Modern.az

“Mircəfər Bağırov stəkanı göstərib dedi ki, burada su nə gəzir” - İki dəfə deportasiya görmüş soydaşımızla SÖHBƏT

“Mircəfər Bağırov stəkanı göstərib dedi ki, burada su nə gəzir” - İki dəfə deportasiya görmüş soydaşımızla SÖHBƏT

17 Dekabr 2019, 14:51

1988-89-cu illərdə Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlılar 30 ildir ki, doğma torpaqlarına həsrət qalıb. O torpaqlar on illərdir öz soydaşlarına qovuşa bilmir.

 

Modern.az-ın müsahibi bir dəfə deyil, bir neçə dəfə öz doğma torpaqlarından deportasiya olunmuş Seyfullah Abbasovdur.

 

“O torpaqlara həsrət qalmışam”

 

“Ümid sonda ölür” deyirlər.Hazırda müsahibimizin 85 yaşı  olsa da, hələ də öz doğma torpaqlarına qayıtmaq ümidi ilə yaşayır. Deyir, həyat o qədər gözəldir ki!

 

“Həyatdan zövq almağa çalışın. Yaşamaq bir başqa gözəllikdir. Mən gözümü elə gözəl məmləkətdə dünyaya açmışam ki! O məmləkətin suyunu, havasını, ətrini bu gün heç nədən ala bilmirəm. Tez-tez yuxularımda doğma yurduma səyahət edirəm. Qayaları, daşları gəzirəm. Atamla seyrinə çıxdığımız yerlər məni yenidən qoynunda gəzdirmək istəyir. Ən pisi bilirsiz nədir?! Elə ki yuxudan ayıldım, hər şeyin boş olduğunu görürəm. Bu vaxt gözlərim dolur. Axı nəyə görə o torpaqlara həsrət qalmışam”.

 

 

 

“Vaxtımdan əvvəl böyümüşdüm”

 

Taleyinə bir neçə dəfə deportasiya olunmaq düşən Seyfullah Abbasov söhbət zamanı bir qədər əvvələ nəzər salıb:

 

“Biz Şöreyel mahalı Amasya rayonunun Daşkörpü kəndindənik. 1948-ci ildə deportasiya olunsaq da, bu haqda ilk siqnal 1945-ci ildə verilmişdi. Bilirsiz ki, İkinci Dünya Müharibəsi həmin il sona çatmışdı. Dünya hələ də müharibənin xofu içərisində idi. Biz də dünyanın bir parçası olaraq o xofu yaşayırdıq. Həmin vaxt balaca uşaq idim. “Müharibə uşaqları vaxtından əvvəl böyüdür”- deyirlər. O sözdə bir hikmət var. Mən də vaxtımdan xeyli əvvəl böyümüşdüm. Yadımdadır ki, babamın evində qalırdıq. Bir gün dədəm bağçada işləyirdi. Bir də gördük ki, sıra ilə düzülmüş əsgərlər həyətdəki atları tutdular. Mənim də əsgərlərdən çox xoşum gəlirdi. Dədəmə dedim ki, “onlar elə həyətdə qalacaq?!”. Nə isə erməni əsgərlərdən biri söhbətə başlayanda təmiz türkcə bildiyi bəlli oldu. Dədəm dedi ki, “əsgər zabitlə bir süfrədə oturmaz”. Sovetin belə qanunları vardı. Onlar oturub yemək yedilər. Onlar yemək yeyən vaxtı mən də pəncərədə oturmuşdum. Pəncərədən baxanda gördüm ki, həyətdəki maşınların işıqları yanır. Dədəm də bilmədi həmin maşınlar kimindir. Məni maşına çağırdılar. Ancaq niyə çağırdıqlarını bilmədim. Maşındakıların hamısı hərbçilər idi. Hərbçilər kolxozun içinə qədər gedir, insanların arasında olurdular. Sanki insanları izləyirdilər. Bizim kolxozun adına “milyoner” kolxoz deyirdilər. Çünki hamı imkanlı idi”.

