Martın 17-də Bakının Səbail rayonunda 20-ci yaşayış sahəsindəki sürücülük məktəbinin stadionunda Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin mitinqi keçirilib. Mitinqin sonunda xoşagəlməz hadisə yaşanıb və dava düşüb.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov müxalifət partiyalarının gənclər təşkilatlarının martın 17-də keçirdiyi mitinqə münasibət bildirərkən orada baş verən xoşagəlməz olayı pisləyib.
Jurnalistlərə açıqlamasında Ə.Həsənov deyib: “Demokratik dövlət olan Azərbaycanda vətəndaşların ifadə, sərbəst toplaşmaq və digər hüquq və azadlıqları tam təmin edilib. Qanunla müəyyən olunmuş qaydada insanların toplaşaraq öz fikirlərini, mövqeyini bildirmək üçün zəruri şərait yaradılıb. Müxalifət partiyalarını təmsil edən gənclərin keçirdikləri mitinq bunu əyani şəkildə sübut etdi”.
"Təəssüflə onu da bildirmək istərdim ki, bu aksiyada Azərbaycan xalqının, onun aparıcı qüvvəsi olan Azərbaycan gəncliyinin mentalitetinə, mənəvi dəyərlərinə zidd davranışın da şahidi olduq. Daim milli xüsusiyyətlərdən, əxlaqi dəyərlərdən, insani keyfiyyətlərdən ağzı dolusu danışanlar öz "liderlərinin" mənəviyyatına uyğun olaraq mövqelərini söyüş, təhqir, əxlaqsız hərəkətlərlə ifadə etdilər. Əslində bu, Azərbaycan xalqına, gənclərimizə qarşı təhqirdir"-deyə Ə.Həsənov bildirib
O qeyd edib ki, digər tərəfdən, bu aksiya meydan veriləcəyi təqdirdə on minlərlə insanı bir araya toplayacaqlarını daim təkrarlayan radikal müxalifət təmsilçilərinin həqiqətdə nəyə qadir olduqlarını açıq göstərdi. Bir daha sübut olundu ki, Azərbaycanın siyasi arenasında radikalizmə, dağıdıcılığa yer yoxdur.
Modern.az