«Hiii? Sənnənəm əsgər...»
Komandir günü başlayır...Məruzələr, raportlar... Komandir çıxışa edir. Mənsə bütün bunları tibb məntəqəsinin pəncərəsindən xəlvəti izləyirəm. Çünki tibb məntəqəsinin pəncərəsi düz plasta baxır. Nəhayət gözlənilən an yetişir... dünəndən “zampalit”in polkovnikə etdiyi məruzəni komandir də zabit, gizir, çavuş heyətinə çatdırır. Bundan sonra Bayramlını sıra önünə çıxarıb “yat” komandasından sonra tibb məntəqəsinə nə üçün getdiyini soruşur. İndi həmin dialoqu etik qaydalara uyğunlaşdıraraq təqdim edirəm.
-Bayramlı, gecə tibb məntəqəsində nə gəzirdin?
- ...
- Hiii? Sənnənəm əsgər...
- Cənab polkovnik, diş şotkam orda qalmışdı, onu götürməyə getmişdim.
- Ə, sənin tibb məntəqəsində yatmağından iki ay keçib. İndiyə orda şotka qalar? Qalsa da indiyə kimi o şotkayla kim harasını təmizləyib nə bilirsən?
Komandir günündən sonra polkovnikin qərarıyla Şəmsi Bayramlı düz on gün, bir gündən bir olmaqla yeməkxana növbətçisi təyin olunur. Qara QAZ 31 hara, yeməkxana hara, Bayramlı hara?...
...Deyəsən, mən də yavaş-yavaş sağalıram. Bəlkə də burda verilən dərmanları ayaqyoluna atmasaydım çoxdan sağalmışdım… İndi qalır komendaturaya getmək...
... Komendaturada məni öz əsgər yoldaşlarımın necə qarşıladığını görsəydiniz. Bu mənzərəni ancaq belə bir misalla izah edə bilərəm. Uzun illər hansısa qərib ölkədə yaşayan biri qısa müddətlik vətənə gəlir. Geri dönəndə hər kəs başına yığışır ki, bəs de görək, kənddə, rayonda vəziyyət necədir. Heç uşaqların sərhəd dəstəsi üçün bu qədər darıxacağını gözləmirdim. Axı onlar aylardır bölünməyimizi istəyirdilər, arzulayırdılar...İndi bu mayorun gözəl üzünü görüncə “molodoyluğ”a şükr edirlər.
Qeys əhvalatı
İndi isə heç bir tarix göstərmədən bəzi əhvalatları nəql eləmək istəyirəm. Komendaturada Muxtarov Qeys adında bir əsgər var. Onun da anası bir neçə ay əvvəl dünyasını dəyişişmişdi, atası başqa qadınla evlənmişdi. Boy-buxunu yerində olan biridir. Amma sir-sifətindən, görkəmindən yazıqlıq yağır. Sözün əsl mənasında dərdli adam olduğunu hiss etdirir. Hələ nə mən, nə də məndən əvvəlki əsgərlərdən kimsə Qeysin yanına gələninin olduğunu görüb. Dediyinə görə, qardaşları da Bakıda fəhlə işləyirlər. İşləyirlər deyəndə ki, elə rayondan çıxıb burda bir qarın çörəyə onun-bunun qapısında işləyirlər... Amma deyəsən bir dəfə qardaşlarından hansısa Qeysə pul göndərmişdi...
Deməli, nizamnaməyə əsasən qarda-bacısının toyu olan, valideynləri dünyasını dəyişən əsgərlərin 3 günlük məzuniyyət almaq hüququ var. Həmin bu Muxtarov da anasının yas mərasimində-deyəsən qırxında-iştirak eləmək üçün evlərinə gedib-Saatlıya. Mayor İsgəndərov da “ənənəsinə” sadiq qalaraq buna bir aləm tapşırıq verir-bunu alarsan, onu alarsan... Təbii ki, Qeys də öz xasiyyətinə uyğun olaraq heç nə demir... Və Qeys qayıdır... Təbii ki, Muxtarov yenidən hərbi hissəyə qayıtmaq üçün yolpulunu da kimdənsə borc alıbmış. Çünki dediyim kimi atası qayğıkeş biri deyildi, qardaşları da bir qarın çörəyə işləyirdilər...
