Modern.az

Bələdiyyələrimizi Brüsseldə müzakirə ediblər

Bələdiyyələrimizi Brüsseldə müzakirə ediblər

Təhsil

27 Mart 2012, 16:40

Avropa Şurası durumu araşdırmaq üçün Bakıya missiya göndərəcək

  “Bələdiyyələrin inkişafı naminə” QHT Alyansının  üzvləri martın 18-dən 24-nə kimi Strasburqda və Brüsseldə işgüzar səfərdə olublar. Məqsəd Azərbaycanda yerli özünüidarəetmənin mövcud durumunu və problemlərini müzakirə etməkdən ibarət olub. Görüşlər zamanı həm də bu işin təşkili və fəaliyyəti sahəsində mövcud vəziyyətin Avropa Xartiyasının prinsip və tələblərinə uyğunluğunun  qiymətləndirilməsi üzrə Alyansın hazırladığı hesabat təqdim edilib.  

Nümayəndə heyətinin ilk görüşü Yerli və Regional Hakimiyyətlər Konqresində Konqresin Yerli Hakimiyyət Palatasının icraçı katibi Jan-Filip Bozouls, Monitorinq Komitəsinin katibi Stefani Poirel və Konqresin Əməkdaşlıq fəaliyyətləri və Avropa layihələri bölməsinin rəhbəri Marite Morasla keçirilib. Martın 22-də Avropa Şurasının binasında Yerli Demokratiya Agentlikləri Assosiasiyasının (ALDA) Azərbaycan üzrə Potensial Tərəfdaşlıq və İnformasiya Görüşü keçirilib. Tədbirə Alyansın təmsilçiləri ilə yanaşı Konqresdəki Azərbaycan üzrə Milli nümayəndə heyətinin nümayəndələri, şəhər və qəsəbə milli assosiasiyalarının rəhbərləri, Konqresin 22-ci Sessiyasında iştirak edən Milli nümayəndə heyətinin digər üzvləri qatılıblar. Nümayəndə heyəti martın 23-də Brüssel şəhərində Avropa Birliyi və Avropa Komissiyasında bir sıra görüşlər keçirib.

Alyansın eksperti Samir Əliyev bildirir ki, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Monitorinq qrupu növbəti monitorinqin aparılması üçün aprelin 2-5 tarixlərində Azərbaycana rəsmi səfər edəcəklər. Monitorinqin məqsədi Avropa Xartiyasından və Konqresin Azərbaycan hökumətinə ünvanladığı tövsiyələrdən irəli gələn öhdəlikləri ölkənin nə dərəcədə yerinə yetirdiyini, habelə ötən Monitorinqindən sonra yerli özünüidarənin inkişafı sahəsində ölkədə baş verən dəyişiklikləri ortaya çıxarmaqdır. Onun sözlərinə görə, Konqres sonuncu dəfə 2003-cü ildə Azərbaycanda yerli və regional özünüidarənin Xartiyanın tələblərinə uyğunluğunun monitorinqini aparmış və xüsusi tövsiyələr irəli sürmüşdü:

“Həmin dövrdən 9 il ötməsinə baxmayaraq Avropa Şurası uzun müddət Azərbaycanda əksmərkəzləşmə proseslərini diqqətdən kənarda saxlayıblar. Ötən il Konqresdə aparılmış bir sıra struktur dəyişiklikləri nəticəsində monitorinq işləri gücləndirilib. Yeni dəyişikliyə əsasən Konqres ən geci hər 5 ildən bir üzv ölkələrdə öhdəliklərin yerinə yetirilmə səviyyəsini qiymətləndirəcək”.   Qeyd edək ki, nümayəndə heyətində Alyansın koordinatoru Azər Mehtiyev, ekspertlər Samir Əliyev və Orxan Əliyev təmil olunublar.


Modern.az

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal