Tarixdə Adolf Hitler, İosif Stalin kimi milyonlarla insanın həbsini, ölümünü sifariş verən, millətləri biri-birinə qırdıran, parçalanmalara səbəb olan diktatorlar olub.
Hələ də bəşəriyyət onların səpdiyi nifrət toxumlarından qurtula bilmir.
Adlarını tarixin qanlı səhifələrinə yazdıranlar təkcə kişilər olmayıb. Qadınlar arasında da qəddarlıqları ilə ad çıxaranlar olsa da, bu sırada müsəlman qadını yoxdur.
Meri Tudor öz hüququ ilə İngiltərəni idarə edən ilk qadın kraliçadır. Protestantlara qarşı qəddar təqibi ona “Qanlı Meri” adını qazandırmışdı. Taxta çıxanda İngiltərə hələ protestantlığın təsiri altında idi. Filiplə evləndikdən sonra katolik inancını bərpa edən kraliça sərt qaydalar tətbiq edərək protestantları edam etdirib, hətta 300 protestant dirəyə keçirilərək diri-diri yandırılıb. Meri 1558-ci ildə tənha, övladsız və nifrət edilən kraliça kimi ömrünü başa vurub.
Yekaterina Mediçi Fransa kraliçası olsa da, 1434-1737-ci illərdə Florensiyanı despotik qüvvələrlə idarə edən güclü Mediçi ailəsindən idi. Onun dövründə Fransa İspaniyaya arxalanan katoliklərlə qugenotlar adlanan bir qrupun rəhbərlik etdiyi protestantların arasında gedən dini müharibələr səbəbindən parçalanmışdı. 1572-ci ildə Yekaterina konfliktə son vermək üçün Parisdə 4000 qugenotun öldürülməsi əmrini verib. Bu tarixə müqəddəs Varfolomey qırğını kimi düşüb.
Fransada törətdiyi qətliamlara görə onu “Qara kraliça” və ya “Ölüm kraliçası” adlandırırdılar.
Əfsanəvi gözəl Yelizaveta Batori 1560-cı ildə Transilvaniyanın ən qədim və varlı ailələrindən birində dünyaya göz açıb. Kardinal və bir neçə şahzadə, Macarıstanın baş naziri olan əmisi oğlu, Polşanın kralı olan əmisi Kral Steven də daxil olmaqla, çox güclü qohumları var idi. Buna baxmayaraq, digər qohumları ruhi xəstə və pozğun insanlar idi. Bir əmisi isə şeytana ibadət edirdi.
Yelizaveta xidmətçi qızlara işgəncə verməkdən həzz alırdı. Onun ən sevimli cəzaları onları çılpaq şəkildə qarlı havada saxlamaq və ya çılpaq bədənlərinə bal çəkməklə arı və həşəratları onların üzərinə cəlb etmək idi. Sadistliyə meyil edən Yelizaveta xidmətçi qadınları yeraltı cəza otaqlarında cəzalandırmağa başlamışdı. Digər sevimli cəzası xidmətçilərin dırnaqlarının altı kimi həssas yerlərinə mismar batırmaqdan ibarət idi. Hətta bir dəfə saçını darayarkən tüklərini dartdığna görə şapalaq vurduğu xidmətçi qızın arteriyalarını kəsib, qanını böyük bir qaba yığmış, və içində çimmişdi. O inanırdı ki, bu üsul onun bədənini gözəlləşdirəcək. Sonrakı 10 ildə o müntəzəm şəkildə qonşu kəndin qızlarını qulluqçu kimi işə götürüb, öldürtdürür, qanında çimərək bu “müalicə”ni davam etdirirdi. Məsələ aşkara çıxanda qalanın altından 50-yə qədər qızın cəsədini qazıb çıxardılar, onun yataq otağında isə 650 qurban qadının siyahısını tapdılar. Lakin qrafinya əsilzadə nəslindən olduğuna görə məhkəmə qarşısına çıxmadı. O, məhkəmədə çıxış etməkdən imtina etdi və ev dustaqlığında saxlanıldı. Həmin məhkəmənin hökm sənədi bu günə qədər Macarıstanda saxlanılır.
“Böyük” adını tarixə yazdırmış ilk qadın çariça II Yekaterina Rusiyanı 1762-ci ildən 1796-cı ilə qədər idarə edib. O, 34 illk hakimiyyəti dövründə Rusiya imperiyasının ərazisini 2 dəfə, dövlət gəlirlərini isə 4 dəfə artırıb. Osmanlı ilə iki qalibiyyətli müharibə nəticəsində (1768-1774, 1787-1792) Krım yarımadası, Kuban regionu Rusiyanın tərkibinə qatılıb. Digər tərəfdən qərb qonşusu Reç Pospolitanın (indiki Polşa) Prussiya və Avstriya imperatorları ilə birlikdə bölüşdürülməsində iştirak edən II Yekaterina Belarus, Ukrayna və Baltikyanı torpaqlar hesabına ölkəsinin ərazisini genişləndirib.
Digər çarlar kimi o da mütləq rəhbər idi və Rusiyanı böyük güc etmək üçün Böyük Pyotr kimi islahatlar aparmışdı. Baxmayaraq ki, onun haqqında olan əhvalatlar siyasi fəaliyyətindən daha çox cinsi həvəsləri barədədir. Bununla belə cinsi həyatı ilə siyasi həyatı hədsiz dərəcədə bir-biri ilə əlaqəli idi.
Hərbi-diplomatik uğurlar fonunda II Yekaterina müasir elmi dildə “seksoqolizm” adı verilən cinsi mərəzdən əziyyət çəkirdi. Ömrünün son günlərinə qədər çariça gənc sevgililərinin əhatəsində olub. Tarixi sənədlərdə onun rəsmən 21 məşuqu rəsmiləşdirilib. Lakin təsadüfi münasibətlərdə olduğu kişilərlə birlikdə bu rəqəmin bir neçə yüzə çatacağı da aydındır.
Ümumiyyətlə, hökmdar qadın öz məşuqlarına qarşı son dərəcə diqqətli olub. Onun yatağını bölüşənlərin hamısı ya zadəgan titulu, ya torpaq sahələri, ya vəzifə, ya da böyük miqdarda pul mükafatı alıblar.
Əfsanə ŞƏRİF