Əsgər komendaturaya çatan kimi mayor İsgəndərov və yanındakı müavini mayor İsmayılov-ikinci hansısa əsgərin sağlamlığına ağır zərərvurmaya görə həbs də yatıb - başlayırlar tapşırdıqlarını soruşmağa...
Elə bundan sonra da həmin bu yetim əsgəri qara günləri başlayır. Çıxdığı xidmətlər-çapar, yeməkxana, çapar. Gecə 12-dən 4-ə növbətçi... Bir də hər gün şəxsi heyətin qarşısında danlanmaq, təhqir olunmaq...
Zabitlər yeməyimizi necə oğurlayırdılar?
İndi də özümlə bağlı olan bir əhvalat... deməli, mayor yenə bizi sıraya düzüb “qızıl xırdalayır” - bağ belə, bostan belə...Hərdənbir də kefinə düşən əsgəri təhqir edir...Amma hiss edirəm ki, budəfəki düzülüşün əsas səbəbkarı mənəm. Məsələnin digər tərəfini izah edirəm... Zabitlər əsgərdən pul qoparmaq üçün adətən onu ən çətin xidmətlərə yazır, sira qarşısında təhqir eləyirdilər... Elə budəfəki məqsəd də ayrı bir şey deyil. Hamı susub, mayor sıranın qarşısında zabit kəmərini dizinə, qoluna vura-vura o başa bu başa gəzir, danışır... Təxminən yarım saat belə davam eliyəndən sonra zəng gəlir və...
Sən demə, zəng edən Şəkinin “Dördyol” adlanan hissəsində yerləşən Çələbixan qaçqın qəsəbəsində yaşayan Əli adlı şəxs imiş. Bu Əli mayorların əsgərlərin ərzaqını talamaq üzrə ən yaxın silahdaşlarındandır. Belə ki, onun həmin qəsəbədə ərzaq dükanı var və mayorlar da bizim yeməli olduğumuz ərzaqları həmin dükanda ucuz qiymətə satdırırlar. Bu hal təxminən həftədə bir dəfə təkrar olunur. Əli gəlir, malları aparır və bir neçə dəqiqədən sonra mayorlar İsgəndərova məxsus “Mercedes” markalı minik maşınıyla “Dördyol”a çıxıb haqq-hesab edirlər.
Yeni il ərəfəsində
Yeni ilə sayılı günlər qalır. Zabitlər yenə əsgərləri sıraya düzüb bayram keçirməklə bağlı fikirlərimizi öyrənirlər. Təxminən belə bir məntiqsiz sual-yeni il bayramını qeyd eləmək fikriniz var? Yəni zabitlər demək istəyirlər ki. Bayramı qüyd eləmək istəyirsinizsə, 10 manatdan yığın... Daha nə eləmək olar? Onsuz da bu cür əsgərliyin hər günü həbsxanadır, heç olmasa 10 manat tapıb bir günlük də olsa bu zillətdən azad olaq. Nəysə, hərə bir yolnan pul tapır, evə zəng edir, pulu olmayanların əvəzinə başqaları... Birtəhər adambaşına 10 manat yığıb zabitlərə təhvil veririk. 92 nəfər 10 manatdan, elədi 920 manat... Ansambl gəldi, təxminən bir saat dınqıldatdılar getdilər, biz də “raskladka”da olan düyü payımızın üstündəki bir tikə əti yedik, üstündən də 50 qəpiklik fantadan içəndən sonra hərbi hissə komandiri gəldi. Gecəyarı olardı... Bizi təbrik elədi, sağ-salamat evinizə getməyimizi arzuladı və: “Sizinçün təşkil elədiyimiz şənlik xoşunuza gəldi? Biz bütün bunları əsgərlərimiz üçün edirik ki, siz daha həəslə qulluq edəsiniz”.
Komandır danışır, hamı bir-birinin üzünə baxır, mayorların ikisi də pörtüb. Sən demə, bizim yığdığımız 920 manat... havaya gedib... Ya da...
