Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) ekspertləri Modern.az-a verdikləri açıalamalarda fərdi jurnalist yazısı müsabiqəsinin nəticələrindən narazı qalan APA-nın redaktoru Cavid İsmayılın şikayətinə münasibət bildiriblər.
Öz növbəsində Cavid İsmayıl (Cabbaroğlu) da bununla bağlı saytımıza öz fikirlərini bildirib.
Cavid Cabbaroğlu deyib ki, bu gün KİVDF-də onun şikayətilə bağlı aparılan müzakirələr normal atmosferdə keçib: “Lakin ekspertlər öz rəylərində qaldılar, mən də fikrimi dəyişmədim. Müsabiqəyə təqdim etdiyim “BBC: Bakı-Biləsuvar-Culfa” başlıqlı yazı publisistik yazı idi və müsabiqənin də şərtləri ilə yetərincə tanış olmuşam. Sadəcə, ekspertlər publisistik yazıya “jurnalist araşdırması” meyarından çıxış edərək yanaşıblar ki, mən də bunun normal olmadığını, amma irad kimi qismən qəbul etdiyimi onların nəzərinə çatdırdım. Qalan digər kriteriyalar üzrə iradları isə qəbul etmədim”.
Cavid Cabbaroğlu qeyd edib ki, əslində bu müzakirələr formal xarakter daşıyıb: “Çünki Müşahidə Şurası müsabiqənin nəticələrini ləğv etmək səlahiyyətində deyil. Üstəlik, nəticələr elan olunduqdan bir gün sonra müsabiqə qalibləri mükafatlandırılıbsa, bu o deməkdir ki, faktiki olaraq jurnalistlərə müsabiqənin nəticələrindən şikayət vermək müddəti də tanınmır. Müşahidə Şurası yazı təqdim etdiyimiz istiqamət üzrə qalib elan olunan yazıları da bizə təqdim etmədi. Yalnız fondun icraçı katibliyinin nümayəndəsi bildirdi ki, bayram tətilindən sonra qalib elan olunmuş yazılar KİVDF-nin saytında yerləşdiriləcək. Güman edirəm ki, o zaman oxucuların da, mütəxəssislərin də məsələyə obyektiv qiymət vermək imkanı olacaq”.
APA-nın redaktoru yazısının fondun standartlarından kənara çıxması haqqında iradlara belə münasibət bildirib:
“Mənə irad budur ki, yazım araşdırma deyil. Mən də cavab verdim ki, bu müsabiqə yazı müsabiqəsidir, araşdırma yazı müsabiqəsi deyil. Dövlət maraqları da, vətəndaş təəssübkeşliyi də burada öz əksini tapıb. Ekspertlər isə deyirlər ki, İranın magistral yollarının vəziyyətini tərifləməyim vətəndaş təəssübkeşliyi sayıla bilməz. Mən öz yollarımızın yaxşı vəziyyətdə olmasını istəyirəmsə, bu, nə vaxtdan qəbahət sayılır? Əgər elədirsə, Azərbaycanda yolların vəziyyətini parlament tribunasından tənqid edən deputatları məntiqlə vətən xaini elan etmək lazımdır”.
Modern.az