Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a verilən məlumatda deyilir ki, “Azadlıq" radiosunun əməkdaşı Xədicə İsmayılovanın şəxsi həyatının toxunulmazlığı hüququnun pozulması ilə əlaqədar Daxili İşlər Nazirliyindən daxil olmuş araşdırma materialları əsasında Baş Prokurorluq tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156-cı maddəsi (şəxsi həyatın toxunulmazlığını pozma) ilə cinayət işi başlanıb.
İş üzrə istintaqın aparılması Bakı Şəhər Prokurorluğuna tapşırılıb.
Qeyd edək ki, martın 7-də “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılovanın ev ünvanına təhdid və şantaj xarakterli məktub gəlib. Məktubda intim xarakterli şəkillər və hədələr yer alıb. Jurnalistə özünü yığışdırmaq məsləhət görülüb, əks halda rüsvay olacağı bildirilib.
Daha sonra Azərbaycanın internet məkanında Xədicə İsmayılovanın şəxsi həyatına aid videogörüntü yayılıb. Gizli yolla çəkilən bu görüntü X.İsmayılovanın intim həyatını əks etdirir.
Modern.az