Xidmətin ərazi və regional Dövlət Yanğın Nəzarəti idarələrinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq struktur bölmələri ilə birgə hündürmərtəbəli yaşayış komplekslərində, iri ticarət obyektlərində “Şərti yanğın” həyəcan siqnalı verilərək, yanğın avtomobili cəlb edilməklə yanğın su hovuzlarının və hidrantların vəziyyəti, eləcə də yanğın avtomobillərinin su mənbələrinə yaxınlaşa bilməsi və ümumilikdə ərazidəki yanğına qarşı əməliyyat şəraitinin qiymətləndirilməsi məqsədilə təlim və maarifləndirmə işlərini davam etdirirlər.
Bu barədə Modern.az-a məlumat verən Fövqəladə Hallar Nazirliyinin (FHN) DYNX-nin şöbə rəisi daxili xidmət polkovniki Elnur Babayev bildirib ki, 2019-cu il ərzində respublika üzrə ümumilikdə 283 ünvanda, o cümlədən 129 yaşayış kompleksində, 33 iri ticarət müəssəsində və 121 insanların kütləvi toplaşdıqları digər müxtəlif təyinatlı obyektlərdə şərti yanğın həyəcanı verilərək əraziyə yanğınsöndürmə avtomobilləri çağırılıb:
“Vətəndaşlara yanğın baş verərkən davranış qaydaları, yanğınların faciəyə səbəb olmaması üçün görülməsi vacib olan ilkin tədbirlər izah olunub.
Rast gəlinən əsas çətinlik törədən səbəblərdən biri binaların girişində icazəsiz şlanqbaumların quraşdırılması, şəxsı nəqliyyat vasitələrinin harda gəldi park edilməsi səbəbindən yanğınsöndürmə avtomobillərinin su hovuzlarından su götürə bilməməsidir. Bununla bağlı binalardakı daxili yanğın kranlarının yanğın şlanqları və lülələri ilə tam dəstləşdirilməməsi, bəzi obyektlərin ilkin yanğınsöndürmə alət və vasitələrlə, o cümlədən odsöndürənlərlə təmin olunmaması, könüllü yanğın dəstələrinin yaradılmaması və yanğınların faciəyə səbəb olmaması üçün görülməsi vacib olan digər tədbirlər yanğın təhlükəsizliyinə cavabdeh şəxslərə izah edilib”.
“Tədbirlər zamanı əhali arasında təbliğat xarakterli maarifləndirici söhbətlər aparılıb, müşahidə edilən nöqsanlarla bağlı yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarına, polis idarələrinə, Mənzil Tikinti Kooperativləri və digər aidiyyəti müəssisə rəhbərlərinə müvafiq məzmunlu məktublar ünvanlanıb”,-deyə FHN rəsmisi bildirib.