Bu arada qısa olmayan bir qeydim var. “Əsgərlik gündəliyim”in əvvəlki hissələri yayımlanandan sonra əsgərlərlə bəzi zabit xanımarının ilişkilərinə dair məqamlar kimlərəsə xoş gəlməmişdi. Hətta “rəqsanəliyinə salıb” mənə nəysə izah eləmək istəyənlər də olmuşdu. Amma indi mən sizə adi bir məntiqi izah edim. Yəni həmin “rəqsanələrə”... El arasında belə bir ifadə var-filankəs filankəsi saxlayır... Eləmi? Yəni hansısa kişi hansısa qadının maddi ehtiyaclarını qarşılayır və... aha... Burda isə belədir... Əsgərlərin puluyla bəzi zabitlər xanımlarının maddi ehtiyaclarını qarşılayırlar... Sonucda da ... Gerisini yazmıram... Onsuz da başa düşənlər bu qədərindən nə demək istədiyimi anladılar zatən...
****
Komendatura özəlliyi
Mart ayının 2-dir. Anam yanıma gəlib. Komendaturanın yaxınlığıdakı pansionatda 2 saat 15 dəqiqə görüşdük, dərdləşdik. Mənə xeyli ləvazimat - ayaqqabı mazı, üzqırxan, diş məcunu gətirib. Sağollaşanda 25 manat pul verir ki, istədiyimi alım. Əgər ala bilsəm. Ümumiyyətlə, komendaturanın bir yazılmamış qanunu da var. Əsgərlər pul yığır, mayor İsgəndərova verir ki, şəhərə çıxanda onlara siqaret, yaxud da hər hansı ləvazimat alıb gətirsin. Qəribədir ki, ya 50 qəpiklik siqaret bir manat “olur”, ya da ki yolda mayorun maşının təkəri partlayır, harasısa sıradan çıxır. Hər halda, bu da mənim xidmətimin böyük hissəsini keçirdiyim Sərhəd Komendantlığının bir özəlliyidir.
Mart ayının 4-də isə kiçik çavuş Quliyevin “naməlum səbəbdən” gözünün altı qaralır. Amma bu naməlum səbəb ondan ibarətdir ki...
Bu aralar hərbi hissədə suçiçəyi ən dəbdə olan xəstəlikdir. Sağalma müddəti ən azı 15 gün çəkdiyindən hər kəs “suçiçəyi” olmaq istəyir. Elə mən də. Amma hayıf ki, uşaq vaxtı keçirmişəm bu xəstəliyi. Deyəsən, daha üç nəfərin “bəxti gətirib”-Əhmədov Seyfəddin, Nəcəfov Kənan və Əliyev Rauf.
Novruz gəlir, yaz gəlir
Son günlərin bir aktual mövzusu da var-Novruz bayramını necə qeyd eləmək. Ali təhsilli əsgərlər bir yerə yığışıb qərara alırıq ki, 10 manatdan yığsaq bayramı istədiyimiz kimi qeyd edə bilərik. Daha doğrusu, mayor İsgəndərov və müavini İsmayılov Saleh bizimlə söhbətdə bayramı necə keçirməyimizin yığılacaq pulun miqdarından asılı olacağını söyləmişdilər.
7 mart 2008-ci il. Bərdəli Əsədov Novruz Vaqif oğluyla Nəzarət Buraxılış Məntəqəsinin (NBM) gün növbətçisiyik. Mənim “sünbülqıran” ləqəbi qoyduğum Abdullayev Elşad Fəridxan oğlu isə NBM-in əsas növbətçisidir. Elşadla eyni “priziv” olsaq da, münasibətlərimiz istənilən səviyyədə deyil. Daha doğrusu, ilk günlərdə yaxşı idi, evli olduğuna görə müəyyən məqamlarda ona güzəştə gedirdim də. Amma sonralar evliliyinə, valideyn olmasına yaraşmayan yaltaqlıqlar gördüm bu insanda. Elə münasibətlərimizin soyuqlaşmasının da əsas səbəblərindən biri bu oldu. Əsədov isə bizdən yaşca balaca, təcrübəcə üç ay böyükdür. Hərbidə olduğum müddətdə bütün əsgərlərin haqqında xoş sözlər dediyi nadir əsgərlərdəndir. Elə bil mərdlik, sadəlik, böyük-kiçik yerini bilmək bu insanın boyuna biçilib.
8 mart Beynəlxalq Qadınlar Günüdür. Əsgərliyim ərzində ən darıxdırıcı anları yaşayıram bəlkə də.
Hamamlanmadan sonra sinif otağında oturub düşünürəm. Geridə qalan 8 ay, irəlidəki 4 ay, bir neçə gündən sonra tərxisə gedəcək dostlar... Amma əsas fikrim macal tapan kimi mayor İsmayılovdan telefonu alıb evdəkiləri təbrik eləməkdir. Görəsən verəcəkmi? Axşam düşür, hava qaralır... Yaxınlaşıb telefonu istəyirəm. Sağ olsun, xahişimi rədd eləmir və mən evə zəng edirəm...
Kefdir eee…
Bu günlər komendaturanın qarşısındakı stadionda tez-tez futbol oynayırıq. Adətən, maraq üçün ortada rəmzi mərclər də olur. Axırıncı dəfə mərcdə kiçik çavuş Hümbətovun komandası uduzub. Verdiyi vədə əməl edib uduzduqları 20 manatlıq topu alırlar. Martın 9-da keçirilən oyunda isə bizim komanda 8:4 hesabıyla uduzur. Bu axşam avtopark xidməti olsam da, yazılmamış qaydalar səbəbindən istirahət edirəm. Vaxtımın böyük hissəsini 12 ay ərzində ən çox dostluq etdiyim, indi də özümə qardaş bildiyim Əliyev Elnurla dərdləşirəm. Adətən, Elnurla söhbətlərimizin əsas mövzusu əsgərlərə qarşı olunan haqsızlıqlar, bir də mayor İsgəndərovun...
Mart ayının 10-u “komandir günüdür”. Deməli, bu gün daha darıxdırıcı keçməlidir. Görək nə olur? Ənənəsinə sadiq qalan mayor yenə də kiçik çavuş Quliyevi danlayır. Günün növbəti maraqlı anlarına keçməzdən əvvəl Quliyev Orxan Yaqub oğlu haqqında bir neçə kəlmə... Əslində Orxan fiziki baxımdan kifayət qədər hazırlıqlı biridir. Bildiyimə görə, metisliyi də var. Dayıları özbəkdir, Oş vilayətindəndirlər. Sarışın, yaşılgöz, hündürboy, təmkinli oğlandır. Amma mənə də məlum olmayan səbəblərdən həm əsgərlər, həm də zabitlər hər imkanda Orxanı “sındırmağa” çalışırlar. Məndən 9 ay əvvəlin əsgəri olsa da, bəzən 3-4 aydır xidmət edənlər də ona çımxırmağa, aşağılamağa cəhd göstərirlər. Ola bilsin ki, hərbiyə gəldiyi ilk aylarda hansısa səhvə yol verib və bu da onun gələcək xidmətində həlledici rol oynayıb. Quliyevin özəlliklərindən başlıcası xəbərçi olmamasıdır. Hətta on nəfər tökülüşüb onu döysə belə, kimisə satmaz. Bu fikirləri isə gördüklərimə əsaslanıb yazıram.
«zabit xəstəliyi»
...Bizim mayorda da ənənəvi “zabit xəstəliyi” var-savadlı, ziyalı görünmək istəyir. Adətən, bu “ziyalılığını” gah bəzi adi kəlmələri rusca işlətməklə, hərdənbir siyasətdən danışmaqla isbatlamağa çalışır. Yaxud da Murmansk vilayətində təhsil almasından geninə-boluna danışır. Amma sonralar öyrənirəm ki, onun Murmanskda aldığı təhsil altıca aylıq kursdan ibarət olub. Siyasi söhbətlərdə isə İsgəndərovun cənginə ən çox keçənlərdən biri mənəm. Yenə də jurnalistika...
Axı əvvəlki bölümlərdə peşəmin, işimin bir çox hallarda mənə xeyirdən çox ziyan gətirdiyini yazmışdım. Axşamüstü isə qohumumuz Məhəmmədnəbi əmi yanıma gəlir...
11 gün qalır
Mart ayının 11-dir. Tərxis olunmağıma düz 111 gün qalır. Bizimlə eyni vaxtda tərxis olacaq Mehdiyev Tural həmişəki kimi Əmirov Samirlə mübahisə edir. Mehdiyev dediyinə görə gəncəlidir. Əmirovun isə talışlığı ləhcəsindən məlumdur. Samir din əhlidir, hətta hərbidəki qadağalara rəğmən ibadətindən qalmır, əksər hallarda təklənir, özünə qapılır. Turalı isə sözün əsl mənasında zəmanə adamı kimi xarakterizə eləmək olar. Əgər cibində 5-10 manat pulun varsa, Mehdiyev hətta sənin qardaşındır, əmioğlundur, dostundur. Elə ki bir balaca büdrədin, sanki səni tanımayıb...Deyəsən, bu günlər əsgərlər arasında əməllicə mübahisə törəni düzənlənib. Yaxın dostlarımdan olan Yusifov Soltanla xəbərçi kimi imic qazanmış Quliyev İlkin bərk mübahisə ediblər. Soltan Saatlı rayonundandır. Yazı işlərini bir yerdə gördüyümüzdən onunla daha çox dərdləşmək imkanım da olur. Ona görə də Yusifovun şəxsi həyatına bələdəm və bilirəm ki, kifayət qədər faciələr yaşayıb. Özündən bir yaş böyük qardaşı da bizimlə xidmət edir. Atası Bakıda ofisiant işləyir. Anası isə bir il əvvəl dünyasını dəyişib. Elə bundan sonra qardaşı Vasifin səhhətində problemlər yaranıb, əsəbləri pozulub. Doğrudan da, hələ indiyə kimi mənə aydın deyil-Vasifi niyə əsgərliyə göndərmişdi hərbi komissarlıq. Çünki bu adamın gözlərinə baxanda açıq-aşkar ruhi problemlərinin olduğu sezilirdi. Hər zaman üst-başı səliqəsiz... Soltan mənə deyirdi ki, qardaşının belə olmasına səbəb analarının məhz Vasifin qucağında dünyasını dəyişməsidir. Hər zaman razılıq elədiyi bir nəfər də var idi Soltanın-kiçik xalaları Könül. Adətən, bu xanım bacısı oğlanlarına 5-3 manat pul göndərər, arabir zəng edib hallarını sorardı. Soltangilin də zəng edəcəyi bir ünvan var idi-Könül xalası... Anası haqda danışırmış kimi danışardı onun haqqında. Bir dəfə əsgərlikdən sonra Soltanla Bakıda görüşəsi oldum. Bura işləməyə gəlmişdi, elə həmin xalasıgilin Bakıxanov qəsəbəsində kirayələdiyi mənzildə onlarla birgə qalırdı. Vasif üçünsə həyat bunlardan ibarət idi-saç uzatmaq, bir şüşə limonad, bir qutu da “Davudoff” siqareti. Yəni həmin bu üç şey əsəbləri pozulmuş Vasifi xoşbəxt edə bilərdi.
“Planet Parni iz Baku”
...Günün sonuna yaxın İsmayılov Rəşada evlərindən göndərilmiş “Planet Parni iz Baku” diskinə baxırıq. Havalar yavaş-yavaş isinir, ağaclar tumurcuqlayır...yaz gəlir...
Geridəki bir neçə gün komendaturaya yeni əsgərlərin gəlməsiylə yadda qalır. Mart ayının 16-da isə uzun müddətdir soyuq müharibə şəklində davam edən “2007 iyul-2006 oktyabr” mübarizəsi pik həddə çatır. Təbii ki, mən burda neytralam. Səbəbə gəlincə, bir zamanlar mən tək qalanda yanımda bir nəfər var idi-Əliyev Elnur. İndi mübahisə edənlər isə zamanında nəyəsə görə “qardaş” olublar.
(Ardı var)