Modern.az

Qalx ayağa, Azərbaycan, ruhumu əzirsən...!

Qalx ayağa, Azərbaycan, ruhumu əzirsən...!

Təhsil

19 Mart 2012, 16:52

Gənclərin 17 marta aksiyasına təşəkkür ismarışları

Yekə çıxmasın, yaşım qırxı ötsə də, bir sıra fiziki və mənəvi- psixoloji göstəricilərimə görə Məşədi İbad demişkən, min cavana dəydiyim qənaətindəyəm. Ağlım kəsəndən haqsızlığa və ədalətsizliyə qarşı barışmaz mövqedə olmuşam, əldən isti, dildən pərgar olduğumdan hələm- hələm kimsə qarşımda meydan sulamağa ürək etməyib. Sonralar da jurnalistikaya gələn ilk gündən qələmimi süngü edərək qarşılaşdığım hər cür yaramazlığı, məmur özbaşınalığını gücüm çatdığı qədər ifşa etməyə çalışmışam.

Bir sözlə, köksümdə çırpınan qəlbim daim mübarizələr üçün darıxıb, ruhum böyük coşquyla inqilab ab- havasına köklənib. Ancaq basıb- bağlamağa dəyməz, mən də fərqindəyəm ki, gənclik bambaşqa şeydir və odur ki, “min cavana dəyərəm” deyərkən bu gün meydanlarda hər cür zülmə, istibdada meydan oxuyan gəncliyi nəzərdə tutmuram. Hamıya da bəyan edirəm ki, gəncliyimin “srok”unun 17 martda başa çatdığını bilsinlər və bu təqvim günündən sonra “gəncəm” desəm, həmkarlarıma “polnıy” səlahiyyət verirəm ki, qabırğama döşəsinlər.

Çünki iki gün öncə elə bir fövqəladə hadisənin şahidlərindən bir oldum ki, “bəh- bəh” deməkdən başqa əlimdən heç nə gəlmədi.17 martda bu gənclik kişi kimi öz sözünü dedi və açığı bu uşaqların qar- çovğuna baxmayaraq nəinki hakimiyyətə, az qala təbiətin özünə meydan oxumaları, dilə gətirdikləri sözlər, qaldırılan plakatlarda yazılan şüarlar məni xeyli kövrəltdi. Onların bu aksiyası gerçəkdən də təqdir olunası və minnətdarlıqla xatırlanası bir tədbir idi.

Təkcə ona görə yox ki, qarşıda Azərbaycanı gözləyən inqilabi dəyişikliklərdə bu mitinq bir başlanğıc, bir məşq rolu oynayacaq və rejim texnoloqlarını gec də olsa, düşünərək nəticə çıxarmağa sövq edəcək. Bir də ona görə ki, dünyaya sübut etdik ki, Azərbaycan gəncliyi təkcə bəxtini əttökən mahnı yarışmalarında, meyxanalarda və ya futbol qumarxanalarında axtaran , yaxud bulvarda veyllənən, nənə- babasının təqaüdünü vecsiz əyləncələrə və siqar tüstüsünə xərcləyərək tüfeyli həyat tərzi keçirən zavallılar sürüsündən ibarət deyil, həm də millətin acınacaqlı durumundan havalanan, ədalətsizliyə, harınlılğa, azğınlığa boyun əymək fikrində olmadığını meydanlarda hayqıraraq ortaya qoyan bir möhtəşəm orduya sahibik. Bax bu ordu sabah torpaqlarımızı işğaldan azad edəcək, yağının burnunu ovacaq  cəsarətə, təpərə sahibdir və bundan məncə təkcə müxalif düşərgə deyil, elə bu gün tənqid hədəfi olan hakim elita da qürur duymalıdır.

Gənclərin mitinqində diqqətimi cəlb edən və açığı, bütün gecəni məni yatmağa qoymayan qaldırılan plakatların birində yazılmış “Qalx ayağa, Azərbaycan, arzularımın üstündə oturmusan!” şüarı oldu. Bu, gerçəkdən də anoloqu olmayan bir tapıntıdır və buna görə də onun müəlliflərinə sonsuz təşəkkürlərimi bildirir, təbrik edirəm. Bu şüar o qədər mənalı və bu günümüzlə səsləşəndir ki, məncə iki saatlıq nitq söyləməkdənsə, 6 sözdən ibarət bu fikrin dilə gətirilməsi yetər ki, gəncliyin nə istədiyi bilinsin. Bunun üçün daha heç prezidentin müşavirə keçirib müasir gəncliyin nə istədiyini öyrənməyə çalışması da məncə yersiz vaxt itkisindən başqa bir şey deyil.

Yetər ki, bu gün yönətilən Azərbaycanın bu məmləkəti, onun “məmə” deyənindən “pəpə” yeyəninədək bütün sakinlərini bir ağır yük kimi əzdiyini bu cür orijinal ifadə formasında bəyan edəsən, nəinki hakimiyyət, bütün dünya da bilsin ki, sən nə istəyirsən. Mən tam əminəm ki, dünyanın hər üzünü görmüş, əsrlər boyu başı daşdan- daşa dəymiş ağsaçlı Azərbaycan bu çağırışdan utanaraq ayağa qalxacaq və nəhayət ki, bu məmləkətin dəyərli insanları haqq etdikləri mənəvi rahatlığı tapacaqlar...

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal