Modern.az

İqtisadçılar Azərbaycanda varlanmağın yollarından danışdılar

İqtisadçılar Azərbaycanda varlanmağın yollarından danışdılar

Ölkə

20 Mart 2012, 12:39

Hamı varlanmaq arzusuyla yaşayır. Kimi bu arzunu reallaşdıra bilir, böyük əksəriyyət üçünsə bu elə arzu olaraq qalır. Bəs görəsən Azərbaycanda arzularımızı həyata keçirmək üçün necə pul qazana bilərik?

İqtisadçı ekspert Vüqar Bayramlı varlanmağın sirrlərini Modern. az-la paylaşdı.

“Dünyanın tanınmış varlı adamlarının təcrübəsinə diqqət yetirsək, görərik ki, onların əksəriyyəti çox kasıb insanlar olub. Məsələn, “Micrasoft” şirkətinin prezidenti Bill Geyts, “Facebook” şirkətinin rəhbəri kifayət qədər kasıb insanlar olublar. Hətta “Microsoft” şirkətinin prezidenti Bill Geyts kompüteri ixtira edən zaman 500 dollar borc alıb və maşınını satıb.
Azərbaycanda isə bu arzunu reallaşdırmaq üçün indiki halda daha çox informasiya texnologiyaları piqmentlərinə təsir etməklə varlanmaq mümkündür. Çünki hazırda bu bazar boşdur. Bu gün elektron xidmət sahəsində gənclərin daha çox pul qazanmaq imkanı var”.
 Ekspert məhsulları olmayan insanların varlanması üçün onlara elektron xidmətlərin göstərilməsini həyata keçirməyi məsləhət görür:
“Bu internet üzərindən müxtəlif xidmətlərin göstərilməsi ola bilər.  Dünyanın bir çox ölkələrində kafe və restoranlar sifarişləri ektron variantda qəbul edirlər. Bu da az kapital olmaqla daha çox pul qazanmaq variantıdır”.

V.Bayramovun sözlərinə görə, digər sektorlardan da gəlir əldə etmək mümkündür. Məsələn, varlanmaq istəyən adamlar innovativ olan tədqiqat sektordan da yararlana bilərlər:
“MDB ölkələrində daha çox elmi kitabların dərc olunmasına, müxtəlif ədəbiyyatların nəşri və satılmasına maraq daha çoxdur. Təbii ki, bununla da ilkin kapital formalaşdırmaq mümkündür.

Ən çox gəlir gətirən sektorlar sırasına  istehsal sektorunu da əlavə etmək olar. Məhsulların istehsalı ilə, xüsusilə də müxtəlif görünüşlü ərzaq məhsullarının, şirniyyat məhsullarının istehsalından da gəlir əldə etmək mümkündür. Hazırda Azərbaycanda konsaltinq xidmətlərinə də ehtiyac var. Bu xidmətləri göstərməklə də kifayət qədər gəlir əldə etmək imkanı var”.

Müstəqil ekspert Rövşən Ağayev isə belə hesab edir ki, normal bazar şəraitində ağıllı, yaradıcı, idarəetmə qabiliyyətinə malik olmaq kifayətdir ki, varlılar sırasına qoşulasan. Amma bu şərtlərin hamısı normal bazar şəraiti olan ölkələrdə keçərlidir. Azərbaycan mühitində isə sahibkarlar üçün sadalanan şərtlər işləmir:

“Ölkəmizdə normal bazar iqtisadiyyatı olmadığından innovativ bilik və bacarıqların nəyisə dəyişəcəyini görmək çox çətindir. Məsələn, “Facebook”un yaradıcısı innovativ fikirlərilə qısa müddətdə milyoncular sırasına daxil oldu. Bizdə isə milyoncu olmaq üçün hökumətə yaxın sahibkar olmaq lazımdır. Bunun üçün hökumətin elan etdiyi tenderlərdə iştirak etmək kifayətdir. Məsələn, İKT sahəsində hər hansı bir məhsul yarada bilərsiniz. Amma inanmıram ki, bu sahədə uğur qazanasınız. Çünki bu sahə elə monopollaşıb ki, hər hansı bir şirkət sizin məhsulunuzdan istifadə etməkdə tərəddüd edəcək. Bu o vaxt mümkün ola bilər ki, bazarda rəqabət olsun. Bu problem turizim sahəsində də mövcuddur. Bunun bir sübutu kimi turizim xidmətlərinin baha olmasını göstərə bilərik. Şirkətlər arasında rəqabət olmadığından xidmətlər də bahadır”. 

Gültəkin Ələsgər

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi