qətllərin səbəbi cəmiyyətin pozğunluğudur” - EKSPERTLƏR

“Ailələrdə baş verən qətllərin səbəbi cəmiyyətin pozğunluğudur” - EKSPERTLƏR

14 Mart 2012, 12:02

Son zamanlar Azərbaycanda sonu ölümlə nəticələnən ailə münaqişələrin sayı günbəgün artmaqdadır. Dıqnaqarası qəhrəmanların öz həyat yoldaşlarını, övladlarını və eləcə də valideynlərini amansızlıqla qətlə yetirməsi cəmiyyətimizdə hələ də psixoloji problemlərin olduğundan xəbər verir.
Problemlərin kökündə hansı faktorlar dayanır?

Modern.az-ın əməkdaşı ekspertlərə müraciət edib.

Milli Məclisin deputatı, hüquqşünas Çingiz Qənizadə son günlər ölkənin müxtəlif bölgələrində baş verən ailədaxili cinayət hadisələri ilə bağlı bildirib ki, bu kimi halların kökündə milli-mənəvi dəyərlərimizin olmaması durur:

“Biz son günlər mətbuatda ailə münaqişəsi zəminində qətillərin baş verməsi ilə tez-tez tanış oluruq. Bu kimi cinayətlər həmişə olub, amma əvvəllər çox nadir hallarda olardısa, indi demək olar ki, hər gün baş verir. Mən hesab edirəm ki, ölkəmizdə cinayətlərin, o cümlədən, ailə münaqişəsi zəminində ərin öz həyat yoldaşını və yaxud övladın valideynlərini öldürməsi kimi qətllər ilk növbədə cəmiyyətdə milli dəyərlərin aşınmasından irəli gəlir. Bu gün cəmiyyətimizin dəyərlərimizə qiymət verməsi 10-15 il bundan əvvəllə müqayisədə xeyli aşağıdır”.

Millət vəkili cinayətlərin baş verməsində sosial şəbəkələrin və yerli telekanallarında da rol oynadığını deyib. Onun sözlərinə görə, telekanallar öz mənfəətləri naminə tərbiyəvi verilişlər vermək əvəzinə daha çox kriminal səpgili proqramlara üstünlük verirlər. Bu da sonda böyük faciələrə gətirib çıxarır.

“Təbii ki, bu faktlarda sosial şəbəkələr və televiziyalar böyük rol oynayır. Çünki, televiziyalar bayağı verliləri ilə insanların mənəviyyatını korlayır. Televiyaların pul qazanmaq xatirinə mənfi vərdişləri təbliğ eləyən verilişlər yayımlaması bu hallara gətirib çıxarır. Mən çox istərdim ki, bizim kütləvi informasiya vasitələrində milli-mənəvi dəyərlərə xidmət edən maarifləndirici, tərbiyəvi verilişlər olsun”.

Ç.Qənizadə hesab edir ki, ölkədə baş verən qətllərdə bəzən maddi sıxıntı və insanların ehtiyacları da mühüm əhəmiyyət kəsb edir.

“İnsanların maddi durumu da bu hadisələrdə çox önəmli rol oynayır. Ailə münaqişəsi zəminində baş verən hadisələrin bir hissəsi də ailənin büdcəsinin aşağı olması ilə bağlıdır. Ərin iş tapmaması, kasıbçılıq ucbatından ər-arvad münasibətlərinin korlanması, arvadın ərin işsizliyini hər gün onun başına qaxanc eləməsi də bəzən belə qətllərin baş verməsinə gətirib çıxarır”.

Deputat əlavə edib ki, cəmiyyətdə yaşanan bütün problemlərin başında əxlaq və maddiyyat durur.

Psixioloq Elmir Əkbər də son günlər Azərbaycan ailələrində yaşanan xoşagəlməz qətlərin səbəbini ailələrin maddi durumunun aşağı olmasına görür:

“Mən düşünürəm ki, ailə daxilində baş verən qətillərdə maddi durumun mühün rolu var. Bunu inkar eləmək olmaz. Əgər əvvəllər sırf əxlaq baxımından bu cinayətlər olurdusa, indi təəssüflər olsun ki, kasıbçılıqdan yaranan problemlər buna gətirib çıxardır”.

