Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Novruz bayramı ilə əlaqədar keçirdiyi fərdi jurnalist yazısı müsabiqəsinin nəticələrindən narazı qalanlar var. Verilən qiymətləndirmənin nəticələrindən narazı olan APA-nın redaktoru Cavid İsmayıl bununla bağlı KİV DF-nin ekspertlərinin işini ədalətsiz hesab edib.
Məsələyə aydınlıq gətirmək üçün Modern.az-ın əməkdaşı yazı müsabiqəsini qiymətləndirən ekpsertlərlə - “Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli ilə əlaqə saxlayıb.
KİVDF-nin Müşahidə Şurasının iclasının keçirildiyini deyən Müşfiq Ələsgərli orada eyni zamanda APA-nın əməkdaşının da məsələsinin müzakirə edildiyini qeyd edib. O həmçinin bildirib ki, yenidən araşdırmalar aparılıb və heç bir qeyri-obyektivlik olmadığı üzə çıxıb.
“Ekpsertlərin dəyərləndirməsi yerində olub. Ümumiyətlə, bəzi şəxslər jurnalist müsabiqəsində iştirak edərkən müsabiqə şərtlərilə tanış olmurlar və sonradan belə anlaşılmazlıq yaranır. Hansısa meyarlara görə yazı yaxşıdır, amma o yazı bu müsabiqənin müəyənləşdirdiyi şərtlərə uymurdu. Ona görə bu cür anlaşılmazlıq olub” - deyə M.Ələsgərli əlavə edib.
Natiq Məmmədli bildirib ki, ümumiyyətlə, KİV DF-də jurnalist müsabiqələrinə təqdim olunan yazılar subyektiv qiymətləndirilir. Cavid İsmayılın yazısına gəlincə isə o, bununla bağlı bu gün görüş keçirdiklərini ətraflı müzakirələr aparıldığını, öz fikirlərini bildirdiklərini və ortaq nəticəyə gəldiklərini qeyd edib.
“Ümumiyyətlə, müsabiqədə yazının qiymətləndirilməsi ümumi meyarlar əsasında aparılır. Yazı Fond tərəfindən verilən standartlara cavab veməlidir. Və həmin kriteriyalara uyğun olaraq ekspertlərə verilən kodlaşdırılmış yazılar qiymətləndirilir. Necə deyərlər musiqinin sifarişçisi Fonddursa, deməli o mahnının ritmində oynamaq lazımdır”.
Yazı müsabiqəsinin eksperti hesab edir ki, Cavid Cismayıl kimi jurnalisltlərin müsabiqədə yer tutması müsabiqənin prestejinə də təsir göstərən məsələdir.
“Onun yer tutmaması demək deyil ki, zəifdir. Sadəcə yazısı kriteriyalara uyğun gəlmir. O publisistik, sərbəst formada yazdığı üçün yer tuta bilmədi”.
Vüqar Rəhimzadə deyib ki, Müşahidə Şurasının keçirdiyi fərdi yazı müsabiqələrində peşəkar ekspertlər tərəfindən yazılara baxılır, araşdırılır və münasibət bildirilir. Onun fikrincə, hər zaman olduğu kimi ekspertlərin bu dəfəki müsabiqədə rəyləri də obyektiv olub.
“Ekspertlərin rəyləri obyektivliyə söykənir. Bütövlükdə hesab edirəm ki, həm Fondun keçirdiyi fərdi yazı müsabiqələri, həm redaksiyalararası layihələr, ümumiyətlə Fond tərəfindən keçirilən işlər uğurludur. Cavid İsmayıla gəlincə, bu gün onun yazısına baxdıq, müzakirə etdik və fikirlərimizi bildirdik”.
V.Rəhimzadə jurnalistin yazısına verdiyi qiymətləri obyektiv hesab edir.
“Bədii cəhətdən onun yazısıı yaxşı idi. Amma Müşahidə Şurasının müəyənləşdirdiyi şərtlərdən bir az fərqli idi, yəni çərçivədən çıxmışdı. Ona görə qiymətləndirmədə mən öz qiymətimi obyektiv hesab edirəm. Bunu özünə də demişəm. Orada müəyən prinsipləri məsələn, dövlətçilik prinsipləri, onun inkişaf etdirilməsi və müəyyən məsələlər var ki, o çərçivələrdən çıxmışdı. Ona görə də bu cür qiymətləndirilib” - deyə fərdi yazı müsabiqəsinin ekssperti vurğulayıb.
Aytən ƏLİYEVA