Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən “FINCA Azerbaijan” Kredit Təşkilatının maliyyə dəstəyi ilə “Füzuli rayonunun qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları Zobcuq yaşayış kompleksində yaşıllaşdırma məqsədilə bəzək ağaclarının əkilməsi” layihəsi çərçivəsində 1000 ədəd ağacı əkildi.
Tədbirdə Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyev, “FINCA Azerbaijan”ın ölkə üzrə direktoru Maniş Sane, BAMF sədri Umud Rəhimoğlu və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. İcra başçısı Alı Alıyev Novruz bayramı ərəfəsində belə bir nəcib aksiyaya görə, “FINCA Azerbaijan”ın ölkə üzrə direktoru Maniş Saneyə və BAMF sədri Umud Rəhimoğluna təşəkkür edib. Onun sözlərinə görə, 5 qəsəbədən ibarət Zobcuq yaşayış kompleksində 2100-dən çox ailə yaşayır
BAMF sədri U.Rəhimoğlu M.Saneyə və A.Alıyevə bu ideyanı dəstəklədiklərinə və yaxından köməklik göstərdiklərinə görə öz minnətdarlığını bildirib. O, deyib ki, layihəyə əsasən BAMF Tərtər rayonunda tədarük etdiyi 1000 ədəd bəzək ağacının Füzuli rayonunun Zobcuq yaşayış kompleksinə daşınmasını, ağacların əkilməsini və suvarılmasını təmin edəcək:
“BAMF 2010-cu ildə ABŞ Dövlət Departamentinin dəstəyi ilə yaratdığı Tərtər Regional Peşə və Təim Mərkəzində (PTM) müharibə qurbanlarına və onların ailə üzvlərinə peşə vərdişləri aşılamaqla bu insanlara özlərinin gəlir gətirən sahələrini yaratmaqda dəstək olur. Son iki ilə yaxın müddət ərzində PTM-də 80 nəfər müxtəlif peşə vərdişinə yiyələnib. Onlardan 16 nəfəri tingçiliklə məşğul olmağa üstünlük verib. Tingçilik peşəsinə yiyələndikdən sonra onların əksəriyyəti meyvə və bəzək ağaclarının yetişdirilməsi ilə məşğuldurlar. Bu layihəni həyata keçirməkdə də məqsəd müharibə qurbanlarının yetişdirdikləri bəzək ağaclarının satışında onlara yardımçı olmaq üçün becərdikləri və hazırda yaşıllaşdırma üçün tam yararlı olan bəzək ağaclarını tədarük edib Füzuli rayonu ərazisində qaçqın məcburi köçkünlərin məskunlaşdıqları Zobcuq yaşayış komleksində əkməkdən ibarətdir”.
U.Rəhimoğlu onu da bildirdi ki, bu layihənin həyata keçirilməsi isə həm mina qurbanlarının yaşayış səviyyəsinin bir qədər yüksəlməsində, həm də qaçqın və məcburi köçkünlərin yaşadıqları qəsəbələrdə yaşıllığın artmasında və ekoloji mühitin daha da yaxşılaşmasında mühüm addım olacaq.
Sonra “FINCA Azerbaijan”ın ölkə üzrə direktoru M.Sane çıxış edərək BAMF-ın təşəbbüsü ilə belə bir layihəyə dəstək vermələrindən məmnun qaldığını deyib.
Modern.az