Modern.az

Qəzetlərin adları necə yaranıb, ideyanı kim verib? - SİYAHI

Qəzetlərin adları necə yaranıb, ideyanı kim verib? - SİYAHI

29 Mart 2012, 17:10


Modern.az
saytı Kütləvi İnformasiya Vasitələrinin adları ilə  bağlı silsilə yazılara start verir. İlk mətbu orqan “Əkinçi” qəzeti olduğundan, biz də  birinci qəzetlərdən başladıq. Qəzet adlarının mənası və yaranma tarixini əks etdirən ilk yazını təqdim edirik.

“İki Sahil” - Baş redaktor müavini İsmayıl Hacıyev qazetin adının məhz “İki Sahil” olmasını Azərbaycanın iki yerə, şimal və cənuba  bölünməsi ilə əlaqələndirir: “O vaxtlar sərhədlər açılmamışdı, bir boşluq var idi və həmin dövrdə də cənubdan çoxlu yazılar verirdik. Bir neçə ad təklif olunsa da, sonda bu adın üzərində dayandıq”.

“Kaspi” - Baş redaktoru  Natiq Məmmədli  deyir ki, qəzet 1881-ci ildə çıxan eyni adlı nəşrin varisidir, ad da o zaman seçilib. Bu, Xəzər dənizinin rus dilindəki adı ilə bağlıdır. ““Kaspi” qəzeti tarixən Cənubi Qafqazın ən böyuk rusdilli nəşri olub, əsasən Xəzər dənizinin neft-qaz sənayesini işıqlandırıb, sonradan  mövzu dairəsi genişlənib, biz də həmin qəzetin varisi kimi 1999-cu ildə qəzetin adını götürdük  və eyni ad altında nəşr olunuruq”.

“525-ci qəzet” - Baş redaktor Rəşad Məcid qəzetin  adının mənasını belə açıqlayıb: “1992-ildə qəzet açılanda  onda bütün qazetlər məşhur adları götürmüşdülər, biz rəqəmlə ad qoymaq istəyirdik, əvvəlcə 2X2 qoymaq istədik, məlum oldu ki, o ad da qeydiyyatdan keçib. Sonra öyrəndik, 519 qəzet qeydiyyatdan keçib. Biz istəyirdik “555-ci qəzet” olsun,  yəni 3 dənə beş. Onu da gözləmək lazım olduğuna  görə, elə 525-ci şahadətnamə ilə   qeydiyyatdan keçdik və adımız da “525-ci qəzet” oldu”.

“Olaylar” -  Redaksiyadan verilən məlumata görə, qəzetin adı baş redaktor Yunus Oğuzun təklifi ilə qoyulub. Ortaq turkcəni yaratmaq məqsədilə qəzetin adı da məhz “Olaylar” olub.

“Səs” - Baş redaktor müavini Valeh Məhərrəmlinin sözlərinə görə, 1991-ci ilin  yanvarın 11-dən çıxan qəzet həmin vaxt “Əlincə” Xeyriyyə Cəmiyyətinin orqanı  olub. “Həmin cəmiyyət üzvləri o vaxtlar  sərhəd bölgələrinə gedib, əhaliyə kömək  edir, əsgərlərlə  görüşüb söhbət aparırdılar. Bundan sonra da  qəzetin adı belə qoyuldu, yəni, cəmiyyətin gördüyü işlərinin səsi Azərbaycana yayılsın”.

“Şərq” - Baş redaktor Akif Aşırlı qəzetin adının necə götürüldüyün  belə izah edir: “90-cı illərdə ölkədə yeni bir siyasi ab-hava yaranmışdı, mili-azadlıq hərəkatı prosesi gedirdi. O dönəmdə çox qəzet nəşr olunurdu və ümumən, qərbə bir axın var idi, qərb dəyərləri, qərb baxışları gündəmdə idi, şərqin gələcəyi baxımından hesab etdik ki, qəzetin adını “Şərq” qoyaq, çünki biz  şərq ölkəsiyik və şərq həmisə qərbə müəllimlik edib”. Qəzetin belə adlandırılması baş redaktorun öz ideyası olub.

”Xalq cəbhəsi” - Baş redaktor Elçin Mirzəbəyli: “Bu adın yaranmasında millət vəkili Qüdrət Həsənquliyevin rolu olub. O zaman qəzetin yaradıcıları düsünüblər ki, milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin ideyalarını yaymaq üçün belə bir qəzetin yaranmasına ehtiyac var, Xalq Cəbhəsi milli istiqlal mücadiləsində aparıcı rola malik olub, qəzetin məhz belə adalandırılması da burdan irəli gəlib. “Xalq cəbhəsi” xalqın bir cəbhədə, bir yerdə birləşməsi anlamını verir”.

“Bakı Xəbər” - Qəzetin adı baş redaktor Aydın Quliyevin ideyasıdır. Baş redaktor bu barədə belə deyib: “Müzakirələrdən sonra belə qərara aldıq ki, elə bir ad seçək ki, həmin adda həm xəbər yükünü ifadə edən söz olsun, həm də onun  çap olunduğu məkan ifadə edilsin”.

“Ekspress” - Baş redaktor Qəzənfər Bayramov: “Mən redaktor təyin olunanda qəzetin adı artıq “Ekspress” idi. Qəzetin adının  mənası fikri sürətli ifadə etmə, sürətli fikir deməkdir”.

“Üç nöqtə” - Redaksiyadan verilən məlumata görə, qəzetin belə adlandırılması baş redaktor Xoşqədəm Hidayətqızına məxsusdur. Uç nöqtə, yəni bunun davamı, ardı var...


Nihadə Eyyubova

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi