Modern.az

Seçkiyə özbaşına gedən partiya üzvlərini ciddi cəza gözləyir

Seçkiyə özbaşına gedən partiya üzvlərini ciddi cəza gözləyir

13 Dekabr 2019, 15:35

Mərkəzi Seçki Komissiyası 7 dekabr tarixindən növbədənkənar parlament seçkisi prosesinə start verib.

Bəzi siyasi partiyaların seçkidə iştirak edəcək namizədlərinin siyahısı hazırdı.


Maraqlıdır ki, partiyalarada adı vahid siyahıya salınmayan, amma seçkidə namizəd kimi iştirak etməyə iddialı şəxslər az deyil. Partiya rəhbərliyinin icazəsi olmadan namizədliyini elən edəcək şəxslər olacaqsa, onları hansı cəza gözləyir?


Modern.az mövzu ilə bağlı siyasi partiyaların səlahiyyətli nümayəndələri ilə əlaqə saxlayıb.

 

Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şura üzvü Aydın Mirzəzadə:

“YAP-ın artıq bu məsələylə bağlı müəyyən təcrübəsi var. Bizim təqdim etdiyimiz siyahıdan kənar kimsə namizədliyini irəli sürərsə, ona ya namizdliyini geri götürmək, ya da partiyadan çıxmaq təklifi edilir. Hesab edirik ki, bizim tərəfdarlar və resurslarımızı seçki ərəfəsində bölməyə heç bir ehtiyac yoxdur”.


Aydın Mirzəzadə qeyd edib ki, YAP daxilində məsləhətləşmələrdən sonra ən layiqlilər parlament və ya bələdiyyələrdə üzvlüyə namizəd seçilir:

“Bir çox hallarda partiya üvləri müstəqil şəkildə namizədliyini irəli sürüblər, lakin partiya onları geri çəkib. Düzdür, bəzən sona kimi getmək istəyənlər də olub. Belə olan halda bizim yollarımız ayrılır və həmin şəxs partiyadan xaric edilir”.

 

Müsavat Partiyasının rəhbəri Arif Hacılı:

“Partiyamızda belə hallarla rastlaşmamışıq. Ona görə də bu haqda müzakirələrimiz olmayıb. Bu kimi məsələlər kollegiya şəklində müzakirə edilir və həll olunur”.

 


“ReAl” Partiyası
nın icra katibi Natiq Cəfərli:

“Bütün partiyalar üçün siyahıya düşməyən üzvün namizədliyini özbaşına irəli sürməsi həm siyasi, həm də partiya etikasına ziddir. Əgər partiyanın verdiyi qərar varsa, üzvlərin də həmin qərara uyğun olaraq hərəkət etməyi onların borcudur. Əgər hər hansı üzv belə bir addım atmaq istəsə belə, ən azı partiyanın Mərkəzi Aparatı ilə məsləhətləşməlidir. “ReAl”a gəldikdə isə, burda fərqli situatsiya ondan ibarətdir ki, bizim qeydiyyatımız yoxdur, MSK-ya siyahaları partiya şəklində verə bilmirik. Çünki buna qanun icazə vermir”.


Natiq Cəfərli qeyd edib ki, “ReAl” üzvləri fərdi qaydada öz namizədliyini irəli sürür, lakin bu da partiya Mərkəzi Aparatının qərarı ilə baş verir:


“Bu prosses, yəni namizədlərin dəqiqləşdirilməsi bizdə təqribən keçən ilin may ayından başlayıb. Erkən başladığımız üçün seçkilr elan olunan ilk gündə bizim artıq 43 namizədimizin hansı dairədən gedəcəyi bəlli idi. Lakin proses davam edir, siyahı arta da bilər. 2 gündən öncə də yeni bir blokun təsis olunmasına  qərar verdik və bu da ölkədə ilkdir. Siyasi partiya ilə müstəqil namizədlərin “ReAl cümhuriyyətçilər” ittifaqı adı altında seçkilərə getməsi ilə də bağlı qərar verdik. Yəni “ReAl”ın brendi altında müstəqil namizədlər də olacaq ki, onların da sayı 10-12 nəfərə çatacaq. Ümumilikdə növbəti seçkilərdə bizim seçki blokunun 60-a yaxın namizədi olacaq. Bütün qərarlar da partiya rəhbərliyinin İdarə Heyətinin birgə toplantında verilir. Lakin qeyd etmək istəyirəm ki, partiya üzvlərindən kiminsə müstəqil şəkildə namizədliyini irəli sürməsi onun hüququdur”.

 

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu:

“Partiya üzvlərinə müstəqil şəkildə namizədliyini irəli sürməsinə görə qətiyyən cəza verilə bilməz. Seçkilər Konstitutsiyada vətəndaşlara verilən hüquqdur. İstənilən partiya üzvü fərdi şəkildə namizədliyini irəli sürüb, seçkilərdə iştirak edə bilər. Heç bir partiyanın hər hansı üzvü haqqında ölçü götürməyə haqqı yoxdur. Belə olduğu halda vətəndaşın seçki hüququna müdaxilə edilmiş olur. Üzvlərin cəzalandırılması partiyanın nizamnaməsinin və ölkə qanunlarının pozulması ilə bağlı ola bilər. ADP öz üzvlərinə deyib ki, kim istəyirsə, partiya siyahısından kənarda da gedib namizdliyini irəli sürsün, biz ona yenə də dəstək verməyə hazırıq”.

 

Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Xəzər Teyyublu:

“Bizim hələ ki seçkilərlə bağlı mövqeyimiz yoxdur. Dediyiniz hal baş verərsə, ona münasibət bildirmək olar. Amma əslinə qalsa, partiyada qərar qəbul olunursa, qaydaya uyğun olaraq hamı ona tabe olmalıdır. Qərar hamı üçün qərardır, seçkiyə gedilməlidirsə, buna uyğun hərəkət edilməlidir. Partiyanın sıravi üzvləri bəlkə də seçkidə iştirak edə bilərlər, amma tanınmış simaların siyahıdan kənar şəkildə namizədliyini irəli sürməsi yaxşı çıxmır. Partiyanın qanunlarına əməl olunmasa, təbii ki, təşkilat bununla bağlı tədbir görə bilər”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya ani hücum-Bu şəhərlər bombalandı