Novruz bayramı münasibətilə Nazirlər Kabineti tərəfindən ölkədə 7 gün rəsmən istirahət elan edilib. Bununla yanaşı, həmin günlərdə bəzi qurumlar gücləndirilmiş iş rejimində işləyərək əhaliyə xidmət göstərəcək. Ölkədə və dünyada baş verən hadisələri hər gün oxucularına çatdıran xəbər saytları necə, bəs bu günlər hansı rejimdə çalışacaq?
Modern.az-ın əməkdaşı bu suala cavab tapmaq üçün bir sıra aparıcı xəbər saytları ilə əlaqə saxlayıb.
“Lent.az”ın baş redaktor müavini Səlim Əzizoğlu bildirib ki, istirahət günlərində onlar adi vaxtlarda olduğu kimi işləyəcək və insanları xəbərlə təmin edəcəklər.
“Xəbər agentliyi olduğumuz üçün hesab edirəm ki, bizim işimiz də tibb bacıları, polislər, mağaza işçilərinin işi kimi daim davam etməlidir. Sadəcə həmin günlər bir qədər sadələşdirilmiş iş rejimində işləyəcəyik”.
S.Əzizoğlu kollektivin yalnız iki gün istirahət edəcəyini bildirib. Qalan günlərdə işçilərin növbətçilik prinsipi ilə işləməyinə gəlincə, baş redaktor müavini bunu hələ müəyyənləşdirmədiklərini deyib.
“Həmin günlərin iş qrafikini hələ müəyyənləşdirməmişik, bunu axşam müzakirə edəcəyik. Amma böyük ehtimalla bölünmüş iş qrafiki ilə işləyəcəyik. Yəni həmin günlər xəbərlərimizin ardı-arası kəsilməyəcək”.
“Mediaforum” saytının baş redaktoru Azər Qaraçənli bildirib ki, rəsmən qeyri-iş günü elan edilmiş tarixlərdə onların kollektivi istirahət edəcək. Buna baxmayaraq, saytda əsas informasiyalar yerləşdiriləcək.
“Saytların başqa Kütləvi İnformasiya Vasitələrindən - televiziyadan, qəzetdən, radiodan üstünlüyü ondadır ki, ofisə getmədən belə internet olan yerdən materialları yerləşdirmək olar. Kollektiv istirahət etsə belə, şəxsən özüm saytda məlumatları yerləşdirəcəyəm. Yəni istirahət günlərində saytın fəaliyyəti dayanmayacaq”.
"Trend” İnformasiya Agentliyindən bildirilib ki, 7 gün istirahət verilməsinə baxmayaraq fəaliyətlərini dayandırmayacaqlar.
“Biz növbətçilik prinsipi ilə bazar günlərini çıxmaqla hər gün olduğu kimi işləyəcəyik. İş saatları da eyni qalacaq”.
“Qafqazinfo”nun redaktoru Elnur Məmmədli də istirahət günləri işləyəcəklərini qeyd edib.
“Ancaq bu, redaksiya şəritində olmayacaq. Məlumatlar internet olan istənilən yerdən qoyulacaq”.
İstirahət günləri Musavat.com saytı da hər gün yeniləcək. Saytın redaktoru Xalid Kazımlı bildirib ki, kollektiv istirahət etsə belə, onlar dünyada və ölkədə baş verən ən önəmli informasiyaları saytda yerləşdirəcəklər.
“Buna bir neçə əməkdaşımız, şəxsən mən özüm diqqət yetirəcəm. Kollektivə də tapşırmışam ki, həmin günlərdə hansısa hadisənin şahidi olsalar, xəbər əldə etsələr, onu mənim elektron ünvanıma göndərsinlər. Yəni ev şəraitində olsa belə, bizim fəaliyyətimiz dayanmayacaq”.
“Gün.az” saytının məsul redaktoru Emil Quliyev istirahət günlərində informasiyaları onların xüsusi növbətçilərinin yerləşdirəcəyini deyib.
“Bizim xüsusi növbətçimiz olduğu üçün bayram günlərində saytda materialların yerləşdirilməsilə bağlı problemlərimiz olmur. Rayonlarda ştatdankənar işçilərimiz var, onlar material hazırlayıb göndərəcəklər və sayta qoyulacaq. Yəni kollektiv istirahət etməsinə baxmayaraq, saytımız önəmli informasiyaları oxuculara çatdıracaq”.
Modern.az-ın redaktoru Əfqan Qafarlı bildirib ki, bundan əvvəlki bayram günlərində, şənbə-bazarda sayt heç vaxt dayanmayıb, istirahət edən oxucularına əsas önəmli xəbərləri çatdırıb, digər materiallar təqdim edib. Bu dəfə də belə olacaq:
”Kollektivin bəzi üzvləri rayonlara valideynlərinə baş çəkməyə gedəcəklər. Ümumilikdə isə adi iş günlərindəki kimi olmasa da, sayt mütəmadi olaraq yeni materiallar təqdim edəcək. Həmişəki kimi, özüm bu məsələdə aktiv olmağa çalışacam. İşçilərimizə də tapşırılıb ki, istirahət etdikləri günlərdə imkan daxilində yeni materiallar hazırlamağa çalışsınlar.
Yeri gəlmişkən, Modern.az bayram günlərindən sonra bir sıra yeni layihələrlə çıxış etməyi planlaşdırıb”.
Aytən ƏLİYEVA