Modern.az

Bölgəni ağır günlər gözləyir  - “Azərbaycan humanitar fəlakət burulğanına düşə bilər”

Bölgəni ağır günlər gözləyir  - “Azərbaycan humanitar fəlakət burulğanına düşə bilər”

3 Yanvar 2020, 15:10

“Çox təhlükəli hadisələr baş verir. Öldürülən general İranın ən nüfuzlu hərbçisi idi. Milliyyətcə azərbaycanlı olan Süleymani həm də İranın dini lideri Xomneyiyə ən yaxın  bir adam idi. Onu ölkədə hərbi qabiliyyətə malik şəxs kimi tanıyırdılar və gələcəyin siyasisi kimi ölkənin başçısı sifətində görürdülər”.

 

Bunu Modern.az-a politoloq Qabil Hüseynli İraqda ABŞ-ın raket zərbəsi nəticəsində İranın İnqilab Keşikçiləri Korpusunun xüsusi təyinatlı “Əl-Qüds” briqadasının komandiri, general Qasım Süleymaninin öldürülməsinə münasibət bildirərkən deyib.

 

O, qeyd edib ki, Süleymani son dövrlərdə İranın bütün xarici əməliyyatlarında ən qaranlıq və şübhəli işlərə əli qarışmış adamlardan biri idi:

 

“Yəni, Hizbullahın silahlandırılması, ona hərbi bazaların yaradılmasında kömək, oraya müxtəlif könüllülərin cəlb olunması, “Həşdi-Şabi” deyilən və əsası İraqda qoyulmuş, sonradan Suriyada hərbi əməliyyatlara cəlb edilən digər terrorçu quruplaşmalar və sözsüz ki, İranın Aralıq dənizinə çıxış əldə etməsindən ibarət hərbi doktrinanın müəlliflərindən biri və birincisidir. İraqın paytaxtı Bağdada son səfəri Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsi  tərəfindən nəzarət altına alınır və orada Amerikanın İraqdakı səfirliyinə hücum edən “Həşdi-Şabi”çilərlə görüş keçirir. Görüş zamanı ona müəyyən təlimatlar verilir. Bu təlimatların təkcə səfirliklə bağlı deyil, ümumiyyətlə, Amerikanın İraqdakı qoşun kontingenti ilə də əlaqəsi var imiş. Bütün bunları əldə edən Amerika dərhal onun məhv edilməsinə göstəriş verir. Özü də İran texnoloji üstünlüklərdən istifadə edərək, aeroportdan geriyə, İrana dönən Süleymaninin pilotsuz uçuş təyyarələri vasitəsilə bombardman edilməsini təşkil edib və bu qüdrətli general məhv olub. İran qisasçı bəyanatlar yayır və bildirir ki, çox keçmədən Süleymaninin qisası alınacaq. Ölkədə 3 günlük matəm elan olunub və Amerikaya ağır zərbələr endiriləcəyi bildirilib. Əgər deyilənlərin nəyə gətirib çıxaracağını proqnozlaşdırsaq, İranın hər bir cavab addımı özünə qarşı bundan yüzlərlə qat çox cavab zərbəsi deməkdir”.

 

Q.Hüseynli deyib ki, budəfəki əməliyyatlar Amerikanın İrana qarşı taktikasının tamamilə dəyişdiyini göstərir:

 

“Artıq Amerikada prezidentdən tutmuş qanunvericilik məclisinə qədər hamı belə düşünür ki, İranla sülh yolu, dinc danışıqlar yolu ilə hər hansı məsələni həll etmək mümkün olmayacaq. Ona görə də bu varianta üstünlük verilməyə başlanılıb. Yəni, İranın “qisas alacağıq” deməyi nə qədər təhlükəlidirsə, Amerikanın da “önləyici cavab tədbirləri görəcəyik” deməsi daha təhlükəlidir. Bu, o deməkdir ki, bölgəni ağır günlər gözləyir və orada bizim çoxsaylı soydaşlarımız, kasıb, yazıq İran xalqı var. Onlar siyasətçilərin, hərbçilərin məsuliyyətsiz addımlarının yükünü daşımağa borclu deyillər”.

 

Politoloq bildirib ki, ABŞ-la İran arasında müharibə başlayarasa, bunun Azərbaycana da təsirləri olacaq:

 

“Sözsüz ki, İran bizim yaxın qonşumuzdur, İranla geniş əlaqələrimiz var və qonşumuzun başına gələn hər hansı bir yanğın, hər hansı bir fəlakətin təsirləri bizə də sıçraya bilər. Ən azından Azərbaycan humanitar fəlakət şəklində hadisələr burulğanına düşə bilər. Çoxsaylı qaçqınlar ordusu ölkəmizə axın edə bilər və bu da Azərbaycana çətinliklər yarada bilər. O səbəbdən də, biz dua edib Allaha yalvarmalıyıq ki, İrana qarşı irimiqyaslı hücum əməliyyatları olmasın”.

 

Əfsanə ŞƏRİF

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi