“Gürcüstanın dövlət strukturlarında çalışan azərbaycanlıların sayı getdikcə artır. Biz inanırıq ki, Gürcüstan vətəndaşı olan azərbaycanlılar yaxın üç-dörd ildə bu ölkənin hakimiyyət strukturlarında mühüm vəzifələr tutacaqlar”.
Bu sözləri Modern.az saytına açıqlamasında Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri Kamran Ramazanlı deyib. K.Ramazanlı bildirib ki, nikbin olmaq üçün ciddi əsas var: “Hazırda Gürcüstan ali məktəblərində 500-ə yaxın azərbaycanlı təhsil alır. Gürcü dilində təhsil alan soydaşlarımızın sayı ilbəil artır. Gürcüstan hökuməti bu ölkənin ali məktəblərini bitirən azərbaycanlıları müvafiq işlə təmin etməyə çalışır. Amma bu sahədə də müəyyən problemlər var. Məsələn Jvaniya adına İdarəçilik Məktəbini bitirən 100- məzundan 4-ü işlə təmin olunub. Ona görə də Gürcüstan vətəndaşı olan azərbaycanlıların bu ölkənin hakimiyyətində məsul vəzifələr tutması üçün çox gözləmək lazım gəlməyəcək”.
QHT rəhbəri onu da vurğulayıb ki, qonşu ölkədə yaşayan soydaşlarımız öz övladlarının gürcü dilində təhsil almasına əvvəlki illərlə müqayisədə indi daha çox maraq göstərirlər.
S.Vaqifoğlu