ABŞ-da demokratların çoxluğa malik olduğu Konqresin Nümayəndələr Palatasında prezident Donald Trampın impiçment olunmasına səs verilib.
Nümayəndələr Palatası impiçment prosesi çərçivəsində prezident Donald Trampa qarşı iki maddəlik ittiham üzrə müzakirələr keçirib. Müzakirələrin yekununda Nümayəndələr Palatasının üzvləri Donald Trampı vəzifədən sui-istifadə və Konqresin təhqiqatına maneə olmaq maddələri ilə ittiham edərək, onun impiçmentinə səs verib.
Bundan sonrakı proseduralara görə, Trampın hakimiyyətdən kənarlaşdırılma üzrə impiçment prosesi Konqresin yuxarı palatası olan Senata keçiriləcək. Burada senatorların hakim, Nümayəndələr palatası üzvlərinin isə ittihamçı qismində çıxış edəcəyi məhkəmə prosesi gerçəkləşəcək. Prosesin sonunda keçiriləcək səsvermədə prezidentin vəzifədən kənarlaşdırılması üçün senatorların 2/3 hissəsinin səsi lazımdır.
Hazırda ABŞ Senatında çoxluğun respublikaçıların əlində olmasını nəzərə alsaq, çox güman ki, impiçment prosesi məntiqi sonluğuna çatmayacaq.
Hələ prezidentliyə namizədliyi dövründən qalmaqallarla yadda qalan Donald Tramp impiçment olunan ilk dövlət başçısı deyil.
Modern.az əleyhinə impiçment proseduru başlanan ABŞ prezidentlərinin siyahısını təqdim edir.
Amerika tarixində əleyhinə impiçment prosesi başlanan ilk prezident Endrü Conson olub. ABŞ-ın 17-ci prezidenti olmuş Consonun hakimiyyəti 1865-1869-cu illəri əhatə edib. Onun haqqında impiçment prosesi başlasa da. prezidentlikdən kənarlaşdırılmayıb.
1969-1974-cü illərdə ABŞ-da hakimiyyətdə olan Riçard Niksonun haqqında da impiçment elan edilib. Lakin Riçard Nikson qərarın icra edilməsini gözləmədən, istefa verib və istefa vermiş yeganə ABŞ prezidenti kimi tarixə düşüb.R. Niksona impiçment prosedurunun başlanması Uotergeyt qalmaqalı ilə əlaqədar olub.
ABŞ-ın 42-ci prezidenti Bill Klinton isə şəxsi həyatı ucbatından impiçmentə məruz qalıb. Belə ki, 1998-ci ildə mətbuatda Bill Klintonun öz katibəsi Monika Levinski ilə 1996-cı ildə olan intim əlaqələri barədə məlumatlar yayıldı. Bu xəbərlər prezidentin qeyd olunan məsələ ilə bağlı yalan danışdığı iddialarına səbəb oldu və ona qarşı impiçment prosedurunun başlanması ilə nəticələndi. Lakin sonda ABŞ Senatı impiçment tələbini rədd edən qərar qəbul etdi. Beləliklə, Bill Klinton impiçment proseduruna qalib gələn ABŞ prezidenti kimi tarixdə qaldı.