
Dünya azərbaycanlılarının təşkilatlanmasını, diaspor fəaliyyətinin inkişafına və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına nail olmağı fəaliyyətinin başlıca məqsədinə çevirən Dünya Azərbaycanlıları Konqresi (DAK) XII qurultyaına hazırlaşır. İctimaiyyətə məlumat çatdırmaq məqsədi ilə bu gün təşkil etdiyi konfransda DAK rəhbərliyi öz fəliyyəti barədə media qarşısında açıqlama verib.
DAK-ın sədri Sabir Rüstəmxanlı bildirib ki, konqresin məqsədyönlü fəaliyyətindən və inkişafından qorxan bəzi qüvvələrin dəstəyi ilə DAK-ın adından istifadə edən təşkilatlar fəaliyyətlərindəki neqativ hallarla konqresi beynəlxalq aləmdə nüfuzdan salmaq istəyirlər.
S.Rüstəmxanlı deyib ki, aprelin 21, 22, 23–də Ukraynanın Donetsk şəhərində təşkil olunacaq qurultayda DAK-ın adına kölgə salan qondarma təşkilatların fəaliyyəti, güney azərbaycanlılarının hüquqlarının müdafiəsi və dünya azərbaycanlılarının qırılmaz kommunikativ əlaqəsini, fəaliyyət istiqamətləri müzakirə obyekti olacaq. Qurultayda Avropada nüfuza malik diaspor üzvləri də iştirak edəcəklər. Rüstəmxanlı vaxtilə müəyyən səbəblərdən DAK-dan ayrılaraq sonradan təşkilatlanan şəxsləri də vahid mənafe uğrunda fəaliyyətə səsləyib.
DAK sədri deyib ki, qarşıdakı qurultayın Ukraynada təşkil olunması yarana biləcək viza problemini də aradan qaldırmış olur. Beləliklə qurultayda iştirak etməyə mane olacaq səbəblər aradan qaldırılması əvvəlcədən düşünülüb.
Elçin AĞAYEV