Milli Məclisin martın 16-da keçirlən iclasının ikinci hissəsində Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Almaniya xarici işlər naziri Gido Vestervellenin Azərbaycana səfəri və Bakıda müxalifətlə görüşünə münasibət bildirib.
“Mən soruşmaq istəyirəm ki, əgər Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov gedib Almaniyada desturuktiv qüvvələrlə Almaniyanın taleyini, daxili vəziyətini müzakirə etsə, görək bunu necə qarşılayarlar? Yaxşı, siz gəlmisiz... Əvvəla beynəlxalq təşkilat tərəfindən mandatınız yoxdur. Siz Avropa Şurasının, BMT-nin, ATƏT-in təmsilçisi deyilsiniz, siz Azərbaycan kimi başqa bir ölkənin xarici işlər nazirisiniz. Gəlmisiniz bura, elə adamlarla, partiyalarla qapalı görüşlər keçirirsiniz ki, onlar ümumiyyətlə Azərbaycan haqqında dosyelər verirlər. Onlarda milli təəssüb hissi deyilən şey yoxdur. Daha çox tənqid elə, daha çox qərəzli yanaş, daha çox qonorar qazan prinsipi ilə fəaliyyət göstərirlər. Elə adamlarla görüşürlər ki, onlarda milli təəssübkeşlik hissi yoxdur. Biz buna qarşı ciddi şəkildə sözümüzü deməliyik, müqavimət göstərməliyik”.
F.Ağamalı Almaniyanın ombudsmanı da tənqid edib. Deyib ki, Almaniya ombudsmanı da xarici işlər nazirini müşayət edib, ombudsman isə Azərbaycanda insan hüquqlarından danışıb:
“Ona bu səlahiyyəti, mandatı kim verib? Hesab edirəm ki, bu məsələdə Azərbaycanın Xarici İşlər Nazirliyi də kifayət qədər prinsipal mövqe tutmayıb. O adamın bura gəlməsinə nə ehtiyac var? Əgər gəlib burada ayrı-ayrı desturuktiv qüvvələrlə görüşürsə, öz ölkəsində problemləri qoyub gəlib bizim ölkədə insan hüquqlarından danışırsa, bu yolverilməzdir. Bu yaxınlarda Almaniyada alman milətçiləri 11 türk ailəsinin evini yandırdılar. Niyə həmin adamın səsi çıxmadı, etirazını bildirmədi. Bu nədir. Hərə gəlib burada bir şey danışır”.
Spiker Oqtay Əsədovun Fəzail Ağamalıya cavabı belə olub: “Sizin fikirlərə şərh vermək istəmirdim. Amma ikinci dəfədir ki, Gürcüstan prezidenti Mixail Saakaşvilinin Milli Məclisdəki çıxışına münasibət bildirirsiz. Belə çıxır ki, Milli Məclis özü buna şərait yaradıb və Milli Məclisin fikrini ifadə edib. Mixail Saakaşvili müstəqil dövlətin prezidentidir. Bura rəsmi səfərə gəlib, Milli Məclisdə çıxış etmək istəyib, bunu qadağan etmək olmaz, çünki rəsmi səfərdir. O yalnız öz fikirlərini ifadə edib. Bunun nə Azərbaycana, nə də ki Azərbaycanın siyasətinə aidiyyatı yoxdur. Bunu hər dəfə deməyi artıq hesab edirəm.
Almaniya xarici işlər nazirinin səfərinə gəlincə, o Azərbaycana rəsmi səfərə gəlib. Bu da onun səviyyəsidir. Çünki bizim bəzi səviyyəsizlər buna imkan yaradırlar ki, belə görüşlər keçirilsin. Əgər Elmar Məmmədyarov Almaniyaya getsə, orada bizdəki kimi destruktiv qüvvələr olmayacaq ki, orda ona belə şərait yaratsınlar. Bunun da səbəbini dəfələrlə demişik – bizim millətin yaddaşından böyük qardaş Moskva xofu çıxmayıb. Hər kəs kənarda bir qüvvə axtarır ki, ona müraciət etsin. Bunu belə şişirtməyə, onu reklam etməyə ehtiyac yoxdur”.
Ümid Partiyasının sədri İqbal Ağazadə isə deyib ki, Almaniya xarici işlər naziri ilə görüşənlərdən biri də özüdür: “Heç kim nə ölkənin marağını satır, nə məbafeyini kimisə tabe etdirmir. Azərbaycan Avropa İtitfaqı, ATƏT, Avropa Şurası çərçivəsində ölkələrə əməkdaşlıq edir. Avropa İtifaqının ölkələrindən biri də Almaniyadır. Almaniya Azərbaycandakı vəziyyətlə maraqlanır. Başqa bir dövlətlə münasibətləri bu formada pozmaq və məsuliyyətsiz bəyanatlar vermək doğru deyil. Almaniya Avropanın ən aparıcı dövlətlərindən biridir və Azərbaycana dost ölkədir. Dağlıq Qarabağ problemi və Xocalı faicəsi ilə bağlı Almaniyanın Bundestaqının qərarlarının nədən ibarət olduğunu yaddan çıxarmayın”.
Modern.az