Psixoloq hesab edir ki, insanların psixoloji durumunda da ciddi problemlər var. Onun sözlərinə görə, insanların bir-birlərini başa düşməməsi və yaranan böyük aqressiya sonda cinayətə zəmin yaradır:

“İnsanlar son zamanlar nədənsə bir-birlərini başa düşmək istəmirlər.  Eyni dildə danışmaq, eyni psixoloji dildə danışmaq deyil. Buna görə də ailə daxilində konfliktlər yaranır. Münaqişə baş verir və sonda qətillər törədilir. İndi insanların şəxsi həyatları da qaydasında deyil. Bu baxımdan insanın daxilində istəmədən çox böyük aqressiya yaranır”.

E.Əkbər telekanallarda yayımlanan kriminal verilişlərin insanlarda aqressiya və cinayətə həvəs yaratdığını qeyd edib. Bu baxımdan psixoloq hesab edir, televiziyalar qətl, cinayət hadisələrini əks etdirən verilişlərin əvəzində insanların psixologiyaasına müsbət təsir göstərən verilişlər yayımlamalıdırlar.

“Mən psixioloq kimi demək istərdim ki, cinayətlərin kökündə bəzən televiziya verilişlərində aqressiyanın təbliğ olunması dayanır. Kriminal verilişlərdə demək olar ki, bütün cinayətlər əyani şəkildə göstərilir. Bu da daxilində cinayətə meyli olan insanı bir növ daha da qızışdırır. Loru dildə desək, televiziyalar dəlinin yadına daş salırlar”.
E.Əkbər bildirib ki, gənclərin cinayətə əl atmasında əsas səbəblərdən biri də onların cəmiyyətdən təcrid olunması və ailə qayğısından uzaq qalmasıdır.

“İndiki gənclərin əksəriyyəti ziddiyyətli dəyərlər sisteminə malikdirlər. Bu baxımdan gənclərin çoxu cinayətə meyl edirlər. Bu da indiki yeniyetmələrə qayğının kifayət qədər az olmasından irəli gəlir. Fikir verirsiz, indi bölgələr diqqətdən kənar qaldığı üçün adətən cinayətlərin böyük əksəriyyəti məhz bölgələrdə baş verir. Gənclər bölgələrdə özlərini realizə edə bilmirlər. Bilmirlər necə işləsin, pul qazansınlar. Bu baxımdan onların psixoligiyasında müəyyən problemlər yaranır”.

Tanınmış ziyalı, “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay isə ailə qətllərinin kökündə cəmiyyətin olduğunu bildirib. Onun fikrincə, cinayətlər bəzən maddi sıxıtıdan törədilirdisə, indi daha çox xəyanət və əxlaqsızlıqdan baş verir:

“Məncə əsas səbəb cəmiyyətin pozğunluğudur. Mən gənc vaxtlarımda belə düşünürdüm ki, bəzən ailə daxilində baş verən hadisələrin kökündə maddi durum dayanır. Sonra mən bəzi prosesləri izlədim. Gördüm ki, burda maddi durum yox, insanların psixologiyasının, əxlaqının pozulması əsas rol oynayır”.

İ.Tuncay qeyd edib ki, cinayət hadisələri daha çox ailə başçılarının üzləşdiyi xəyanətdən və yalandan irəli gəlir. Xüsusən də, xanımların öz həyat yoldaşlarını başqa birisi ilə xəyanət eləməsi çox vaxt birinin ölümü, digərinin isə həbsxanaya düşməsi ilə nəticələnir.

“Misal üçün deyim bir qadın hardasa işləyir. Onun əri isə heç harda işləmir. Bəzən qadının öz istəyi ilə, bəzən də kimlərinsə xoş vədləri ilə onlar öz ərlərinə xəyanət edirlər. Qadın artıq öz həyat yoldaşını saymır, xoş münasibət göstərmir. Aralarında dava-dalaş düşür. Bu inanın elə-belə məsələ deyil. Bu kütləvi hal alır. Bunu dərindən düşünmək lazımdır. Belə əxlaqsızlıq bizim sabahımz üçün, uşaqlarımız üçün təhlükəlidir. Hər kəs özü-özünü tərbiyyə eləməsə, cəmiyyət düzələn deyil. Əvvələr insanlar əxlaqsızlıq edəndə hardasa çəkinirdilər. İndi isə normal hal kimi qarşılanır. Bu ölkədə pritonlar adi bir hall olub”-deyə İ.Tuncay əlavə edib.

Ölkəmizdə baş verən ailədaxili qətllər bir daha göstərir ki, Azərbaycan ailəsində kifayət qədər problemlər var.

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB