Bu ayın 21,22-də Bolqariyanın paytaxtı Sofiya şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Mədəniyyət Təhsil və Sosial Məsələlər Üzrə Komitəsinin 38-ci iclası olacaq.
Bu barədə Modern.az saytına ölkəmizin assambleyadakı nümayəndə heyətinin üzvü və həmin komitəninm sədri Jalə Əliyeva məlumat verib.
Toplantının mövzusu “Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə uşaqların hüquqlarının qorunması və görülən işlərə bir baxış” adlanır.
J. Əliyeva saytımıza deyib ki, bu təşkilat iqtisadi maraqlar çərçivəsində toplanan qurum olmasına, burada siyasi məsələlərin birmənalı olaraq qadağan olunmnasına baxmayaraq, Azərbaycanlı deputatlar hər səfərlərində bu təşkilatda Qarabağ problemini mütləq on iki üzv ölkənin diqqətinə çatdırmağa çalışır: “Budəfəki mövzu da uşaq hüquqları ilə bağlıdır. Biz təbii ki, çıxışımızda Azərbaycanda uşaq hüquqlarının müdafiəsi ilə bağlı görülən işlərlə, əldə etdiyimiz nailiyyətlərlə bərabər, bu günə qədər tapdalanan uşaq hüquqlarından da danışacağıq. Qarabağdan məcburi köçkün olan uşaqların hüquqlarını orada mütləq qeyd edəcəyik. Eyni zamanda ötən il ermənilərin oyuncağın içərisində yerləşdiridikləri oyuncağın partlaması nəticəsində həyatını itirən azərbaycanlı uşaqdan danışacağıq. Bu gün özünü humanizm, demokratiya beşiyi adlandıran bir çox ikili standartlı ölkələrin artıq bu məsələlərə birmənalı olaraq diqqət verməsi var. İllərdən bəri uzanan bu problemin təbii ki, Azərbaycanın haqları, Azərbaycanın hüquqları çərçivəsində həllinə nail olmaq üçün biz də əlimizdən gəldiyi qədər hər bir təşkiltada səsimizi ucaldırıq. Komitədə çalışacağıq ki, bu mövzudan istifadə edərək, pozulan uşaq hüquqlarından, erməni işğalı nəticəsində evlərindən didərgin düşən uşaqlarımızın taleyindən söhbət açaq”.
Modern.az