 

“Arana uyğunlaşa bilmədik”

 

 

Müsahibim deyir ki, qara günləri o vaxtdan başladı:

 

“O zamankı Sovet hökumətinin məqsədi Daşkörpü kəndinin camaatını tam olaraq köçürtmək idi. O vaxtı paravozlar vardı. Onunla gedib gəlirdik. İnsanlar paravozun böyründəki texniki suyu doldurub içirdilər. Su yox idi. 8-10 saatlıq yolu 2 sutka yarıma Göyçay stansiyasına gəlib çatdıq. Bizim kəndin camaatını Aran rayonlarına köçürtdülər. O vaxt bir erməni vardı. Atama dedi ki, “mal-qaranı aparma. Hamısı tələf olacaq. Bura dağlıq ərazidir. O yerlərin havasına uyğunlaşmayacaq”. Düz də deyirmiş. Çünki biz insanlar dağ adamı olduğumuzdan Arana uyğunlaşa bilmədik. Çox çətin idi. İnsanları kənddən zorla çıxarırdılar. Hətta güclə barmaq izləri ilə imza atdırırdılar. Nə isə gedib yuxarılara çatdırırlar ki, “bəs Rəsul kəndi tərk etmək istəmir. Əgər o getmirsə, biz də getmirik”. Qaraçanta  kəndinin camaatı geri qayıtmışdı. O zamankı KQB nümayəndəsi 2 saatdan sonra qapını kəsdirib dayandı. Atamı çölə çağırdılar. Bizim evimiz də köhnə dövlət evi idi. Bir saat evdə söhbət edəndən sonra maşına oturub getdilər. Atam evə gəlib anama dedi ki,  “Mehriban hazırlaş, gedirik”. Anam da “ay Rəsul axı niyə? Biz getmirik axı!”. Atam çox ağırtəbiətli adam idi. Nə üçün getməli olduğumuzu bizə izah etmədi. Sadəcə “hazırlaşın gedirik. Ellə gələn toy-bayramdır”- dedi. Bir evdə 3 stəkan 2 nəlbəki güclə tapmaq olardı. Aparmağa o qədər də nələrsə yox idi”.

 

“Əgər sən Kürün suyunu içə bilmirsənsə...”

 

Seyfullah Abbasov deyir ki, 1952-ci ildə yenidən öz yurdlarına qayıdıblar:

 

 

“1952-ci ildə Amasya rayonunun Qaraçanta kəndinə qayıtdıq. Çünki bizi 1948-ci ildə zorla dədə-baba torpaqlarımızdan çıxartmışdılar. Mircəfər Bağırov həmin vaxt Mərkəzi Komitənin birinci katibi idi. Bütün işləri Bağırov idarə edirdi. Bağırovla görüşərkən belə hadisə oldu. 2 stəkan götürdük. Birinə kəndimizdən gətirdiyimiz suyu, digərinə Aranın suyunu tökdük. Mircəfər Bağırova dedik ki, hansında su var?!” O da kəndimizin suyu olan stəkanı göstərib dedi ki, “burada su nə gəzir? Boş stəkandır”. Ancaq Aran suyunu göstərdi. Nəhayət, bu biri stəkanda da su olduğuna inandırdıq. O götürüb suyu içdi və kəndimizin suyunun daha dadlı və içməli olduğunu söylədi. Mən də ona dedim ki, “əgər sən Kürün suyunu içə bilmirsənsə, biz necə içək?! Biz öz kəndimizə, yudumuza, evimizə qayıtmaq istəyirik. Bu yerlər bizə görə deyil”. Beləliklə, 1952-ci ildə Amasya rayonunun Qaraçanta kəndinə gəldik. O kənd bizim kəndlə qonşu idi”.

 

“Əsl qara günlərimiz başladı”

 

85 yaşlı müsahibim ikinci və sonuncu dəfə deportasiya olunmalarını  ürək ağrısı ilə xatırlayıb:

 

“Əsl qara günlərimiz 1988-ci ildə başladı. Elə bilirdik ki, müvəqqəti olaraq deportasiya olunuruq. Biz ikinci dəfə deportasiya olunanda yenə də Aran rayonlarına gəldik. Ancaq mən imtina etdim. Ona görə də Bakının Xırdalan adlanan ərazisinə köçməli olduq. O gündən Daşkörpüyə, Qaraçantaya qayıtmaq eşqilə yaşayırıq. O torpaqların hər qarışı bizə doğmadır. Mənim uşaqlığım, gəncliyim o yerlərdə keçib. Bilmirəm o yerlərə getmək qismət olacaq, yoxsa, yox. Ancaq bunu çox arzulayıram”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj