““Azərbaycan” Nəşriyyatının təmiri zamanı heç bir köçürülmə prosesi olmayacaq. Əgər hər hansı qəzet redaksiyası köçərsə, bunu özləri bilərlər”. Bu barədə Modern.az saytına açıqlamasında nəşriyyatın direktor müavini Bəsti İsmayılova məlumat verib.
O bildirib ki, nəşriyyatın təmir prosesi hissə-hissə aparıldığı üçün bu orada fəaliyyət göstərən mətbu orqanların işinə heç bir təsir göstərməyəcək.
“İstənilən təmir vaxtı müəyyən narahatlıqlar olur. Ancaq burada təmir hissə-hissə aparıldığı üçün heç bir köçürülmə prosesi olmayacaq və qəzetlər öz fəaliyyətlərini davam etdirəcəklər”.
B.İsmayılova onlar tərəfindən heç bir köçürülmə olmadığını bildirib: “Əgər hər hansı mətbu orqan köçmək istəyərsə, bu onların öz işidir. Bunun müqaviləyə heç bir aidiyyatı yoxdur. Biz bir illik müqavilə bağlamışıq və bu müqavilə qüvvəsində qalır”.
Aytən ƏLİYEVA