Modern.az

“Zurabişvili Ahıska türklərinin geri qayıtması ilə heç maraqlanmır” - Gürcüstanlı deputat

“Zurabişvili Ahıska türklərinin geri qayıtması ilə heç maraqlanmır” - Gürcüstanlı deputat

Dünya

17 Dekabr 2019, 10:06

Ahıska türklərinin doğma el-obalarına qayıtmaları məsələsi hələ də həll edilməmiş qalır. Bir neçə dəfə türklərin Gürcüstana geri qayıtması prosesinə başlanılacağı söylənilsə də, bu, tam olaraq həyata keçməyib.

 

Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputat Azər Süleymanov Modern.az-a açıqlamasında bildirib ki, Ahıska türkləri ilə bağlı məsələ çoxdandır ki, müzakirə olunmur:

 

“Ahıska türkləri ilə bağlı yeni heç nə yoxdur. Gürcüstan hökuməti söz vermişdi ki, Ahıska türkərini öz doğma yurdlarına qaytaracaq. Lakin heç bir iş görülmədi. Ahıska türkləri hər zaman öz doğma ata-baba yurdlarına qayıtmaq istəyib. Amma onların həmin doğma torpaqlarına qayıtması dövlət üçün də təhlükəli ola bilərdi. Ona görə də Gürcüstan hökuməti Ahıska türklərinin məskunlaşması üçün başqa yerləri məsləhət gördü. Ahıska türkləri arasında vətəndaşlıq alanlar da var. Həmçinin Gürcüstana rəhbərlik edən Salome Zurabişvili bu işlərlə heç maraqlanmır. Belə məsələlər Gürcüstan hakimiyyətinin diqqətində deyil”.

 

Ahıska türklərinin öz doğma yurdlarına qayıtmasının hansı səbəblərdən təhlükəli olmasına gəlincə, azərbaycanlı deputat deyir ki, həmin ərazilərdə artıq ermənilər məskunlaşıb:

 

“Ahıska türkləri öz yurdları olan Axalkalaki və Cavaxetiyaya qayıtmaq istəyirlər. Halbuki Ahıska türklərinin öz torpaqlarından uzaq düşməsindən xeyli vaxt keçib. Həmin Axalkalaki və Cavaxidzedə ermənilər, gürcülər məskunlaşıblar. Hətta, Ahıska türklərinin tikdikləri ev-eşikdən belə əsər-əlamət qalmayıb. Həmin evlər artıq dağılıb. Bununla belə Gürcüstan hökuməti Ahıska türklərinə alternativ yol təqdim edib. Sadəcə, türklər digər ərazilərdə yaşamaq istəmirlər. Ona görə də nə Gürcüstan dövləti, nə də Ahıska türkləri tərəfindən hər hansı açıqlama verilib. Ümumiyyətlə, məsələ hələ də həllini tapmayıb”.

 

Gürcüstandakı Azərbaycan kəndlərinin adının dəyişdirilməsinə münasibət bildirən Azər Süleymanov məsələnin gündəmdə olmadığını xüsusi vurğulayıb:

 

“Dəfələrlə kənd adlarının dəyişdirilməsi məsələsi gündəmə gəlib. Onu deyə bilərəm ki, hazırda o məsələ gündəmdə deyil”. 

 

Qeyd edək ki, 1944-cü ildə SSRİ lideri İosif Stalinin əmri ilə Gürcüstanda yaşayan Ahıska türkləri iki saat içərisində qatarlara mindirilərək sürgün ediliblər. Onlardan bəziləri ağır yol şəraitinə dözə bilməyib və minlərlə ahıskalı elə yoldaca dünyasını dəyişmişdi.

 

Xatırladaq ki, Gürcüstan parlamenti 2007-ci ildə Ahıska türklərinin ölkəyə dönməsi ilə bağlı qərar qəbul edib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi