Modern.az

Minsk Qrupunun 20 illik “yubileyi”ndə...

Minsk Qrupunun 20 illik “yubileyi”ndə...

26 Mart 2012, 16:10

Azərbaycanlılıar “üçlük” haqda nə düşünürlər?

“Atlas” Araşdırmalar Mərkəzi ATƏT-in Minsk Qrupunun fəaliyyətə başlamasının (Minsk Qrupu 24 mart 1992-ci ildə ATƏT-in Nazirlər Şurasının Helsinki toplantısında təsis olunub) 20 illiyi ilə əlaqədar müxtəlif yaş və sosial qruplardan olan 500 respondent arasında sorğu keçirib:

Sorğunun ilk “ATƏT-in Minsk Qrupunun 20 illik fəaliyyətini necə qiymətləndirirsiniz” sualına respondentlərin cəmi 12 % müsbət cavab verib, 88 % isə Minsk Qrupunun fəaliyyətindən narazı qaldığını bildirib.

“Minsk Qrupunun 3 həmsədr dövlətindən hansının dəyişdirilməsinə ehtiyac var”  sualına sorğuda iştirak edənlərin ABŞ-ın dəyişdirilməsini 18%, Rusiyanın dəyişdirilməsini isə 27 % istəyib. Respondentlərin daha çox dəyişdirilməsini zəruri saydıqları ölkə isə Fransadır (55%). 

“Hansı dövlətin və ya qurumun həmsədrlərin sırasına qatılmasına ehtiyac var” sualına cavabda bu nəticə alınıb: Türkiyənin qatılmasını istəyənlər 78%, Avropa Birliyi (12%) və Almaniya (10%).

“Rusiyanın son 3 ildə münaqişənin həllində təkbaşına vasitəçiliyini necə qiymətləndirirsiniz” sualına respondentlərin 77% Rusiyanın vasitəçiliyini mənfi, yalnız 23% müsbət qiymətləndirib.

Rusiya mövzusunun davamı kimi “Yeni prezidenti Vladimir Putin münaqişənin ədalətli həllini sürətləndirmək üçün fəaliyyət göstərəcəkmi” sualına respondentlərin mütləq əksəriyyəti – 85% mənfi cavab verib, yalnız 15 % əksini düşündüyünü deyib.

Respondentlərin sorğunun son sualı olan “Münaqişənin ədalətli həllini hansı amil sürətləndirə bilər” sualına verdikləri cavablar belədir: Azərbaycan güc tətbiq etməlidir (28%), Ermənistan “Genişləndirilmiş Madrid Planı”nı qəbul etməlidir (18%), Rusiya Ermənistana təzyiq etməlidir (54%).

Sorğunun nəticələrini Modern.az-a şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Azərbaycan vətəndaşlarının faktiki Minsk Qrupunun fəaliyyətindən narazı olduqlarını və bu qurumun münaqişənin nizamlanmasında real nəticə əldə edəcəyinə inamlarının qalmadıqlarını bildirib. E.Şahinoğlu sorğunun nəticələrinə görə, vətəndaşların əksər hissəsinin Türkiyənin danışıqlar prosesində rol almasının istədiklərini söyləsə  də, reallıqda daha çox Avropa Birliyinin şansının olduğunu vurğulayıb: “Türkiyənin qarşısında maneə çoxdur. Ermənistanla yanaşı Türkiyənin Minsk Qrupuna qoşulmasını bu və ya digər səbəblərdən Rusiya və Fransa da istəmir. Ancaq Avropa Birliyinin Fransanı əvəz etməsinə bütün maraqlı tərəflər yaşıl işıq yandıra bilər. Bu da Avropa Birliyinin həmsədr olması şansını artırır. Digər tərəfdən Avropa Birliyinin özünün də münaqişənin həllində ciddi rol almaq istəyi var”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal