“Azmısan? Problemin var? Dostun yoxdur? Qorxursan?.... O zaman “Uşaq Qaynar Xətt Xidmətinə zəng et”… Yəqin bu kimi ifadələrin yer aldığı və kömək üçün “Uşaq qaynar xətt xidməti” ilə əlaqə saxlamağı məsələhət verən reklam plakatları ilə siz də rastlaşmısınız.
Maraqlıdır, bu xidmətdən istifadə edən uşaqlar varmı? Uşaqları daha çox hansı problemlər narahat edir?
Modern.az-ın əməkdaşı bu və ya digər suallara cavab öyrənmək üçün Azərbaycan Uşaq Qaynar Xətt Xidməti ilə əlaqə saxlayıb.
Xidmətin direktoru Gülşən Cumayeva deyir ki, Uşaq Qaynar Xətt Xidməti Azərbaycanda bu qəbildən olan və sırf uşaqlara psixoloji baxımdan xidmət göstərən, onlara hüquqi məsləhətlərlə təmin edən, eyni zamanda lazım olanda yönləndirmələr edən yeganə qurumdur.
Onun sözlərinə görə, fəaliyyətə başladığı dövrdən, yəni 2010-cu ilin fevral ayından 2012-ci ilin mart ayının 1-dək qaynar xəttə 2469 zəng daxil olub ki, bunun da 1713-ü şəhərdaxili telefonlarla müraciətlərdir.
“Mobil telefon nömrələri vasitəsilə 651 zəng edilib. Eyni zamanda mobil telefonlardan 48 sms göndərilib, bundan əlavə ellektron poçtla da internet ünvanımıza 57 məktub daxil olub”.
G.Cumayeva bildirir ki, aparılan təhlil nəticəsində məlum olub ki, daxil olan müraciətlərin 1022-i psixoloji problemlərlə bağlıdır. Bundan əlavə, təhsilə aid 785, sosial sahəyə ilə bağlı 288, hüquqi sahəyə aid 187, səhiyyə ilə bağlı 53 mürciət daxil olub.
“Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” yaranmasında əsas məqsəd çətin vəziyyətdə olan, psixoloji və emosional dəstəyə ehtiyacı olan, hüquqi məsləhətlə təminata böyük ehtiyacı olan uşaqların problemlərinin həllinə yönəlik qurumdur. Buradan uşaq və gənclər, habelə uşaq məsələləri ilə bağlı böyüklər də zəng edib dəstək və məsləhət əldə edə bilir”.
Müsahibimizin sözlərinə görə, qaynar xəttin işçi heyəti xəttin rəhbəri və telefon operatorlarından ibarətdir ki, həmin operatorların ixtisası psixoloq, hüquqşünas və sosial işçidir, yəni fərdi şəkildə uşağın problemini dinləməyə və həll etməyə hazır olan şəxslərdir.
“Xidmətimiz hazırda saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir. Qaynar xətt 3 stasionar telefon nömrəyə (480-22-80), iki "Azercell" operatorunun mobil nömrəsinə (050-680-22-80 & 051-880-11-80), habelə e-poçt xidməti ([email protected]) və internet saytına (www.childhelpline.az & www.usaqxetti.az) malikdir.
Eyni zamanda bu yaxınlarda bizim “Avirtel” MMC şirkəti ilə bir anlaşmamız da oldu. Belə ki, bunun nəticəsində biz artıq regionda yaşayan uşaqların probleminin həlli ilə bağlı daha çox işləyəcəyik. Regionda yaşayan uşaqların şəhərdaxili nömrələrə zəng etdiyi halda ödəniş etdiyi üçün onlarla əlaqə saxlamaqda çətinlik olurdu. Amma indi “Avirtel” MMC şirkəti ilə əlaqə nəticəsində 088 480 22 80 nömrəsi əldə etdik ki, bu da bizim şəhər daxili nömrəmizlə demək olar ki, eynidir. Bu nömrə vasitəsilə uşaqlar heç bir ödəniş etmədən bizimlə əlaqə saxlaya biləcəklər”.
Xidmət rəhbəri qeyd edir ki, uşaq qaynar xətti təkcə uşaqlara deyil, eyni zamanda gənclərə və böyüklərə psixoloji və emosional yardım göstərir, məsləhətlər verir.
Gülşən Cumayeva xidmətə uşaq evlərində, internatda olan uşaqların zəng etməsi hallarının müşahidə edilmədiyini deyir.
“Olursa da bir-iki nəfər olur, yəni elə çoxluq təşkil etmir. Bizə əsasən uşaq evlərini, internatı tərk etdikdən sonra yaşayış hüququi, işlə bağklı problemləri olduqda zəng edənlər olub ki, biz də onlara lazımi səviyyədə kömək etməyə çalışmışıq”.
O, həmçinin bildirir ki, qaynar xətt xidməti hər uşağa 35-40 dəqiqə vaxt ayırır. “Bu normativdir. Amma uşaq yenə də danışmağa davam etmək istəyirsə və ağlayırsa o zaman bu vaxt 1 saata kimi uzanır. Ümumiyyətlə deyim ki, bu təkcə bir seansla həll edilən problem deyil. Psixolji problmedirsə, uzun müddətli dəstəyə ehtiyacı varsa o zaman biz həmin uşaqla 3-4 dəfə müxtəlif vaxtlarda danışırıq. Daha ciddi problem olduqda isə o zaman lazımi ünvanlara onları yönləndiririk” deyə xidmət rəhbəri vurğulayıb.
Məlumat üçün bildirək ki, “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” 2010-сu il fevral ayının 1-dən Təhsil Nazirliyi və “Ümidli Gələcək” Gənclər Təşkilatının birgə əməkdaşlığı əsasında, eyni zamanda “Azərcell” Telekom Şirkətinin xüsusi maliyyə və texniki dəstəyi və UNİCEF, “Uşaqların Xilası” və “Dünyaya Baxış” beynəlxalq təşkilatlarının dəstəyilə təsis edilmiş qurumdur.
Aytən ƏLİYEVA